“Qəbələ” komandası “Qarabağ”a qalib gəldi-dövrəni birinci pillədə başa vurdu

Oktyabrın 2-də Azərbaycan Premyer Liqasında birinci dövrəyə (VII tur) mərkəzi görüşlə yekun vurulub.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qəbələ” eyniadlı Arenada son üç mövsümün çempionu “Qarabağ”ı qəbul edib. Mövsüm başlayandan qapısından top buraxmayan və son dörd turda xal itirməyən Roman Qriqorçukun yetirmələri bu oyunda da ənənəyə sadiq qalıb. “Qəbələ” “Qarabağ”ı iki cavabsız qolla məğlub edərək turnir cədvəlində liderliyi davam etdirib.

Belə ki, ilk hissə meydan sahiblərinin üstünlüyü ilə keçib. Nəticədə oyunun 11-ci dəqiqəsində “Qəbələ” hesabı açıb. Filip Ozobiç baxımlı zərbə ilə ilk qolun müəllifi olub. Az keçməmiş qonaqlar ikinci dəfə qapılarında top görüb. Baqali Dabo Asif Məmmədovun ötürməsini başla tamamlayaraq ilk hissədə qarşılaşmanın taleyini həll edib-2:0.

Fasilədən sonra Qurban Qurbanovun komandası oyuna daha fəal başlasa da, rəqib qapısına yol tapa bilməyib. Qalan dəqiqələrdə isə qapılara qol vurulmayıb və oyun “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Qəbələ” Premyer Liqanın ilk dövrəsini 19 xalla lider kimi başa vurub. Səfərdən xalsız dönən “Qarabağ” isə 13 xalla üçüncü pillədə qalıb. “İnter” klubu da dövrəni 15 xalla ikinci bitirib.

Qeyd edək ki, bu turdan sonra milli komandaların matçları ilə əlaqədar Azərbaycan Premyer Liqasına ara verilib.

Etikxeber.az

Read Previous

Maşın aşıb, 3 nəfər xəsarət alıb

Read Next

“Vatikan başçıları əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfər etmir, amma…”- POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir