“Qarabağ klanı” nə qədər ki, hakimiyyətdədir…” – DEPUTAT

“Münaqişə ilə bağlı Azərbaycan dövləti mövqeyini bəyan edib. Bu da ondan ibarətdir ki, biz bir qarış torpağımızı heç kimə güzəştə getməyəcəyik və ərazi bütövlüyü məsələsi danışıqların mövzusu ola bilməz. Biz ərazilərimizi işğaldan azad edəcəyik”.

Etikxeber.az məlumat verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, həmsədrlər bildirirlər ki, istəyirik bölgədə dayanıqlı sülhə nail olunsun, tərəflər siyasi iradə nümayiş etdirib razılığa gəlsinlər, qarşılıqlı etimad yaransın və sair:

“Əgər yeni ideyalar bunlardısa, mənasız fikirlərdir. Necə ola bilər ki, erməni  silahlı qüvvələri torpaqlarımızı işğal altında saxladığı halda qarşılıqlı etimad olsun? Bəlkə həmsədrlər bununla demək istəyirlər ki, həmin torpaqları Ermənistana bağışlayaq? Bu ola bilməz. Onlar nə deyirlər desinlər, Azərbaycan son nəticədə məcbur olacaq ki, sözünü hərb yolu ilə desin”.

Millət vəkili deyib ki,  Azərbaycan rdusu torpaqları işğal azad etmək üçün hər an hazırdır: “Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurpumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı məcbur edəcək ki, torpaqlarını hərb yolu ilə işğaldan azad etsin. Bunun məsuliyyəti isə birbaşa işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşəcək”.

Millət vəkili həmçinin bildirib ki, artıq uzun illərdir ki,  Ermənistanda “Qarabağ klanı” bu münaqişə üzərində siyasi hakimiyyəti zəbt edib və bu ölkəni çapıb talayırlar: “Ermənistan bütün sahələrdə fəlakətin, uçurumun astanasındadır. “Qarabağ klanı” nə qədər ki, hakimiyyətdədir, onlar münaqişənin sülh yolu ilə həllinə mane olacaqlar. O cümlədən də, icmaların görüşünə, insanların  yaxınlaşmasına razılıq verməzlər. Çünki cinayətkar rejim  qorxur odur ki, bu görüşlər Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirəcək.  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizə son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdü. O səmimi olaraq etiraf etdi ki, Azərbaycan tərəfinin mövqeyindən çox razıdır”.

Millət vəkilinin dediyinə görə,  çünki  Azərbaycan xalqında erməni xalqına qarşı düşmənçilik hissləri yoxdur: “Amma o, Ermənistanda vəziyyətin əksinə olduğunu dedi. Bildirdi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə Ermənistan hakimiyyətini razı sala bilmir. Erməni tərəfi bu görüşlərin keçirilməsindən qaçır. Əslində, mən separatçı rejimin rəhbərliy ilə görüşlərin keçirilməsinin tərəfdarı deyiləm. Görüşlər o zaman məqbul olar ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Belə görüşlərin keçirilməsini də  onlar bizdən xahiş etsinlər. Amma Dağlıq Qarabağda yaşayan sadə insanlarla, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsi yaxşı olardı”.

Etikxeber.az

Read Previous

“Prezidentlərin diqqət mərkəzindədir…” – ƏLİ HƏSƏNOV

Read Next

Məlahət İbrahimqızı “Avronest”-də profil komitəsinin həmsədri seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir