“Qadın namizədlərdən 22 nəfəri palament üzvü seçilib ki, bu da kifayət qədər ciddi rəqəmdir” – BAHAR MURADOVA

Yeni Azərbaycan Partiyası (YAP) hər zaman qadın amilinə çox böyük diqqət yetirib. Son seçki kampaniyasında da qadınların iştirakçılığının artırılması istiqamətində ən gözəl nümunəni partiyamız göstərdi və çoxsaylı qadın namizədlər irəli sürüldü. Hətta bəzi üzvlər öz fərdi qərarları ilə namizədliklərini irəli sürmüşdülər. Bu parlament seçkilərinə qadınların getdikcə artan marağının, eyni zamanda, siyasi partiyaların bu amili nə dərəcədə öz gündəlik fəaliyyətində üstün tutduğunun göstəricisidir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası bu günə qədər fərqli bir mövqe sərgiləyib və bu seçkilərdə də belə oldu. Uğur qazanan, parlamentə seçilən qadınların içərisində, əlbəttə ki, YAP üzvü olan qadınların sayı daha çoxdur.

Etikxeber.az xəbər verir ki, bunu 4 çağırış Milli Məclisin (MM) üzvü olan Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti və Siyasi Şurasının üzvü Bahar Muradova deyib.

O, qeyd edib ki, seçkilərdə irəli sürülən qadın namizədlərdən 276 nəfər qeydə alınmışdı.

“Onlardan 22 nəfəri palament üzvü seçilib. Hesab edirəm ki, bu da kifayət qədər ciddi rəqəmdir. Mən də uzun illər parlamentin üzvü olmuşam və biz qadınlar sayımızın azlığına baxmayaraq, hər zaman potensialımızı ortaya qoymağa və digər qadınları da təmsil etdiyimizi düşünərək onların iştirakçılığını özümüzün fəaliyyətində daha çox əhatə etməyə çalışmışıq. Düşünürəm ki, bu dəfə də belə olacaq və bu qadınlar bütün Azərbaycan qadınlarını təmsil etdiklərini nəzərə alaraq onların bütün istək və arzularını, siyasi mövqelərini, iradələrini ifadə edəcəklər. Amma siyasi proseslər təkcə seçkilərlə bitmir, təyinatlı vəzifələrdə də çoxlu sayda qadınlar təmsil olunurlar. Elə sahələr var ki, orada qadınlar aparıcı rola malikdirlər. Bu təhsil, sosial və humanitar sferalardır. Bu gün həyatımızın digər sahələrində qadınlar getdikcə daha çox təmsil olunurlar. Onlar ölkəmizin iqtisadi, siyasi, sosial həyatına çox böyük töhfə verirlər, dəyərlərin formalaşmasında və inkişafında çox böyük rola malikdirlər.

Biz qadınlarımızın qazandıqları bütün uğurlarla fəxr edirik. Əlbəttə ki, ən çox qürur duyduğumuz, fərəh hissi ilə qeyd etdiyimiz bir amil də var ki, respublikamızın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın bu qədər üstün mövqedə Azərbaycan qadınlarını çox böyük uğurla təmsil etməsidir. Mehriban xanım Əliyeva səmərəli fəaliyyəti ilə ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına müstəsna töhfələr verir. Təsadüfi deyil ki, onun fəaliyyəti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı, beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Digər tərəfdən, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əvəzedilməz rolu var…”-B. Muradova sözlərinə əlavə edib.

Xatırladaq ki, 6-cı çağırış MM-in üzvü seçilən 22 xanım millət vəkili bunlardır: Sahibə Qafarova, Jalə Əliyeva, Qənirə Paşayeva, Pərvin Kərimzadə, Kamilə Əliyeva, Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, həmçinin, Könül Nurullayeva, Nigar Arpadarai, Jalə Əhmədova, Əminə Ağazadə, Sevil Mikayılova, Afət Həsənova, Hicran Hüseynova, Fatma Yıldırım, Tamam Cəfərova və Səbinə Xasayeva.

Eyni zamanda, qeyd edək ki, “22-lər”-dən 12-si növbəti dəfə, 10-u isə ilk dəfə millət vəkili seçiliblər.

Ən çox millət vəkili seçilən xanım parlamentariləri isə bunlardır-Məlahət İbrahımqızı (5 dəfə), Qənirə Paşayeva və Jalə Əliyeva (hər ikisi 4 dəfə).

Etikxeber.az

Read Previous

“Ailəni qorumaq daha çox kişilərin borçudur, lakin…” – HİCRAN HÜSEYNOVA

Read Next

Gülün ki, dünyamız da gülsün! – JALƏ ƏLİYEVA DÜNYA VƏ AZƏRBAYCAN XANIMLARINDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir