“Qarabağ” klubların reytinq siyahısında 5 pillə gerilədi

Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Etikxeber.az Apasport.az-a istinadən xəbər verir ki, baş tutan 40 qarşılaşma siyahıda müəyyən dəyişikliklərlə nəticələnib.

Bunlar cədvəldə yer alan Azərbaycan klublarından da yan ötməyib. Siyahıdakı 7 təmsilçimiz arasında ən yaxşı nəticəyə malik “Qarabağ” Çexiyada “Slovan”a 0:3 hesabı ilə uduzmaqla geri düşüb. Ötən turdan sonra 99-cu olan ağdamlılar 18,050 xalla 104-cü pilləyə yuvarlanıb. 5 pilləlik eniş “ağ-göylər”i ilk “100-lük”dən kənar qoyub.

9,800 xala malik “Neftçi” isə 1 pillə geriləyərək 160-cı olub. Öz meydanında “Anderlext”ə 1:3 hesabı ilə yenilən “Qəbələ” də eyni qədər itirib. Təmsilçimiz 7,800 xalla 182-ci pillədə qərarlaşıb.

220-ci yerdə qərarlaşan “İnter”in 6,050 xalı var. Bakılılar Bolqarıstan “Slaven”i ilə eyni göstəriciyə malikdi. Malta “Valletta”sı və Albaniya “Kukesi”si ilə eyni – 4,550 xala malik “Xəzər Lənkəran” 276-cı yerə şərikdi. Son 3 həftədə bakılılar 1, cənublular 2 pillə geri düşüb.

Digər komandalarımızdan “Kəpəz” (4,050) 298-ci, “Bakı” (3,800) 307-ci yerə şərikdi. Onlar da hərəyə 1 addım aşağı yuvarlanıblar.
Klublarımızın Avropa Liqasının qrupundakı rəqiblərinin hamısı ilk “100-lük”dədi. “Fiorentina” (63,533) 24-cü, “Anderlext” (49,480) 36-cı, “Sent-Etyen” (32,899) 56-cı, PAOK (31,800) 60-cı, “Slovan” (25,015) 83-cü, “Maynts” (21,099) 92-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, İspaniya “Real”ının (159,256) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 147,099 xalla 2-ci, “Barselona” (İspaniya) 144,256 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

Etikxeber.az

Read Previous

Yaradılacaq Milli Antidopinq Agentliyi geniş səlahiyyətlərə malik olacaq- KOMİTƏ SƏDRİ

Read Next

DİN də Gəncədə əməliyyat keçirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir