Prezident: “Xarici borcu azaltmaq üçün xarici kreditləri çox ehtiyatla almalıyıq”

“Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 30-da Heydər Əliyev Mərkəzində keçirilən“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Onun sözlərinə görə, əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi.

Ancaq Prezident hesab edir ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il yüz mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir:

“Biz Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik. Hesab edirəm ki, bu da çox əlamətdar hadisədir. Çünki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləmişdir. Biz isə çalışdıq və buna nail olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir.

Deyə bilərəm ki, 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə – inkişaf edən ölkələr arasında inkişafa görə isə, – bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, – Azərbaycan birinci-ikinci yerləri bölüşür. Bax, budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət.

Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq, əlbəttə, belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha da sevindirir, eyni zamanda, bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyil göstərmirik. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir.

Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik.

Bir sözlə, hesab edirəm ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir. Xüsusilə bölgələrdə aparılan işlər də öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir. Bugünkü konfrans sayca 14-cüdür. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq qalaraq bu konfransı keçiririk. Burada mərkəzi, yerli icra orqanlarının rəhbərləri, aparıcı biznes qurumlarının nümayəndələri iştirak edirlər. Konfransın birinci hissəsindən sonra tədbir işinə davam edəcək. Əminəm ki, aparılacaq diskussiyalar və müzakirələr bu il ərzində görüləcək əlavə işlər haqqında fikir formalaşdırmağa imkan verəcək”.

Etikxeber.az

Read Previous

“Bu təhsil pilləsi üzrə ali məktəblərdə dərsliklərin hazırlanmasına az diqqət yetirilir”- KOMİTƏ SƏDRİ

Read Next

Bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır – ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir