Prezidentliyə namizəddən Şeyxə və ziyalılara çağırış: SUSMAYIN! – YENİLƏNİB – (6)

Milli Məclisin (MM) martın 16-da növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasda hökumətin – Nazirlər Kabinetinin növbəti hesabatı dinlənilir.

meclis-oqtayyyyy

İclası açan spiker Oqtay Əsədov qeyd edib ki, ölkə prezidentinin uğurlu iqtisadi inkişaf strategiyası ölkədə makroiqtisadi sabitliyi qoruyub-saxlamağa imkan verib:

“Azərbaycan xalqı 2017-ci ildə sabit və təhlükəsiz şəraitdə yaşayıb. Ölkədə sistemli islahatlar uğurla davam etdirilib. Aparıcı təşkilatlar, reytinq mərkəzləri bu uğurları yüksək qiymətləndirib. Ölkə iqtisadiyyatına 17 milyard investisiya qoyulub”.

***

Sonra hesabatla baş nazir Artur Rasi-zadə çıxış edib.

Baş nazir çıxışında qeyd edib ki, ölkədə adambaşına düşən gəlir 7,2 dəfə artıb. Onun sözlərinə görə, ölkədə qazlaşdırma səviyyəsi son 14 ildə 51 faizdən 93 faizə çatdırılıb. O nəzərə çatdırıb ki, ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birgə danışıqlar yekunlaşıb və Azərbaycan üzrə sərfəli olan 2050-ci ilə qədər uzadılıb: “Əhalinin elektrik enerji ilə təminatı siyasətimizin əsas prioriteti olub, yeni stansiyalar istifadəyə verilib, 50 min km-ə yaxın elektrik xətləri çəkilib. Ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye sahələri də yaradılıb, qeyri-neft sektorunun inkişafı üçün sənaye parkları, kompleksləri yaradılıb.Son 14 il müasir tələblərə cavab verən yeni müəssisələr istifadəyə verilib. Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin edilməsini ölkənin əsas prioritet hədəflərindən birinə çevirib. Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul edilib”.

 

***

Baş nazir həmçinin deyib ki, son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əməkhaqqı 6,8 dəfə artıb.

A. Rasi-zadənin dediyinə görə, bu müddətdə 1 mln. 900 mindən çox iş yeri açılıb: “Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib”. A.Rasizadə qeyd edib ki, neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.

O, sonra Qarabağ münaqişəsinə toxunub və qeyd edib ki, münaqişənin həllində ciddi dönüşə nail olunmayıb.

Onun sözlərinə görə, ordu quruculuğu ilə bağlı vəziyyət hər gün ölkə prezidentinin diqqətinə çatdırılır.

Baş nazir qeyd edib ki, münaqişənin həllində Azərbaycan sülh danışıqlarına üstünlük versə də, ölkənin ordu quruculuğu gündən-günə gücləndirilir.

Prezident seçkilərindən də danışan baş nazir Azərbaycan xalqının düzgün və müdrik seçim edəcəyini, ən layiqli namizədə səs verəcəyini bildirib.

***

Millət vəkili Əli Məsimli çıxışında deyib ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının daralmasına son qoyuldu. İqtisadiyyatda 0,1 faizlik olsa da, müsbət göstərici qeydə alındı.

O, hesab edir ki, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün banklarla bağlı siyasətə yenidən qayıdılmalıdır: “Bankların sağlamlaşdırılması siyasəti təkcə “Beynəlxalq Bank”la məhdudlaşdırılmamalıdır. Bütövlükdə banklar bu siyasətin tərkibinə daxil edilməlidir.Mənası, əhəmiyyəti olmayan layihələrin icrasını dayandırıb bankları daha əhəmiyyətli layihələrin icrasına yönəltmək lazımdır”. O, eyni zamanda, çıxışının sonunda hökuməti süni qiymət artımının qarşısını almaq üçün daha ciddi addımlar atmağa səsləyib.

***

Millət vəkili Elmira Axundova çıxışı zamanı bildirib ki, qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Millət vəkilinin dediyinə görə, lakin hələ də əvvəlki illərdə hesablanan 1500 manat məbləğ təklif olunur:“Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.

E.Axundova bildirib ki, belə təcrübədən artıq istifadə olunub: “Bildiyimə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar.  O ki qaldı nisbətən böyük evlərin sahiblərinə, yəni evinin sahəsi 60-80 kvadrat metrdən yuxarı olanlara, onlara verilən kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır”. E. Axundovanın fikrincə, bu, sosial cəhətdən ədalətli olardı.

***

zahiddd

PREZİDENTLİYƏ NAMİZƏDDƏN ŞEYXƏ, ZİYALILARA ÇAĞIRIŞ

“Ölkədəki sabitlik, hamı kimi, məni də sevindirir. Amma məni sakitlik qane etmir”.

Bunu deputat Zahid Oruc  çıxışı zamanı deyib.

O, xaricdən müxtəlif kəşfiyyat xidmətləri tərəfindən idarə olunan dairələrin media üzərindən qurulan və yönləndirilən fəaliyyətinə toxunub. Bildirib ki, həmin dairələr təhqiri Azərbaycan siyasətinin tərkib hissəsinə çevirmək istəyirlər: “Mən üzümü hörmətli Şeyximizə tuturam. O, həmişə dövlətin yanında olub. Ancaq din həmişə dövlətdən ayrı olub və belə də olmalıdır. Bununla belə, din dövlətsiz, dövlət də dinsiz ola bilməz. Ona görə də Şeyx başda olmaqla, din adamlarımızı, inanclı insanlarımızı bu qaralama, təhqir kampaniyasına qarşı cavab verməyə səsləyirəm.Eyni zamanda, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri bu təhqir kampaniyasına qarşı mübarizə aparmalıdır. Bu hamımızın vətəndaşlıq borcudur”. Millət vəkili çıxışında seçkilərdən sonra hökumətin prosedura uyğun olaraq istefaya gedəcəyini dilə gətirib. Və yeni formalaşdırılacaq hökumətə uğurlar arzulayıb.

***

Deputat Fazil Mustafa isə bildirib ki, ötən il nazirliklərin binasının təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib.

Onun dediyinə görə, əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik.Deputat vurğulayıb ki, bu gün hərbçilərin evində məcburi köçkünlər yaşayır: “Biz müharibə şəraitində yaşayan ölkəyik. Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həll edilsin”. F. Mustafa təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib:“Bu iki sosial sahə arasında fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa, təklif edirəm ki, diaqnostik qiymətləndirmə və yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilsin. Həmçinin deyə bilərəm ki, bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.

***

Deputat Azər Badamov  öz növbəsində Bakı şəhərində tıxac problemini aradan qaldırmaq üçün göydələnlərin tikintisinə məhdudiyyət qoyulmasını təklif edib.

A.Badamov bildirib ki, Bakıda göydələnlərin sayının çoxalması yenidən tıxac problemini gündəmə gətirir:

“Ona görə hesab edirəm ki, bu problem həll etmək üçün şəhərin mərkəzində göydələnlərin tikintisinə məhdudiyyət qoyub, Bakıətrafı boş ərazilərdə yeni yaşayış massivlərinin, qəsəbələrin salınmasına başlanılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Hökumət parlamentarilər qarşısında

Read Next

“Kompensasiya 2000 manata çatdırılmalıdır…” – AXUNDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir