QACARLARIN SÜQUTU HANSI ÖLKƏNİN KƏŞFİYYAT XİDMƏTİNİN İŞİ İDİ?-ARAZ ŞƏHRİLİ YAZIR

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

1920-ci il mayın 17-də rus qırmızı ordusunun hissələri ağqvardiyaçıların apardıqları gəmiləri geri qaytarmaq bəhanəsi ilə Gilan vilayətinə soxuldular. 1920-ci il iyunun 5-də İranın Xəzəryanı ərazilərində Gilan Sovet Sosialist Respublikası elan edildi.

Başçısı Mirzə Küçük xan, xarici işlər komissarı Seyid Cəfər Pişəvəri, hərbi komissarı isə gürcü əsilli çar polkovniki Vasili Karqaleteli olan bu qurum 1921¬-ci il iyunun 5-də İran Sovet Sosialist Respublikası adlandırıldı. 1920-ci ilin avqustunda və 1921-ci ilin iyununda rus hərbi müşavirlərinin rəhbərlik etdikləri İran qırmızı ordusunun Tehran istiqamətində hücumları şah ordusu tərəfindən dəf edildi.

1921-ci il fevralın 21-də İranda baş nazir Fətulla xan Əkbərin hökumətinin istefaya göndərilməsi ilə nəticələnmiş dövlət çevrilişi baş verdi. Çevrilişin iki əsas rəhbərindən biri Rza Pəhləvi idi. Bundan beş gün sonra – fevralın 26-da sovet–İran dostluğu haqqında müqavilə imzalandı. Müqavilənin şərtlərinə uyğun olaraq, 1921-ci il sentyabrın 8-də rus qoşunları İran ərazisini tərk etdilər. Sentyabrın 29-da Gilan kommunistləri ilə Mirzə Küçük xanın tərəfdarları arasında toqquşmalar başladı. Mirzə Küçük xan Qacar hökuməti ilə danışıqlara başlamaq istəsə də onun bu təklifi Gilan üzərinə hücuma hazırlaşan İran qoşunlarının komandanı Rza Pəhləvi tərəfindən rədd edildi.

Noyabrın 2-də Qacar ordusu İranın Gilan üzərində suverenliyini bərpa etdi. Bu uğura baxmayaraq davamlı mübarizə şəraiti Qacarlar sülaləsini zəiflətdi. General Rza Pəhləvi isə İranın ərazi bütövlüyünü bərpa etmiş bir hərbçi kimi şöhrət və nüfuz qazandı. 1925-ci il oktyabrın 31-də İran kazak briqadasının zabiti Rza Pəhləvi Qacarlar sülaləsini devirdi. İranda Pəhləvilər sülaləsi quruldu.

Rza şah Pəhləvinin 1894-cü ildən 1920-ci ilədək xidmət etdiyi İran kazak briqadası 1879-cu ildə Rusiya kəşfiyyatı tərəfindən yaradılmış hərbi struktur idi. 1920-ci ilə qədər bu briqadanın bütün komandirləri rus zabitləri olmuşlar:

1) Briqadanın birinci komandiri (1879–1882) süvari generalı Aleksey İvanoviç Domontoviç (1846–1909) bu vəzifəyə təyin edilənədək Qafqaz hərbi dairəsində xüsusi tapşırıqlar üzrə qərargah zabiti olmuşdur.

2) Briqadanın ikinci komandiri (1883–1885) general-mayor Pyotr Vladimiroviç Çarkovski 1879-cu ildə çarın əmri ilə mülki vəzifəyə keçirilərək Türkiyənin Trabzon şəhərindəki rus konsulluğuna ştatdankənar katib təyin edilmiş, dörd il sonra yenidən hərbi xidmətə qaytarılıb İrana ezam olunmuşdur.

3) Briqadanın üçüncü komandiri (1885–1891) general-leytenant Aleksandr Nikolayeviç Kuzmin-Karavayev (1862–1923) Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə ober-zabit, xüsusi tapşırıqlar üzrə qərargah zabiti və kiçik kargüzar olmuş, uzun illər Asiya ölkələrində hərbi kəşfiyyatçı missiyasını yerinə yetirmişdi. O, Cənubi Qafqaz, İran və Əfqanıstan üzrə mütəxəssis idi. 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1920-ci ilədək Qırmızı Orduda xidmət etmiş, sonra Yuqoslaviyaya köçmüş və orada vəfat etmişdir.

4) Briqadanın dördüncü komandiri (1891–1894) polkovnik Aleksandr Konstantinoviç Şneur (1884–1977) daşnak Ermənistanının hərbi kəşfiyyat bölməsinin ilk rəisi olmuşdur.

5) Briqadanın beşinci komandiri (1894–1903) general-leytenant Vladimir Andreyeviç Kosoqovski (1857–1918) 1889-cu ildə Qafqaz hərbi dairəsinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1890-cı ildə Semireçensk (Qazaxıstan) vilayətindəki qoşunların komandanı yanında xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1890–1894-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti olmuşdur. O, hərbi şərqşünas və təcrübəli kəşfiyyatçı idi. V.Kosoqovski yalnız hərbi-siyasi məsələləri öyrənməklə kifayətlənmir, ipək istehsalı, Tehranın su təchizatı və kanalizasiya sistemi haqqında məlumatlar toplayırdı. Onun İrandan göndərdiyi kəşfiyyat informasiyasına yüksək qiymət verilirdi. Rus ordusunun İrandan o vaxt Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana yürüş planı da V.Kosoqovski tərəfindən diqqətlə işlənmiş, qüvvələrin mümkün hərəkət marşrutları, su maneələrinin dəf olunacağı yerlər, bu zaman istifadə ediləcək vasitələr, ordunun arxa təminatı kimi məsələlərə xüsusi diqqət yetirilmişdi. V.Kosoqovski 1918-ci ildə bolşeviklər tərəfindən güllələnmişdir.

6) Briqadanın altıncı komandiri (1903–1906) general-leytenant Fyodor Qriqoryeviç Çernozubov (1863–1919) 1894–1897-ci illərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti, 1900–1903-cü illərdə Qafqaz hərbi dairəsinin komandanının sərəncamında olmuşdur. 1918–1919-cu illərdə Denikinin ordusunda bolşeviklərə qarşı döyüşmüş, öz əcəli ilə vəfat etmişdir. O, hərbi kəşfiyyata dair bir neçə məqalənin müəllifi idi.

7) Briqadanın yeddinci komandiri (1906–1909) general-leytenant Vladimir Platonoviç Lyaxov (1869–1920) 1900–1904-cü illərdə Qafqaz hərbi dairəsində tapşırıqlar üzrə qərargah zabiti vəzifəsində xidmət etmişdir.

8) Briqadanın səkkizinci komandiri (1909–1914) general-leytenant Nikolay Petroviç Vadbolski (1869–1944) 1905–1907-ci illərdə Uzaq Şərqdə ordu qərargahının general-kvartirmeyster idarəsində xidmət etmişdir. Bu idarə digər məsələlərlə yanaşı kəşfiyyat işinin təşkili ilə də məşğul olurdu. Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanları (Kəşfiyyat və əks-kəşfiyyat bölməsi) 1919-cu il martın 28-də məhz Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeyster şöbəsinin nəzdində yaradılmışdır.

9) Briqadanın doqquzuncu komandiri (1914–1915) polkovnik Nikolay Vasilyeviç Prozorkeviç, bir məlumata görə, hərbi kəşfiyyatçı olmuşdur.

10) Briqadanın onuncu komandiri (1915–1917) general baron Vladimir Nikolayeviç Maydel (1864–?) 1894–1896-cı illərdə Zakaspi vilayətinin qərargahında tapşırıqlar üzrə ober-zabit, 1898-ci ildə isə 9-cu ordu korpusunun qərargahında xüsusi tapşırıqlar üzrə ober-zabit olmuş, 1918-ci ildə könüllü şəkildə bolşeviklərin tərəfinə keçmiş, 1919–1920-ci illərdə Qırmızı Ordunun Baş Qərargahında xidmət etmiş, 1921–1930-cu illərdə hərbi məktəblərdə tədrislə məşğul olmuşdur. 1930-cu ildən sonrakı taleyi məlum deyil.

11) Briqadanın on birinci komandiri (1917–1918) Georqi İosifoviç Klerje (1883–1938) 1909–1917-ci illərdə Qafqaz hərbi dairəsinin və 1-ci Qafqaz korpusunun qərargahlarında tapşırıqlar üzrə ober-zabit, Baş qərargahın baş idarəsinin kargüzarı olmuş, 1919–1921-ci illərdə vətəndaş müharibəsində iştirak etmiş, ağqvardiyaçı admiral Kolçakın ordusunun Baş Qərargahı yanında Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə, general rütbəsinə yüksəlmişdi. 1921-ci ildə Çinə mühacirət etmiş, 1922–1927-ci illərdə çinli marşal Zhang Zuolinin hərbi müşaviri, 1931–1933-cü illərdə gündəlik “Mukden” qəzetinin baş redaktoru olmuşdur. 1938-ci ildə G.İ.Klerje yapon əks-kəşfiyyatı tərəfindən həbs olunmuş və ehtimala görə sovet kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edilərək güllələnmişdir.

12) Bakı qubernatoru general-leytenant Dmitri Semyonoviç Staroselskinin (onun qubernatorluğu dövründə Bakıda ilk qadın gimnaziyası açılmış, Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr edilmişdi) oğlu, kazak briqadasının on ikinci komandiri (1918–1920) polkovnik Vsevolod Dmitriyeviç Staroselski (1875–1935) isə, zənnimizcə, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli olmamışdır. O, 1918-ci ilin əvvəllərində vətəndaş müharibəsindən qaçıb İrana getmiş və Əhməd şah Qacar tərəfindən briqadaya komandir təyin edilmişdi. Rza Pəhləvi 1920-ci ilin oktyabrında V.Staroselskini kənarlaşdırıb kazak briqadasının ilk iranlı komandiri olmuşdu.

Bu zabitlərin əksəriyyətinin hərbi kəşfiyyatçı olduğu onların bioqrafik məlumatlarından aydın şəkildə görünür. Briqadaya rəhbərlik etmiş digər şəxslərin də kəşfiyyata aidiyyəti məsələsinə, zənnimizcə, aydınlıq gətirə bildik. Məlumdur ki, eyni mühitdə (ailə, yaşayış yeri, təhsil, peşə) yetişmiş insanlar arasında ümumi cəhətlər mövcud ola bilər. Sözügedən zabitlərin xidmət yollarını bir-birinə bənzədən isə həm də odur ki, onların əksəriyyəti İran ezamiyyətindən əvvəl bu ölkənin sərhədlərinə yaxın ərazilərdə xüsusi tapşırıqlar üzrə qərargah zabiti vəzifəsini icra etmişdir. Deyilənə görə, həmin vəzifə rus çarı I Nikolay tərəfindən xaricdə məxfi əməliyyatların təşkil olunması və keçirilməsi məqsədilə təsis edilmişdir.

Beləliklə, şübhə doğuran bütün halları nəzərə alaraq ehtimal edə bilərik ki, kazak briqadasının on iki komandirindən ən azı onu Rusiya hərbi kəşfiyyatının rezidenti olmuşdur. Qeyd olunanlardan çıxardığımız əsas nəticə isə budur ki, rus hərbi kəşfiyyatçıları ümimilikdə 19 il Rza Pəhləvinin bilavasitə komandirləri olmuşdular. Bu isə o deməkdir ki, Rza xan birbaşa funksional vəzifələri cari və perspektiv əməliyyat imkanlarına malik şəxsləri aşkarlamaq, yoxlamaq, öyrənmək və məxfi əməkdaşlığa cəlb etmək olan əməliyyat işçilərinin tabeliyində xidmət etmiş, uzun müddət onlarla kontaktda olmuşdur.

Həmin münasibətlərin nə ilə nəticələndiyini aydınlaşdırmaq istəyiriksə, araşdırma zamanı belə bir məşhur deyimi rəhbər tutmalıyıq: “Onları meyvələrinə (əməllərinə) görə tanıyın!”…

Etikxeber.az

Read Previous

“Bunlar mütləq şəkildə deyilməli və vurğulanmalıdır, yoxsa…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Media könüllüləri -145” – regionun ən böyük media platformasına-START VERİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir