“Qanlı terraktların baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır” – NAZİR

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində cari ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.

MSN-dən  Etikxeber.az-a bildiriblər ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda qurumun birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Kollegiyanın sədri Yavər Camalov deyib ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, regionda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu artır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində ölkədə siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilir. Ötən müddətdə aparılan məqsədyönlü işlər nəticəsində MSN-in müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların istehsalı üçün yeni sahələrin yaradılması işləri davam etdirilib.

Qeyd olunub ki, hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal olunaraq təhvil verilib. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam edib.

Cari ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal edilən məhsulların 81 faizi müdafiə və xüsusi, 19 faizi isə mülki təyinatlı olub. İstehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə iki dəfədən çox artıb. Eləcə də ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə olunub.

Bu ilin Yaradılma Proqramına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. MSN-də fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin üç iclası keçirilib, iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb, konkret təklif və rəylər qəbul edilib. Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün inkişaf etmiş ölkələrin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.

Kollegiyada qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan MSN “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin keçirilməsini yüksək səviyyədə təşkil edib. Sentyabrın 27-30-da MSN-in təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən bu mötəbər sərgidə 44 ölkədən 250-dək şirkət və rəsmi heyət iştirak edib. Sərgidə ekspozisiya meydançasının min kvadratmetrlik sahəsini əhatə edən milli pavilyonda Azərbaycan müdafiə sənayesinin yenilikləri nümayiş etdirilib. İki il əvvəl “ADEX-2014” birinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində 168 adda məmulat nümayiş etdirən MSN bu il 260 adda məmulat sərgiləyib. Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatlarının ən son təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları ziyarətçilərin böyük marağı ilə qarşılanıb.

Bildirilib ki, sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılıb və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Sərgi zamanı MSN ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib. Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə verilməsinə dair memorandum imzalanıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2016” sərgisini ziyarət etməsi onun əhəmiyyətini daha da artırıb. Sərginin yüksək səviyyədə keçirilməsi və MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi ölkənin müdafiə qüdrətinin gündən-günə möhkəmlənməsinə və Azərbaycan Silahlı Qüvvələrinin regionda qüdrətli ordulardan birinə çevrilməsinə xidmət edir.

İclaslarda birlik və müəssisə rəhbərlərinin də hesabatları dinlənilib.

Kollegiya iclasında hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işlər müsbət qiymətləndirilib.

Nazir Prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə müvafiq göstərişlər verib.

Etikxeber.az

Read Previous

Neft Fondunun investisiya portfelində 47,6 faizi ABŞ dolları, 35,3 faizi avro təşkil edir

Read Next

İqlim dəyişməsi heyvanlar üçün birbaşa təhlükə amili hesab edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir