“Problemlərin öhdəsindən birlikdə gələ bilərik” – SƏMƏD SEYİDOV – PARLAMENTDƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ – YENİLƏNİB – FOTOLAR

Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclası keçirildi. 

Etikxeber.az xəbər verir ki, iclasa sədrlik edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, bu cür tədbirlər xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki dünyada getdikcə artan problemlərin öhdəsindən ancaq birlikdə gələ bilərik. Artıq ölkələrimiz beynəlxalq təşkilatlarda vahid komanda şəklində iştirak edirlər.Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolu bizim üçün yol xəritəsidir.

Səməd Seyidov diqqətə çatdırdı ki, Milli Məclisdə dünyanın 70-dən çox parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. Türkiyə və Gürcüstanla parlament dostluq qrupu onların içərisində ən böyük qruplardandır.

Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanım Sofio Katsarava bildirdi ki, bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Sofio Katsarava bildirdi ki, bizim ölkələr Avropa və Asiya arasında körpü rolunu oynayır. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulmuş sahələrin sayının artırılması vacibdir. 

Xanım deputat diqqətə çatdırdı ki, Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək fikrindədir. Bunun üçün də parlament diplomatiyasının imkanlarından istifadə olunmalıdır.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır bildirdi ki, regionda və dünyada sabitlik üçün bu üç ölkənin münasibətləri digər ölkələrə çağırış mesajıdır. Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına maneə törədir. Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə inanır.

spikerr-2

Sonra çıxış edən hər üç ölkənin deputatları Sevinc Fətəliyeva, Zviad Dzidziquri, Ahmet Yılmaz, Sahibə Qafarova, Cavanşir Feyziyev, Yunus Emre, Tahir Mirkişili və başqaları  belə birgə iclasların əhəmiyyətindən danışdılar.

***

Milli Məclisdə  həmçinin, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdülər.

Nümayəndə heyətinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava başçılıq edirdi.  Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə qurulduğunu qeyd etdi, müstəqillik dövründə dostluq və əməkdaşlıq əlaqələrimizin uğurla davam və inkişaf etdiyini vurğuladı.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri parlamentlərarası əlaqələrin daha intensiv xarakter daşıdığını bildirdi.  Ölkələrimiz arasında əməkdaşlığın durmadan genişləndiyini qeyd etdi. Vurğuladı ki, biz Azərbaycanla dostluğun qədrini-qiymətini yaxşı bilirik.

Nümayəndə heyətinin başçısı, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava Azərbaycana bu ilk rəsmi səfərinin davamlı olacağına ümid ifadə etdi. Həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə deputatlarımızın çox səmərəli əməkdaşlıq etdiyini bildirdi.

Minnətdarlıqla qeyd etdi ki, biz bütün məsələlərdə Azərbaycanın dəstəyini hiss edirik və qiymətləndiririk. Vurğuladı ki, Gürcüstanla Azərbaycan bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirdir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq sülhün əsas dəstəkləyici amillərindən biridir” – SPİKER – FOTO

Read Next

“Qarabağ”-“Partizani” və “Neftçi”-“Speranta” görüşünü idarə edəcək hakimlər müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir