Qanunsuz olaraq ağacların kəsilməsinə görə cəzalar sərtləşdirilir

Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin oktyabrın 27-də keçirilən birgə iclasında ölkədə ağacların kəsilməsi məsələsinə də toxunulub.

Etikxeber.az məlumat verir ki, deputat Rövşən Rzayev bildirib ki, təmsil etdiyi Göygöl rayonunda ağaclar sürətlə kəsilir və buna səbəb insanların istiliklə təminatında yaranan problemlərdir.

Millət vəkili qeyd edib ki, həmin dağətəyi bölgədə yaşayan insanlar qış aylarında istiliklə təmin olunsalar, ağacları kəsməzlər. R. Rzayev onu da bildirib ki, paytaxt Bakıda da son vaxtlar ağaclar çox kəsilir və bunun kimlər tərəfindən edildiyi hələ də məlum deyil.

O, iclasda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevə də məsələ ilə bağlı müraciət edib.

Deputat Məlahət İbrahimqızı  bildirib ki, Azərbaycanda yaşıllığın artması istiqamətində xeyli işlər görülüb və bunu görməmək mümkün deyil: “Bizdən Avropada Yaşıllar Partiyasına donoslar yazırlar ki, guya burada yaşıllığa qarşı soyqırımı var. Amma onların bir üzvü mənimlə söhbətdə bildirdi ki, mən Bakıya getdim və sizdəki yaşıllığa heyran qaldım. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra təkcə Bakıda parkların sayı sürətlə artıb. Hər tərəf yaşıllıqdır”.

Nazir müavini Firdovsi Əliyev isə bildirib ki, son 15 ildə Azərbaycanda yaşıllaşdırmanın miqyası 11,4 faizdən 11,8 faizə qalxıb: “Müəyyən hallarda ağacların kəsilməsi faktları da olur, bunun dərhal qarşısını alırıq. Amma ümumilikdə ölkədə yaşıllaşdırma çox sürətlə artır və biz bu sahədə xeyli nailiyyətlər əldə etmişik”.

Onu da qeyd edək ki, Azərbaycanda qanunsuz olaraq ağacların kəsilməsi, yaşıllıqların və meşə sahələrinin məhv edilməsinə görə cəzalar sərtləşdirilə bilər.

Bununla bağlı Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 259-cu maddəsinə (qanunsuz ağackəsmə) təklif edilən əlavə və dəyişikliyə əsasən maddənin tərkibində “qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların” sözləri, “xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların” sözləri ilə əvəzlənəcək. Maddənin sanksiyası ağırlaşdırılaraq belə verilir: 5000 manatdan 7 000 manata qədər cərimə və ya 2 ilədək islah işləri, yaxud 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilə qədər həbs. Hazırda qüvvədə olan sanksiya isə belədir: iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məcəllənin 260-cı maddəsində (Meşələri məhv etmə və ya korlama) sanksiya 500 manatdan 2000 manata qədər artırılır və 260.1-1 maddəsi əlavə edilir: Eyni hal külli miqdarda ziyan vurulmaqla törədildikdə 2 000 manatdan 4 000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bundan irəli gələn hallar üzrə İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər müzakirə edilib. Məcəllənin 253-cü (Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi) maddəsinə təklif olunan yeniliyə görə, fiziki şəxslər 3100 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər isə 45 000 manat miqdarda cərimələnəcəklər. Hazırda bu cərimənin maksimum həddi 10 000 manata qədərdir.

Etikxeber.az

Read Previous

Mətbuat Şurası İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlığa başlayır – Amaşov

Read Next

Əliyevdən kanadalı səfirə: “Kanada şirkətləri ilə əməkdaşlıqda maraqlıyq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir