“Qapanma ilə tam əks nəticələr meydana çıxdı…”-OPERATİV QƏRARGAH – YENİLƏNİB – (5)

Son iki həftəsonu ərzində istədiyimiz nəticəni əldə edə bilmədik. Qapanma ilə tam əks nəticələr meydana çıxdı.

Etikxeber.az məlumat verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva qeyd edib ki, çalışdıqları sosial əlaqələrin azaldılmasıdır:

“Qohum, tanış fərq etmir, hər kəs yoluxma qaynağı ola bilər”.

Onun dediyinə görə, dünənki statistikanın nəticəsi olaraq, Azərbaycanda xüsusi karantin rejimi 1 avqusta qədər uzadılıb:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib”.

11:13

***

“Bu gün koronavirusu müalicə edən dərman yoxdur”-deyən Y. Qarayeva bildirib ki, buna görə də maska və sosial məsafə ilə bağlı tələblərə riayət edilməlidir:

“Maska taxılması artıq yeni həyat tərzimiz olmalıdır. Bu, insanların özünü qoruması üçün vacibdir. Hər bir insan həkimlərə, hansısa dövlət strukturuna görə yox, özünü, yaxınlarını qorumağa görə maskadan istifadə etməlidir. Yaxın aylarda, bəlkə də illərlə bizim maskasız həyatımız olmayacaq”.

O, “Sosial məsafə və əl gigiyenasına xüsusi diqqət yetirilməlidir”-deyərək, qeyd edib ki, Bakı ilə müqayisədə rayonlarda, bölgələrdə insanlar, ümumiyyətlə, virus yoxdur kimi hərəkət edirlər:

“Virus bölgə, sərhəd, yaş tanımır. Virusun yaşaması üçün bizim hüceyrələrimizə ehtiyac yoxdur”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün COVID-19 mutasiyaya uğrayır:

“Bu gün aprel və may ayları ilə müqayisədə xəstələr fərqlidir, ağırlaşmalar çoxdur. Orta və cavan yaşlı xəstələrimizdə ciddi ağırlaşma ilə müşahidə olunan hallar görürük”.

11:20

***

“Sabahdan Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iki həftəlik xüsusi karantin rejimi tətbiq olunacaq”.

Bunu isə mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyev deyib ki, icaze.e-gov.az portalı fəaliyyətinə icazə verilmiş qurumlar və əməkdaşlar üçündür:

“Fəaliyyətinə icazə verilən dövlət və özəl təşkilatlar öz əməkdaşları barədə məlumatı icaze.e-gov.az-a daxil edəcək. Bu, yalnız işə gəlmək və getmək üçündür”.

Ü. Mehdiyev qeyd edib ki, vətəndaşlar yaşayış yerin zəruri ehtiyaclar üçün SMS xidmətinə müvafiq kodları yazaraq yaşayış yerini tərk edə bilərlər:

“Nazirlər Kabinetinin qərarında iki zidd məsələ uzlaşdırılıb. Yəni vətəndaşların yaşayış yerini maksimum tərk etməməsindən və zəruri ehtiyaclar üçün çıxmasından söhbət gedir. Zəruri ehtiyaclar üçün insanlar SMS-lə 2 saat müddətində yaşayış yerini tərk edə biləcəklər. Tibb müəssisəsinə getməklə bağlı icazə 2 saat müddətinə veriləcək, müalicə 2 saatı keçəcəksə, tibb müəssisəsindən arayışı əsasında evə qayıda biləcəklər”.

11:26

***

“Aprel ayının ilk günlərində SMS icazə ilə bağlı göndərilən mesajların 60 faizi zəruri ehtiyaclarla bağlı deyildi”-deyən Ü. Mehdiyev bildirib ki, həmin vaxt gün ərzində 1 milyon SMS gəlib, orta hesabla 20 saniyə ərzində SMS-ə cavab verilib:

“Maksimum 1 dəqiqə ərzində SMS-ə bağlı icazə müraciətinə cavab verilirdi”.

O, həmçinin, deyib ki, yaxın qohumun dəfnində iştirakla ilə bağlı keçən dəfə SMS icazə üçün kod vardısa, bu dəfə həmin kod yoxdur.

Ü. Mehdiyev deyib ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng etməklə icazə ala biləcəklər.

***

“Bir rayondan digər rayondakı hansısa tibb müəssisəsinə tibbi arayışla getmək mümkün olacaq”.

Bunu da mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, yollarda insanların hərarətinin ölçülməsi postlarda mümkündür:

“Ancaq bu, daha çox həkimlər tərəfindən həyata keçirilsə, yaxşı olar”.

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, iyunun 18-də 200-ə yaxın şəxs tibbi arayışla Bakıya gəlib:

“Ən çox Siyəzən rayonundan arayış verilir. Yaxşı olar ki, arayışı verən tibb müəssisəsinin adı da qeyd edilsin”.

12:09

***

Daha sonra “Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim”-deyən K. Əliyev bildirib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub:

“Onların əksəriyyəti postlardan geri qaytarıldı. Bəziləri torpaq yolla keçməyə cəhd etdi və buna nail oldu. Artıq texniki vasitələrdən istifadə etməklə, bu kimi halların da qarşısını almağa çalışacağıq. Əgər bir postdan keçən avtomobil digər postda görünməyəcəksə, deməli, torpaq yola keçib və həmin avtomobillər, onların sürücüləri aşkarlanacaq”.
 
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib:

“Bu da müəyyən sayda avtomobilin sərbəst hərəkəti deməkdir. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər”.

Etikxeber.az

Read Previous

Donbass və Qarabağ separatçıları eyni vəziyyətdədirlər-TƏHLİL

Read Next

“Nə qədər özümü qorumağa çalışsam da…”-Millət vəkili Sahib Alıyev-KORONAVİRUSA YOLUXDU-ÖZÜ TƏSDİQLƏDİ- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir