Qəhrəman oğlu Qəhrəman-MUSA URUD YAZIR – FOTOLAR

Hər dəfə Gəncəyə gedəndə bir neçə şəhid ailəsinə baş çəkir, söhbət edir, problemləri ilə maraqlanıram.

Bu təbii ki, mənim deputat və vətəndaşlıq borcumdur. Adətən, bu barədə nə bir yerdə yazmıram, nə təəssurat və şəkillər də paylaşmıram.

Düşüncəmə görə paylaşımlarımızda nə qədər səmimi olsaq da, bunun bir özünü reklam çaları da olmamış deyil.

Amma dünən görüşdüyüm şəhid ailələrindən biri haqqında yazmağı bu sadə həyat tərzi keçirən, vətənpərvər və Qəhrəman ailəni cəmiyyətə tanıtmağı gərəkli hesab edirəm.

Gəncə şəhəri, Kəpəz rayonu DOS – 84 adlanan hərbi şəhərcikdə beşmərtəbəli evin 3- cü mərtəbəsində Əli Quliyevin üç otaqlı rahat mənzilindəyik. Ev sahibi 1- ci Qrabağ müharibəsi qazisidir. 1992- ci ilin yayında Sırxavənd döyüşlərində mina partlayışı nəticəsində kontuziya alıb və bir qolunu itirib.

Müalicə bərpa kursi keçib, prorez qol qoydurub. Mərd bir xanımla əl- ələ verərək ev- eşik qurub, vətənpərvər və mərd övladlar böyüdüb. İki oğlunun ikisi də atasının yolu ilə gedərək hərbçi peşəsini seçib. Əli kişi oğlanlarından qürurla söz açır.

Şəhid oğlu Eltay haqqında da indiki zamanda danışır. Doğru olan da budur. Eltay Talış kəndinin və Suqovuşanın azad olunmasınada qəhrəmanlıq göstərərək şəhid olub. Ali Baş Komandanın Sərəncamı ilə “Vətən uğurunda”, “Cəsur döyüşçü”, və “Suqovuşanın azad edilməsi” medalları ilə təltif olunub.Əli kişinin digər oğlu Əşrəf də igidliklə vuruşub, Fizulinin, Cəbrayılın, Laçının azad olunmasında şücaət göstərib. İndi də Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində hərbi xidmətini davam etdirir.

Əli kişi:- ” Qürurluyam”,- deyir. Eltayın şəhid xəbərini eşidəndə sarsıldım, kaş oğlumun qanı yerdə qalmasın, torpaqlarımızı işğaldan azad edə bilək,- dedim. Şükür Allaha, Ali Baş Komandan, Ordumuz ermənilərin başını əzdi, şəhidlərimizin qanı yerdə qalmadı. Əli kişidən nəyə ehtiyacı olub- olmadığını soruşuram. Hər şey yolundadır, deyir. Dövlətimiz şəhidin ailəsinə ev verib, təqaüd və pensiya alırıq, balaca bir maşınım var, nəvələrimi məktəbə, bağçaya aparıb gətirirəm. Şəhid ailəsi kimi hamıdan diqqət və hörmət görürük. Bircə təmənnam odur ki, şəhidlərimizin adı əbədiləşdirilsin, adına ya məktəb, ya küçə verilsin. Əşrəflə əlaqə varmı?-, soruşuram.

Yenə qürurlu sifətinə təbəssüm qonur: – Hə, tez- tez zəng vurur, hal- əhval tuturuq. Xidməti yaxşı gedir, deyir heç bir narahatlıq və çətinliyim yoxdur. Amma bizim zəng vurmağımıza icazə vermir. Deyir ki, birdən dağlarda elə yerdə oluram ki, orada telefon tutmur, zəng vurarsınız, cavab vermədiyimdə, ya zəng çatmadığında narahat olarsınız.

Eltay şəhid olanda hərbi komisar Əşrəfin xidmətini Gəncəyə dəyişdirməyi təklif elədi, amma Əşrəf razı olmadı. Döyüş dostlarından ayrılmaq istəmədi, biz də məcbur eləmədik.Şəhid Eltayın biri- birindən gözəl üç balası onun yarımçıq qalmış ömrünü davam etdirir: İlknur, Gülnur və Şölə. Evin sonbeşiyi Şölə şeytan bir şirin baladır, gəlinciyi ilə oynaylr. Ortancıl Gülnur 2- ci sinfə gedir, müəllimə olacam, uşaqlara dərs keçəcəm, – deyir.Evin böyük övladı İlknur 4- cü sinifdə oxuyur. Hərbi həkim olmağı arzulayır. -Niyə mülki deyil, hərbi həkim olmaq istəyirsən?- sualıma cavabı da məntiqli və orijinaldır: Mən ilk əvvəl sadəcə həkim olmaq istəyirdim, indi hərbi həkim olmaq istəyirəm ki, həm də atamın peşəsini davam etdirim.

Bunu 10 yaşı hələ taman olmamış uşaq deyir!!! Bir şeirimin misraları tay- dəyişik yadıma düşür:Otları nə tez uzandıƏsir torpaqların? Uşaqları nə tez böyüdüŞəhid ataların?İlknur bir uşaq səmimiyyəti və inamı ilə -” mən də atam kimi qəhrəman olacam-“, deyir.

Qəhrəman oğlu, qəhrəman deyəcəklər mənə.

Mən əlavə edirəm:- həm də baban və əmin kimi!

Musa URUD (QULİYEV),

Millət vəkili

Etikxeber.az

Read Previous

Arnaud Breuillac İlham Əliyevə niyə minnətdarlıq-ETDİ? – FOTO

Read Next

Ağdamlı Şəhid Samir Fərzəliyevin Cənnətdəki yubiley doğum günü: 25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ÜÇOĞLANDA ADINA VERİLMİŞ SİNİF OTAĞININ AÇILIŞI OLDU, MƏRASİM KEÇİRİLDİ…-FOTOLAR- YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir