“Qaçqına çarə onu öz yurduna, öz doğma ev-eşiyinə qaytarmaqdır…” – DEPUTAT

Dünyada və Avropada qaçqın və məcburi köçkünlərin sayının durmadan artması Avropa Şurası Parlament Assambleyasını (AŞPA) bu problemi daim diqqətdə saxlamağa sövq edir.

Etikxeber.az-ın xəbərinə görə, qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin mayın 23-də Parisdə keçirilən toplantısında əsas məruzələrdən və dinləmələrdən biri bu məsələyə həsr edilib. Fransalı deputat Pyer Lö Bornun “Böhranlı təzyiqlər dövründə qaçqınların inteqrasiyası: son nümunələr və yaxşı təcrübənin örnəkləri” məruzəsi və almaniyalı ekspert, Köln şəhəri merinin müavini Andreas Volterin çıxışından sonra müzakirələr keçirilib.

Fikir mübadilələrində Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək bu faciənin dünyada və Avropada durmadan daha geniş miqyaslar almasından narahatlığı ifadə edib.

O, deyib: “Hər dəfə qaçqınlardan, məcburi köçkünlərdən söz açmaq miqyasları böyük olan humanitar faciədən bəhs etmək deməkdir. Həm siyasi, həm fiziki cəhətdən dəyişən yeni dünyada son on illər içərisində qlobal fəlakətlər tez-tez baş verir. Haradasa sunami, haradasa zəlzələ, haradasa daşqınlar, haradasa yanğınlar olur və dünya dərhal onlara kömək etmək üçün tələsir. Çadırlar göndərir, geyim, yemək, dərman yollayır. Onlara kömək etməyi hər ölkə, hər xalq bir insanlıq borcu hesab edir. Lakin qaçqın həyatı həmin müxtəlif faciə və fəlakətlərin hamısını eyni anda yaşamağa bərabərdir. Ona görə də qaçqınlara bu cür sadə üsullarla yardım göstərməklə, hansısa maddi problemlərini həll etməklə onların yarasını sağaltmaq mümkün deyil. Qaçqına çarə onu öz yurduna, öz doğma ev-eşiyinə qaytarmaqdır”.

Avropa Şurasına üzv olan 47 ölkə arasında bu problemin ən çox Azərbaycana zərbələr vurduğunu bildirən R. Hüseynov ölkəmizin təxminən 30 ildir bu fəlakətin bütün ağrılarını hər gün yaşadığını diqqətə çatdıraraq bildirib:

“Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və Azərbaycan əhalisinin ümumi sayı da 10 milyona yaxındır. Demək, ölkədə hər 10 nəfərdən biri qaçqındır. Ermənistan və ona havadarlıq edən qüvvələr 1980-ci illərin sonlarında tarixən Azərbaycana məxsus olmuş, sovet hakimiyyəti dövründəki inzibati bölgüdə Ermənistanın ərazisinə daxil edilmiş həmin torpaqlarda kompakt yaşayan 300 mindən artıq azərbaycanlını sərt qış günlərində qovaraq ölkədən çıxarıb.

Minlərlə insan dağlarda soyuqdan donaraq ölüb. Dünya bu fəlakətə vaxtında sərt reaksiya vermədi və nəticədə tədricən həmin faciəyə düçar olan azərbaycanlıların sayı 1 milyona çatdı. Amma indi görün dünyada neçə milyonlarla qaçqın var. Əgər belələri varsa, deməli, günahkar bizik, qaçqın olmayan insanlardır. Bizim kimi normal həyat yaşamaq haqqı olan insanların belə vəziyyətə düşməsinə imkan vermişik və buna dözməkdə davam edirik. Qaçqınlıq faciəsinin mahiyyətini duymaq, anlamaq üçün sadəcə bir anlığa özümüzü onların yerinə qoymağı bacarmalıyıq”.

Deputat qeyd edib ki, bugünkü müzakirələrin, yeni məruzənin əhəmiyyətini anlayır və özü də indiyədək qaçqın və məcburi köçkünlərin problemləri ilə əlaqədar bir neçə məruzə və tövsiyə üçün qətnamələr hazırlayıb. Lakin danışıqlar, müzakirələr, məruzələr, fikir mübadilələri konkret nəticəyə gətirib çıxarmırsa, onların mənası da azalır. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli quru sözlərdən yox, konkret hərəkətlərdən keçir.

“On yeddi il əvvəl Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən elə həmin vaxt bu quruma qəbul edilən ölkənin təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində yaranmış 1 milyon qaçqını və məcburi köçkünü vardı. Ötən 17 ildə onların problemi nəinki həll olunmayıb, əksinə, sayları bir az da artıb. Müdhiş qaçqınlıq dərdinə tab gətirməyənlərin bir hissəsi vəfat etsə də, ən çətin şəraitdə belə davam edən həyat qaçqın ailələrində yeni-yeni övladları dünyaya gətirib. Məhz həmin kədərli statistika imkan verməyib ki, Azərbaycanın 1 milyon qaçqın və köçkününün sayı azalsın.

Növbəti dəfə qaçqınlar mövzusunu müzakirəyə çıxarmağımız və bu haqda yeni məruzənin hazırlanması müəyyən mənada təsəllidir. Ən azı, belə məruzələr Parlament Assambleyasının üzərindən biganəlik məsuliyyətini götürür. Lakin hər günü bir əsrə bərabər olan qaçqınlıq həyatını yaşamağa məcbur olan insanlardan ötrü azdır. Onlar nəticə umur, doğma evlərinə, yurdlarına qayıtmaq istəyirlər və əmindirlər ki, dünyanın 47 parlamentini, 800 milyondan çox insanını birləşdirən Avropa Şurası bu problemi həll edə bilər. Nə qədər gec deyil qaçqınları, məcburi köçkünləri və özümüzü xilas etmək üçün ümumi sözlərdən əl çəkərək əməli addımlar atmalıyıq” – deyə, R. Hüseynov qeyd edib.

Etikxeber.az

Read Previous

“Siyasətimiz ondan ibarətdir ki, müharibələrə son qoyulsun…” – PREZİDENT – FOTOLAR- YENİLƏNİB (2)

Read Next

Tarif Şurası dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin qiymətini müəyyən etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir