Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İraqın Mosul şəhəri ətrafında aparılan hərbi əməliyyatlar illərdir ki, İŞİD tərəfindən qətliama məruz qoyulan türkmən əhalinin durumunu daha da ağırlaşdırıb. Türkmən liderlər Azərbaycana da müraciətlə müharibə dəhşətlərini yaşayan mülki əhaliyə yardım göstərilməsini xahiş edirlər.
Gununsesi.info-nun “Yeni Müsavat”a istinadən məlumatına görə, deputat, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva adıçəkilən qəzetin ötən saylarındakı müsahibəsində türkmən qardaşlarımıza yardım etməklə bağlı təkliflərini vermişdi. Həmçinin deputat həmkarı, “Qızıl Aypara” Cəmiyyətinin prezidenti Novruz Aslanla bu barədə müzakirələr aparacağını bildirmişdi.
Bəs “Qızıl Aypara”nın rəhbərliyi vəziyyətlə bağlı nələri düşünür? N.Aslanla bu barədə danışdıq.
– İki il bundan qabaq bir yardım kampaniyası keçirilmişdi və millət vəkilləri, elə mən də, Qənirə xanım da iştirak etdik. O zaman biz Suriyanın “Qızıl Xaç”ına yardım göndərdik. Bu təkliflə bağlı isə gərək biz müzakirə edək, baxaq. Ehtiyac olsa, biz belə bir kampaniya keçirə bilərik.
– Amma bu gün İraqdakı türkmən əhali acınacaqlı durumdadır. Türkmən liderlər də Azərbaycan və Türkiyədən ciddi dəstək gözlədiklərini deyirlər. Sizin cəmiyyət necə, türkmənlərə yardım göndərə bilərmi?
– “Qızıl Aypara” Cəmiyyətinin xətti ilə olduğuna görə biz milli, irqi və dini fərq qoya bilmərik. Ona görə də o zaman toplanmış yardımları Suriya “Qızıl Xaç”ına göndərdik. İndi Qənirə xanım bu ideyanı verib, mən də onu dəstəkləyirəm. Amma biz digər insanlarla da məsləhətləşəcəyik. Gərək elə etməyək ki, kampaniya elan olunsun və orada istəmədiyimiz, bizə layiq olmayan məbləğ yığılsın.
Biz gərək əvvəlcə baxaq, görək bu kampaniyanı dəstəkləyən iki nəfərdən başqa qüvvələr varsa, onda bu kampaniyaya başlaya bilərik. Ona görə də gərək əvvəlcə biz bir sosial sorğu keçirək. Həm də vacib deyil ki, kampaniya “Qızıl Xaç” və ya “Qızıl Aypara”nın xətti ilə keçirilsin. Özü də biz artıq bunu etmişik.
Ona görə də əgər millət vəkilləri istəyirlərsə, kampaniya keçirsinlər, mən də onlara qoşulum. Amma əgər bu “Qızıl Aypara” Cəmiyyətinin xətti ilə olacaqsa, biz artıq onlara yardım etmişik, həm Türkiyə, həm də Suriya “Qızıl Ayparası”na yardım etmişik.
Gərək biz federasiya ilə məsləhətləşək, mümkün olarsa, biz də yardım göstərərik. Dediyim kimi, kampaniya olsa, mən də millət vəkili kimi qoşulacağam və fərdi qaydada maddi yardım edəcəyəm. Məsələn, sabah sizin qəzet bu kampaniyanı başlatdığını elan etsə, bilin ki, artıq iki nəfər kampaniyada iştirak edən adamınız var – Qənirə xanım və Novruz Aslan. Kampaniya elə məsələdir ki, gərək öncə ölçüb-biçəsən.
– Suriyaya yardım etdiyinizi dediniz. Bəs İraqdakı humanitar fəlakətlə üzləşən insanlara necə, yardım etmək üçün təşkilatınız hansısa addımlar ata bilməzmi? Bugünlərdə Türkiyənin “Qızıl ay”ı türkmənlərə humanitar yardım aparmışdı.
– Türkiyənin “Qızıl ay”ı onlara yardım edir. Ancaq biz bunu ünvanlı şəkildə edə bilmərik, insanlar hansı dinə, dilə, millətə məxsus olmasına baxmayaraq, onlar qaçqındır. Lakin əgər çoxluq türkmənlərin tərəfindədirsə, yardımın çoxu da onlara çatacaq. Bununla belə, biz konkret olaraq türkmənlərə yardım göndərdiyimizi məqsəd kimi qarşımıza qoya bilmərik. Söhbət “Qızıl Aypara” və “Qızıl ay” hərəkatından gedir. Ancaq kim istəyirsə, getsin Suriya, yaxud da İraq türkmənlərinə kömək etsin.
– Siz Mosul və Kərkükdəki türkmənlərə yardım üçün fərdi qaydada deputat həmkarlarınıza mətbuat vasitəsilə müraciət edə bilərsinizmi?
– Qənirə xanım müraciət etdi, mən də münasibətimi bildirdim. Millət vəkilləri həmişə belə işlərdə aktivdirlər. Kampaniya elan olunsa, biz də baxacağıq, “Qızılı Aypara”nın xətti ilə edək, yoxsa…Kim kampaniya başlatsa, şəxsən mən qoşulacağam. Çünki “Aypara”nın xətti ilə yardım göstərmək və bildirmək ki, məhz bu insanlara yardım ediləcək, bu, bizim prinsipimizə uyğun gəlməyəcək.
– Amma siz Azərbaycanı öz vətəni sayan, həm də özlərini Azərbaycan türkü hesab edənlərin müraciətinə bir azərbaycanlı olaraq da münasibət bildirə, deputat kimi ciddi bir prosesi başlada bilərsiniz…
– Mən bir vətəndaş olaraq münasibətimi bildirdim. Bir daha deyirəm ki, əgər belə bir kampaniya keçirilsə, mən Qənirə xanımla bərabər fərdi qaydada, bir azərbaycanlı olaraq türkmənlərə dəstək məqsədilə bu prosesə qatılacağam. Siz məndən şəxsi münasibətimi soruşursunuzsa, cavabı budur. “Qızıl Aypara” Cəmiyyətinin sədri kimi cavabımla maraqlanırsınızsa, ona da yuxarıda cavab verdim.
-Novruz müəllim, bir məsələ barədə də soruşum: Kəlbəcər rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş iki nəfər – Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi də ciddi narahatlıq doğurur. Onların azadlığına nail olmaq üçün sizin təşkilatın xətti ilə nə etmək olar?
– Bu məsələ “Qızıl Aypara” Cəmiyyətinin mandatına uyğun deyil. 1997-ci il razılaşmasına uyğun olaraq hərbi və girov götürülmüş şəxslərlə Beynəlxalq “Qızıl Xaç” Komitəsi məşğul olur, onun da burada Bakı nümayəndəliyi var. Onlar birbaşa o işlərlə məşğuldurlar.
Etikxeber.az