Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq – Rodriqo Maya – FOTOLAR

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 31-də Azərbaycanda səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  

Etikxeber.az xəbər verir ki, Oqtay Əsədov Rodriqo Mayanın parlament sədri kimi ölkəmizə ilk səfərinin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini bildirib. Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini xüsusi vurğulayıb. O qeyd edib ki, parlamentarilərin qarşılıqlı səfərləri münasibətlərin möhkəmlənməsinə imkan yaradır.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışan Oqtay Əsədov deyib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə biznes forumların təşkili xüsusilə əhəmiyyətlidir. Sədr bildirib ki, 2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 120 milyon dollar olub, 2016-cı ilin doqquz ayı ərzində isə bu rəqəm 150 milyon dollara çatıb. O.Əsədov bu artımın iki ölkənin potensialından aşağı olduğunu əlavə edib.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə Braziliya hökumətinə təşəkkür edib. Braziliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən O.Əsədov bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçı siyasətini pisləyən birgə bəyanat qəbul olunmasına görə də minnətdarlığını bildirib.

Braziliya Milli Konqresi Deputatlar Palatasının sədri Rodriqo Maya ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. O, səfərin əsas məqsədinin bununla bağlı müzakirələr aparılması olduğunu diqqətə çatdırıb. Parlamentin sədri Azərbaycan ilə Braziliya arasında neft-qaz, turizm sahələrində əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Turizm əlaqələrindən danışan Rodriqo Maya Braziliyada Azərbaycanın daha yaxından tanıdılmasının əhəmiyyətini vurğulayıb.

Rodriqo Maya Braziliyanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarı olduğunu söyləyib.

Görüşdə Oqtay Əsədov Rodriqo Mayanın Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu deyib.

Milli Məclisin sədri fəxri diplomu Rodriqo Mayaya təqdim edib.

mm-braz-1

Etikxeber.az

Read Previous

Dilçilik İnstitutu teleradio yayımçılarının proqramlarının monitorinqini aparacaq

Read Next

FHN: Kürdəmirdə poliklinikada yanğın təhlükəsi yaranıb – 22 xəstə təxliyə olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir