Prezidentlə Birinci vitse-prezident ağacəkmə aksiyasında – FOTOLAR – YENİLƏNİB

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak etdilər.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 67 hektar sahənin təmizlənərək bərpa edilməsi, kollektor-drenaj sisteminin qurulması işləri uğurla icra olunub. Ümumilikdə, indiyədək bu ərazidə yerli iqlim şəraitinə uyğun 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkdilər.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə, ümumilikdə, 3250 ağac əkildi. Ağaclar əraziyə çəkilmiş müasir, avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır. Suvarma üçün su isə Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğularda təmizləndikdən sonra suvarmaya ötürülür. Damcılı suvarma sisteminin elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş Elektrik Stansiyası hesabına təmin ediləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aksiyada iştirak edən gənclərlə görüşdülər. Dövlətimizin başçısı gənclərə ekoloji durumun yaxşılaşdırılması ilə bağlı gördüyü işlərə görə təşəkkürünü bildirdi. Azərbaycan gənclərinin çox önəmli sosial-ekoloji layihələr icra etdiyini deyən dövlətimizin başçısı Bakının daha da gözəlləşdiyini, yaşıllaşdığını vurğuladı.

Azərbaycan dövləti ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsinə həmişə xüsusi diqqətlə yanaşır. Ölkəmizin zəngin flora və faunasının qorunması, ekoloji durumun daha da yaxşılaşdırılması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyev bütün dövrlərdə çox böyük işlər görüb. Ümummilli Liderin əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini, həmçinin insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Dövlətimizin başçısı tərəfindən 2010-cu ilin ölkədə “Ekologiya ili” elan edilməsi isə bunun bariz nümunəsi olmaqla yanaşı, bir daha sübut edir ki, Azərbaycanda ekoloji siyasətə xüsusi diqqət ayrılır.

Prezident İlham Əliyev neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ölkədə ciddi əməli işlər görülüb, milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb, yaşıllıqların miqyası isə ildən-ilə daha da artırılıb. Bütün bu məqsədyönlü layihələr ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir.

Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

aqac-1

aqac-2

aqac-3

aqac-4

aqac-5

aqac-6

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə ötən bir ili necə dəyərləndirdi? – BAXIŞ

Read Next

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir