Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib.
O,“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib.
Etikxeber.az xəbər verir ki, dövlət başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələr dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.
Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyirici – boyaq” fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin İsmayıllı filialı da bu sırada mühüm yerlərdən birini tutur.
Məlumat verildi ki, müəssisənin binasının inşasına 2016-cı ildə başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1252,88 kvadratmetr olan binasında 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.
Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.
İşçilər ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Prezident İlham Əliyev toxunmuş xalçanı kəsdi.
Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Qeyd olundu ki, müəssisədə çalışan toxucular İsmayıllı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.
Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.
Dövlətimizin başçısı müəssisənin kollektivinə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
***
İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2×16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. İsmayıllı rayonunda da energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı prioritet məsələlərdən olub. İsmayıllı Elektrik Şəbəkəsinin xidməti ərazisində son üç ildə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, inkişafda olan turizm, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, üç kəndin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da İsmayıllı Elektrik Şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər ciddi şəkildə azalıb.
Diqqətə çatdırılıb ki, bu sahədə işlər hazırda da davam etdirilir. Yaxın perspektivdə 110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyasının yenidən qurularaq 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, 35/10 kilovoltluq “Ağçay” yarımstansiyasının tikilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasını işə saldı.
Məlumat verildi ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tamamilə yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhərinin və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə yetirilir.
Bildirildi ki, rayonun Topçu, Buynuz, Sumağallı, Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılan obyektlərin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 110/35/10 kilovoltluq 10 MVA gücündə “Topçu” yarımstansiyası inşa edilib. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə təxminən 1200 abonentin elektrik təchizatı həyata keçirilir. Yarımstansiyanın fəaliyyətə başlaması üçün işlər davam etdirilir. İsmayıllı rayonunun Basqal qəsəbəsinin və ətraf kəndlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 35/10 kilovoltluq 2,5 MVA gücündə “Yeni Basqal” yarımstansiyası da inşa edilib və istismara verilib. Yarımstansiyanı qidalandıran 35 kilovoltluq “Basqal” hava xəttinin 2,3 kilometrlik hissəsi əsaslı təmir olunub, 5,5 kilometrlik hissəsi isə yeni çəkilib.
Qeyd olundu ki, İsmayıllı Elektrik Şəbəkəsində 23 min 403 abonent mövcuddur. Onlardan 21 min 382-si əhali, 2021-i isə qeyri-əhali qrupuna aiddir.
Sonda xatirə şəkli çəkdirildi.
***
İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində həmçinin, Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.
Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir. İki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.
Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Bu cür layihələrin icrası ümumilikdə kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına töhfə verir, sakinlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin edir. Avtomobil yolunun inşası 1200 əhalisi olan 4 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.
Sonda xatirə şəkli çəkdirildi.
***
İham Əliyev İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında da iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Bəşir Quliyev aqroparkda görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdilər.
Son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan dövlət proqramları nəticəsində dövlət tərəfindən hərtərəfli dəstək alan sahibkarlar yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradırlar. Bununla da, ölkəmizin iqtisadi potensialı artır, özəl sektor inkişaf edir və ən əsası işsizlik problemi aradan qaldırılır. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Dövlətimizin başçısının yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Fərmanla aqroparkların yaradılması məhz bu problemlərin aradan qaldırılmasına yönəlib. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara stabil və etibarlı çıxışını təmin etməyə əlverişli şərait yaradır. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur. İndiyə qədər aqroparkların yaradılması üçün dövlət dəstəyi hesabına infrastruktur, o cümlədən su, elektrik, qaz və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 218 milyon manatdan çox investisiya qoyulub. Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Yeni aqroparklardan biri də İsmayıllı rayonunun Kürdmaşı kəndində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkdır.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Bildirildi ki, ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir. Aqroparkda cari ildə 120 hektar buğda, 120 hektar kartof və 96 hektar qarğıdalı əkilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 2 su anbarı inşa edilib, su və elektrik xətləri çəkilib, ilkin olaraq 90 hektar sahədə müasir pivot suvarma sistemi qurulub, müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqatlar alınıb.
Prezident İlham Əliyevə aqroparkda kartof tədarükü və çeşidləmə prosesi, kompleksin elektron idarəetmə sistemi barədə məlumat verildi.
Qeyd olundu ki, aqroparkın 3 min ton tutumu olan soyuducu anbar kompleksi məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılmasına imkan verir. Anbarda gücü saatda 15 ton çeşidləmə və gücü saatda 10 ton olan paketləmə xətləri quraşdırılıb. Bu avadanlıq hesabına sahədən yığılan ekoloji təmiz məhsullar ölçülərinə görə çeşidləndikdən sonra paketlənərək aqroparkın soyuducu anbar kompleksində saxlanılır və əsasən qeyri-mövsüm dövründə satışa çıxarılır. Kartofçuluq üzrə ixtisaslaşan aqroparkda il ərzində təqribən 2,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunaraq “İsmayıllı Tərəvəzləri” brendi altında yerli və xarici bazarlarda satışa çıxarılacaq.
Bildirildi ki, aqroparkda Almaniyadan və Hollandiyadan gətirilmiş super elit və elit toxumlardan ölkəmizin müxtəlif regionlarının iqlim şəraiti və torpaq strukturuna uyğun yüksək keyfiyyətli toxumların yetişdirilməsi nəzərdə tutulur. Növbəli əkin sisteminin tətbiqi, eləcə də düzgün aqrotexniki qaydalara riayət olunmaqla aqroparkda yüksək keyfiyyətli kartof sortları əkilir ki, bu sortlar üzrə hər hektara orta məhsuldarlıq 45-50 ton təşkil edir.
Qeyd edək ki, respublika üzrə ötən il 2016-cı illə müqayisədə kartof istehsalı 1,3 faiz artaraq 913,9 min ton, ixracı 51 faiz artaraq 57,7 min ton, idxalı isə 11,7 faiz azalaraq 168,8 min ton təşkil edib. Gələcəkdə aqroparkda məhsul istehsalının 3 dəfə artırılması, soyuducu anbar kompleksinin 15 min tona çatdırılması və bitki yağları istehsalı sahəsinin yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 24 nəfər işlə təmin olunub.
Hazırda ölkənin 30 rayonu üzrə 192,2 min hektar ərazidə dəyəri 1,4 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu il istifadəyə verilən aqroparkların sayının 14-ə çatdırılması planlaşdırılır.
***
İlham Əliyev eyni zamanda, İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, ölkədə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni heyvandarlıq kompleksləri yaradılır. Respublikada ət və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədilə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 264,1 milyon manat olan 49,9 min başlıq 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən 9 heyvandarlıq kompleksinin yaradılmasına ümumi dəyəri 68,4 milyon manat olan investisiya təşviqi sənədi verilib ki, nəticədə qənaət olunmuş 746 min manat vəsait sahibkarlar tərəfindən həmin layihələrin icrasına yönəldilib. Ölkədə müasir heyvandarlıq komplekslərinin yaradılması nəticəsində xaricdən yüksək məhsuldar cins heyvanlar gətirilərək əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının daha yüksək səviyyədə ödənilməsi təmin edilir. 2009-cu ildən indiyədək ölkəyə “Aqrolizinq” ASC vasitəsilə 29,9 min baş yüksək məhsuldarlığa malik cins heyvanlar gətirilib. Ölkədə 2017-ci ildə ət istehsalı ötən illə müqayisədə artaraq 133 min ton, süd istehsalı isə 2024 min ton olub. Yeni yaradılan heyvandarlıq təsərrüfatlarından biri də İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksidir.
İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Zöhrab Aslanov kompleksdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.
Şahin Mustafayev dövlətin güzəştli kreditləri hesabına yaradılan heyvandarlıq kompleksləri barədə danışarkən qeyd etdi ki, indiyə qədər yaradılan cins heyvandarlıq komplekslərinin sayı 27-yə çatıb. Bu müəssisələrin illik istehsal gücü 150 min ton süd və 6 min ton ət təşkil edir. Bu il istifadəyə verilməsi nəzərdə tutulan 4 heyvandarlıq kompleksində isə 6600 cins heyvan saxlanılacaq. Həmin müəssisələrin illik istehsal gücü isə 11 min ton süd, 2 min ton ət olacaq.
Bildirildi ki, müasir texnologiyaların tətbiqinə əsaslanan kompleksin birinci mərhələsi üzrə işlərin görülməsinə 9,5 milyon manat investisiya qoyulub ki, bunun da 3,5 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Bundan əlavə, kompleksə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib və nəticədə xeyli vəsaitə qənaət olunub. Kompleksin tərkibinə 1000 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.
Prezident İlham Əliyevə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq gətirilmiş “Holstein Friesian” cinsindən olan inəklər, kompleksdə yeni doğulmuş buzovlar, İsveçin “DeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları, Almaniya və Hollandiya istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verildi.
Qeyd edildi ki, kompleksə gətirilmiş 99 baş “Holstein Friesian” cinsindən olan boğaz düyədən əlavə, bu ilin sentyabr və noyabr aylarında 201 baş cins düyənin gətirilməsi və gələcəkdə heyvanların baş sayının 1600-ə çatdırılması nəzərdə tutulur. Heyvandarlıq kompleksində bu sahədə dünya liderlərindən olan İsveçin “DeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları quraşdırılıb. Bu sistem hər bir cins heyvana fərdi yanaşmaqla, onların yaşı, çəkisi, yem rasionu, süd verimi, sağlamlıq vəziyyəti və digər məlumatları xüsusi çiplərdə toplayaraq kompleksin səmərəli idarə olunmasına imkan verir. Belə ki, heyvanların yemlənməsi və sağılması zamanı çiplər vasitəsilə yığılan məlumatlar xüsusi proqramda toplanılaraq hər bir heyvan üzrə gündəlik yem norması müəyyən olunur, sağlamlıq vəziyyəti təhlil edilir. Sistemin daha bir xüsusiyyəti hər bir cins heyvan üçün qüvvəli yemin müəyyən olunmuş vaxtda və miqdarda avtomatlaşdırılmış qaydada verilməsidir. Ferma binalarında quraşdırılmış pərdələr havanın temperaturuna, rütubətlilik səviyyəsinə və günəşin düşmə bucağına görə avtomatik olaraq tənzimlənir. Bundan başqa, fermaların daxili temperaturunun tənzimlənməsi məqsədilə su ilə sərinləşdirilən avtomatik idarə olunan pərlər quraşdırılıb. Bütün bunlar cins heyvanların südünün kəmiyyətinin və keyfiyyətinin artırılmasına imkan verir.
Diqqətə çatdırıldı ki, heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq məhsullarının həcminin artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biri də yerli istehsal hesabına davamlı yem bazasının yaradılmasıdır. Bu məqsədlə kompleks tərəfindən qüvvəli və qaba yemə olan tələbatın ödənilməsi üçün cari ildə 500 hektar sahədə arpa və yonca əkilib, 2,1 min ton silos ehtiyatı yaradılıb. Gələcəkdə əkin sahələrinin 800 hektara çatdırılması nəticəsində kompleksin yem tələbatının tam daxili imkanlar hesabına təmin edilməsi, eləcə də ət və süd məhsullarının emalı sahələrinin yaradılması nəzərdə tutulur. Belə ki, kompleksin daha mənfəətlə fəaliyyət göstərməsi məqsədilə gündəlik emal gücü 10 ton süd və 1 ton ət olan emal sahələrində istehsal ediləcək ekoloji təmiz məhsullar “AZZA” brendi adı altında şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq.
Qeyd olundu ki, layihənin icrası nəticəsində 14 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin 70-ə çatdırılması nəzərdə tutulur.
***
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər edib.
Onlar səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.
Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı ölkədə işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.
Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarmışdı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Bu istiqamətdə “Şirvan şərabları” MMC-nin gördüyü işlər təqdirəlayiqdir.
“Şirvan şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlətimizin başçısına və xanımına kompleks barədə məlumat verdi. Bildirildi ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Kompleksin girişində yük və minik avtomobilləri üçün nəzarət-buraxılış məntəqələri var. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaqdoldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axıdılması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Zavodun işçi heyəti üçün ofis, yeməkxana və yataqxana binası inşa olunub.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə üzümçülüyün inkişafına xüsusi diqqət göstərilirdi. Bunun nəticəsi idi ki, 1984-cü ildə respublika büdcəsi gəlirlərinin 40 faizə yaxını üzümçülük və şərabçılığın hesabına təmin edilirdi. Həmin dövrdə 254 min hektar üzüm bağlarından 2 milyon 164 min ton məhsul yığılmışdı. Bu, SSRİ-də istehsal olunan üzümün 30 faizinə bərabər idi. Həmin dövrdə Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. 26 min hektar üzüm plantasiyası olan rayonda ildə orta hesabla 240 min tondan çox üzüm toplanırdı.
Müəssisənin istehsal prosesi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Şamaxıda üzümçülüyün inkişafına yenə xüsusi diqqət göstərilir. 2014-cü ildə üzüm bağlarının salınması və arqonik bioşərab istehsalı məqsədilə yaradılan “Şirvan şərabları” MMC-nin fəaliyyəti bu sahədə diqqəti cəlb edir.
Fransız texnoloq Jan Montane bildirdi ki, 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Bir il sonra – 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib. İlk məhsul ötən il götürülüb. 233 min 379 ton üzüm yığılıb, bu məhsuldan 142 min 900 litr üzüm şirəsi sıxılıb və “Meysəri” markası ilə “Sədəf”, “Mərcan” və “Məxməri” adlı şərablar istehsal olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk məhsulları imzaladılar.
Bildirildi ki, 2017-ci ildə 40 hektardan çox, bu il isə 35 hektardan çox sahədə növbəti üzüm bağları salınıb. Gələn il daha 44 hektar sahədə yeni bağların salınması və üzüm sahələrinin 200 hektara çatdırılması nəzərdə tutulub. Üzümlüklərin 40 faizini ağ, 60 faizini isə qırmızı üzüm sortları təşkil edəcək. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub. Onu da deyək ki, kompleksin ərazisində yaşıllıq zolağı salınıb, 1000-dən çox müxtəlif növ ağac və kollar əkilib, süni göl yaradılıb. Müəssisəyə məxsus, üzüm əkini üçün relyef baxımından əlverişsiz olan 34 hektardan çox sahədə müxtəlif meyvə ağacları əkilib.
Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.
Müəssisənin işçisi Zahir Əliyev göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
Etikxeber.az