Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayip Ərdoğan Çinin Xançjou şəhərində iki ölkə arasında hərtərəfli əməkdaşlığın bərpası və energetika sahəsində əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Etikxeber.az APA-ya istinadən xəbər verir ki, “yenidən görüşmək, sizin Sankt-Peterburqa səfəriniz zamanı əldə etdiyimiz razılaşmaların icrasını müzakirə etmək imkanından məmnunam” – deyə, Putin görüşün əvvəlində türkiyəli həmkarına bildirib. “Əlbəttə, bütün istiqamətlər üzrə tamformatlı əməkdaşlığın bərpa olunması üçün hələ çox iş görülməlidir. Biz məhz bunlar barədə bu gün danışacağıq”, – deyə Putin əlavə edib.
Ərdoğan da öz növbəsində, prezidentlərin Sankt Peterbuq görüşünün gündəliyində yer alan ikitərəfli əməkdaşlığa dair bütün məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
“Energetika mövzusunda da məsələləri müzakirə etmək mümkün olacaq, çünki bu sahədə müəyyən inkişaf müşahidə olunur”- deyə, Ərdoğan bildirərək, bu sahədə irəliləyişə nail olmaq üçün lazımi addımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, görüşdən əvvəl Putin və Ərdoğan bir-biri ilə və hər iki ölkənin nümayəndə heyətinin hər bir üzvü ilə əl sıxıblar.
Danışıqların protokol hissəsinin xoş mühitdə keçdiyi qeyd olunur. Belə ki, Ərdoğan görüş iştirakçıları arasındakı Türkiyənin Milli Kəşfiyyat Xidmətinin rəhbərini təqdim edərkən, Putin zarafat edib: “Əgər kəşfiyyat xidmətinin rəhbəri buradadırsa, bizim danışıq aparmağa nə gərək var? O, çox güman ki, sizə hər şeyi artıq məruzə edib”.
Etikxeber.az