“Prezidentimizin tapşırıq və qərarlarının həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq” – SƏFİR YAZDI

Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri cənab İlham Əliyevin 56 yaşı tamam olur. Doğum günü münasibətilə Möhtərəm cənab Prezidentimizi Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin əməkdaşları və şəxsən öz adımdan ürəkdən təbrik edirəm, ölkə başçımıza uzun ömür, möhkəm can sağlığı, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. 

Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət uğurla davam etdirilmiş, ölkəmiz surətlə inkişaf etmiş, xalqın rifahı dayanmadan artmış, Respublikamız regionda lider dövlətə çevrilmişdir. 
Həmin dövrdə enerji strategiyası gerçəkləşdirilmiş, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınmış, Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 2050-ci ilə qədər yeni kontrakt imzalanmış, nəhəng layihə olan “Cənub Qaz Dəhlizi” layihəsi istiqamətində mühüm işlər görülmüşdır. 

Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətli işlər aparılmış, qeyri neft sektorunun inkişaf dinamikasının artırılması məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye və digər sahələr təşviq edilmişdir.

Azərbaycanın əlverişli geo-siyasi məkanda yerləşməsindən məharətlə istifadə edən cənab İlham Əliyev, ölkəmizin regionda nəqliyyat qovşağına çevrilməsi üçün mühüm işlər görmüşdür. 30 oktyabr 2017-ci ildə Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilmişdir. Yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərədə tutulur ki, bu nəqliyyat dəhlizi vasitəsilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaqdır. Bütün bunlarla yanaşı Azərbaycan Çinin təşəbbüsü olan Bir Kəmər Bir Yol meqa layihəsini də dəstəkləmişdir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar danılmaz faktdır. Ölkəmizin dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar ilə əlaqələri genişlənmiş və möhkəmləndirilmişdir. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin 2012-2013-cü il üçün qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilməsi aparılan xarici siyasətin uğurunun bariz göstəricisidir. 

Azərbaycanın ağrılı məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəxlaq hüquq normaları əsasında həlli istiqamətində hərtərəfli fəaliyyət aparılmaqdadır. Ölkəmizin ədalətli mövqeyi demək olar ki bütün dünya dövlətləri tərəfindən dəstəklənir, Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər bir sıra ölklər tərəfindən soyqırım kimi tanınmışdır.

Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə üstünlük verən cənab Prezident, eyni zamanda, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılmasını da diqqət mərkəzində saxlayır. Görülmüş işlər nəticəsində Azərbaycan ordusu texniki bacarığı və texnoloji məharətinə görə güclü ordular sırasında qərarlaşmışdır. 2016-ci ilin aprel ayında Ermənistanın hərbi təxribatına layiqli cavab verilməsi, düşmən ordusunun qısa müddət ərzində darmadağın edilməsi Azərbaycan ordusunun potensialının gücünü sübut etmişdir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə olan siyasi imici, müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən və tolerantlıq simvolu olan Respublikamızda Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və bu kimi digər önəmli tədbirlərin keçirilməsinə zəmin yaratmışdır. Eyni zamanda, idman aləmində söz sahihibi olan ölkəmiz ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1”, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi etmişdir.

Cənab İlham Əliyev müsəlman ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. 2016-cı ilin fevralında dövlət başçımızın BƏƏ-yə rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi töhvə vermişdir. Cənab Prezidentin kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının artırılması istiqamətində verdiyi tapşırılıqlar və qərarlar nəticəsində Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirlikləri və Körfəz Əməkdaşlıq Şurası ölkələri bazarlarında artmış, bu ölkələrdən Azərbaycana səfər edən turistlərin sayında 40 dəfədən çox artım müşahidə edilmişdir. 

Prezidentimizin ətrafında sıx birləşən xalqımız əmindir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən çiçəklənəcək, inkişaf edəcək, işğal altında olan torpaqlarımız tezliklə erməni işğalından azad ediləcəkdir. Vətəni sevən hər bir azərbaycanlı kimi biz də böyük sevgi və həvəslə Prezidentimizin tapşırıq və qərarlarının həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq.

Daşqın ŞİKAROV,

Azərbaycanın Pakistandakı səfiri

Etikxeber.az

Read Previous

Bu gün İlham Əliyevin 56 yaşı tamam olur – FOTOSESSİYA

Read Next

“İlham Əliyev siyasəti, idarəçiliyi hələ uzun illər davam edəcək” – YUSİF BABANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir