Dünən gecədən komaya düşən Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir.
Etikxeber.az xəbər verir ki, millət vəkilinin vəziyyəti stabil ağırdır.
Onun dərmandan komaya düşdüyü bildirilib.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədridir.
12:21
***
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
Baş həkim bildirib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin diqqət mərkəzindədir və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altındadır.
Onun bütün tapşırıqları istiqamətində işlər aparılır.
Bu gün səhər saatlarında Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov xəstəni ziyarət edib.
***
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
Baş həkim bildirib ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Klinikanın təcili yardım şöbəsinə müraciət edib:
“Bizə müraciət edəndə huşu aydın deyil idi. Bütün kliniki göstəriciləri şok klinikası ilə uyğun idi. Xəstə reanimasiya şöbəsinə alındı. Hal-hazırda Qənirə xanımın müalicəsi reanimasiya şöbəsində davam edir.
Müalicələr davam edir, lazımı konsultasiyalar olunur. Birdən çox bütün tibbi ixtisas həkimləri müalicəyə cəlb olunub. Əlimizdə olan bütün tibbi imkanlardan istifadə olunur. Türkiyədəki həmkarlarımızla da daimi əlaqədəyik. Qənirə xanımın bu ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır, indi əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Aparılan müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub, lakin xəstəmizin çox ağır vəziyyəti davam etməkdədir. Hələ də huşu aydın deyil”.
O da bildirilib ki, deputat süni nəfəs aparatına qoşulub.
***
Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub.
Bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Adilova deyib.
Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:
“Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri – arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub”.
Etikxeber.az