“Qadınların idarəetmədə rolunun artırılmasına çox önəm verməliyik” – QƏNİRƏ PAŞAYEVA – FOTO

Silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı da bu dəhşətli acını yaşamışdır. 

Etikxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yay sessiyasında İstanbul Konvensiyasına həsr edilmiş müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana silahlı təcavüzü və 20 faiz torpağını işğal etməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə məruz qalıb:

“Ermənistan yüzlərlə azərbaycanlı əsir və girovu, o cümlədən, qadınları dözülməz şəraitdə saxlayib,məcburi əməyə cəlb edib və digər zorakılıq əməllərinə məruz qoyublar. Bu gün də on minlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmirlər. Çünki Ermənistan BMT-nin, o cümlədən AŞPA-nın qəbul etdiyi qətnamələri icra etməkdən imtina edir. Biz AŞPA-nı hüquqları Ermənistan tərəfindən pozulmaqda davam edən azərbaycanlı məcburi köçkün qadınların, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən, yaralanan, əsir götürülən azərbaycanlı qadınların ailələrinin səslərini, çağrışlarını duymağa, bu dəhşətli cinayətləri törədənlərin layiq olduqları cəzanı almasına, ədalətin öz yerini tapmasına daha fəal dəstək olmağa çağırırıq”.

O, deyib ki, gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi sahəsində və qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində üzv ölkələrdə irəliləyişlərə nail olunmasına baxmayaraq, daha çox işlərin görülməsinə böyük ehtiyac var:

ganirrra

“Bu mövzularda fəallığımızı daha da artırmalıyıq. Xüsusilə qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına üzv ölkələr olaraq daha çox önəm verməliyik. Biz Azərbaycan xalqının təmsilçiləri kimi, qadınlara qarşı hər bir zorakılığı açıq və qəti surətdə pisləyirik. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi son dərəcə zəruridir”. 

Q.Paşayeva qeyd edib ki, Azərbaycan qadınlara qarşı zorakılıqla, məişət zorakılığı ilə fəal mübarizə aparan ölkələrdən biridir:

“Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə bizim ölkəmizdə əsas diqqət mərkəzində olan mövzulardan biridir və bu istiqamətdə bir çox qanunlar qəbul edilib. Beynəlxalq və milli tərəfdaşlarla birlikdə çox sayda tədbirlər həyata keçirilir, geniş maarifləndirmə işinin aparılmasına xüsusi diqqət yetirilir. “Ailə akademiyası” layihəsi, “Azərbaycan ailəsi” film festivalı, “Həyatdan şəkilə” foto müsabiqəsi kimi çox sayda layihələr həyata keçirilir. Bu işlərin görülməsində qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edilir. Azərbaycanda Avropa Şurasının 2018-2023-cü illər üçün Gender Bərabərliyi Strategiyasındə xüsusi vurğulanan hədəflərə xüsusi diqqət yetirlir, gender bərabərliyinin effektik reallaşmasına nail olmaq üçün çox saylı layihələr həyta keçirilir. Azərbaycan xalqının tarixinə nəzər yetirsək, görmək olar ki, qadınlar hər zaman aparıcı qüvvə olmaqla cəmiyyətin inkişafına öz töhfələrini veriblər. Lakin bu gün dövlət dəstəyi sayəsində bütün sahələrdə qadınların sayı daha da artmaqdadır. 

Biz hesab edirik ki, qadınların cəmiyyətin bütün sahələrində rolunun artması, o cümlədən qadınlara qarşı zorakılıqla daha effektli mübarizə üçün hər bir ölkədə bu istiqamətdə güclü siyasi iradənin ortaya qoyulması və bu mövzuların prioritetlər arasında olması çox vacibdir. Unutmamalıyıq ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edəcək. Eyni zamanda inanırıq ki, bu gün apardığımız müzakirələr də qadınlara qarşı zorakılıqla daha effektli mübarizə aparılmasına və üzv ölkələrdə qadınların dövlət və cəmiyyətin bütün sahələrdə rol və iştirakçılığının artmasına öz müsbət töhfələrini verəcək”. 

Etikxeber.az

Read Previous

“Təkcə AŞPA deyil, bütün beynəlxalq təşkilatlar bu insanları qorumaq üçün səslərini ucaltmalıdır” – MOLLAZADƏDƏN ÇAĞIRIŞ

Read Next

Deputatla Vəkil Bürosunun rəhbəri memorandum imzaladı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir