Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkədə tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərdə bunlardan istifadə edənlər üçün xüsusi yerlərin ayrılması ilə bağlı tələb aradan qaldırılır.
Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin (MM) Əmək və Sosial siyasət komitəsinin noyabrın 24-də keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə üçüncü oxunuşunda edilən düzəlişlərlə bağlı məsələ müzakirəyə çıxarılıb.

Sözügedən komitənin sədri, professor Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verərək, edilməsi nəzərdə tutulan düzəlişə ehtiyac duyulduğunu bildirib.
Sonra parlamentin Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev bildirib ki, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində ikinci oxunuşdan fərqli olaraq, üçüncü oxunuşda idarə, təşkilat, müəssisə və iaşə obyektlərində xüsusi yerlərin yaradılması üçün qoyulan tələb ləğv olunur:
“Yəni, onlar istəsələr yarada bilərlər, istəməsələr yox… Bu, artıq onların qarşısında şərt kimi qoyulmayacaq. Bu düzəlişə səbəb bir sıra yerdə tütündən istifadə üçün xüsusi yerlərin yaradılmasına şərait olmamasıdır”.
A. Vəliyev eyni zamanda bildirib ki, üçüncü oxunuşda digər düzəliş tütün məmulatlarının lotereya oyunlarında mükafat kimi verilməsinin qadağan edilməsidir:
“Bəzi həvəsləndirici lotereya oyunlarında mükafat kimi tütün məmulatlarının verilməsinin qadağan edilməsi də düzəlişlərdə əksini tapıb. Düzəlişlərə əsasən həmçinin tütün məmulatları şirkətlərinin xeyriyyəçilik missiyasına icazə verilir. İkinci oxunuşda sponsorluqla yanaşı, xeyriyyəçilik də qadağan idi. Amma biz Türkiyə təcrübəsini əsas götürərək xeyriyyəçiliyə icazə verilməsi qərarına gəldik”.
Qeyd edək ki, tütün məmulatlarından istifadəyə qarşı tədbirlərin görülməsi üçün bələdiyyələrə də yeni səlahiyyət verilir.
Yəni, bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması üçün tədbirlər görəcək.

***
Bununla yanaşı iclasda “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Adıçəkilən layihələr barədə də H. Rəcəbli məlumat verərək bildirib ki, “Həmkarlar İttifaqları haqqında” qanuna edilən dəyişikliyə əsasən, artıq sırf Həmkarlar İttifaqına üzv olan təşkilatlar üzvlük haqqı yığıb ödəyə biləcək:
“Belə ki, indiyədək quruma üzv olmayan təşkilatlardan üzvlük haqqının yığılması məcburi olmayacaq. Qeyd edim ki, “Məşğulluq haqqında” qanuna da buna uyğunlaşdırıcı dəyişiklik edilir”.
O, sonra deyib ki, Əmək Məcəlləsinə isə texniki dəyişiklik müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihələri MM-in plenar iclasa tövsiyə olunub.
Etikxeber.az





