“Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir”-ZAHİD ORUCDAN NÖVBƏTİ TƏKLİF

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin ləğvi Vətən Müharibəsində qələbəmizin siyasi nəticəsidir və Birinci Qarabağ savaşının mirası ilə vidalaşmaq deməkdir.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, vaxtilə ölkə daxilində və beynəlxalq aləmdə bir milyon insanın hüquqlarını qorumaq məqsədini qarşıya qoyan təşkilatın mövcud olduğu 15 ildə xidmətləri danılmazdır, eləcə də dövlətimizin hüquqi-siyasi mövqeyinin güclənməsində, düşmən tərəfinin danışıqlarda müstəqil tərəf kimi iştirak planlarının iflasa uğradılmasında qurum əhəmiyyətli rol oynayıb:

“İcmanın ləğvi daha iki mesajın dünyaya verilməsidir. Birincisi, status olmayacaq. Yəni “erməni icması” anlayışı qəbul edilməyəcək, onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub yaşaya bilərlər. Nəhayət, azərbaycanlı icmasının ayrıca ictimai-siyasi vahid kimi ləğvi Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır. Qoy Minsk qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi – Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözsün”.

Komitə sədri qeyd edib ki, indi xalqımız hərbi Qələbədən sonra mühüm çağırışlar qarşısındadır:

“Biz işğal dövrünün bütün strukturlarını qələbə zamanına uyğunlaşdırmağı bacarmalıyıq”. 

Sonra “Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir”-deyən Z. Oruc bildirib ki, dünyada mövcud olan 80 milyondan çox köçkündən yalnız bizim xalqımıza nəsib olan qayıdış hadisəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsidir və ona görə də hazırda böyük miqyaslı işlər icra edən Komitənin, onun fədakar rəhbərliyinin və kollektivinin yüz minlərlə vətəndaşımızın doğma torpaqlarımıza qayıdışında da görəcəyi işlər misilsizdir:

“Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı, siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq. Yeni milli kimlik, yeni qalib xalq və dövlət statusu bizdən fərqli ideologiya, yeni düşüncə və yeni hədəflər tələb edir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxı olardı…”-ƏLİ MƏSİMLİNDƏN VACİB TƏKLİFLƏR

Read Next

MM-in iclası-FAZİL MUSTAFADAN ÇOX ÖNƏMLİ TƏKLİF, MÜŞFİQ CƏFƏROV HƏRBİ QULLUQÇULARLA, MƏLAHƏT İBRAHİMQIZI DİN XADİMLƏRİ İLƏ BAĞLI TƏKLİFLƏR SƏSLƏNDİRDİ… – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir