“Qarabağ” parkı və Xocalı soyqırımı abidəsinin açılış oldu – FOTOLAR

Türkiyənin Dənizli şəhərində “Qarabağ” parkı və Xocalı soyqırımı abidəsinin açılış mərasimi olub.

Etikxeber.az-ın xəbərinə  görə,  Azərbaycan və Türkiyə millət vəkillərininin, ziyalılarının, Türk dünyasının müxtəlif  bölgələrindən gəlmiş tanınmış aydınların, Azərbaycanın Türkiyədəki Baş Konsulluğunun, Denizli rəsmilərinin, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakinin iştirakı ilə keçirilən “Qarabağ” parkı və Xocalı soyqırımı abidəsinin açılışı mərasimində Dənizli bələdiyyə başqanı Osman Zolan çıxış edib.

O,  bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans keçirən millət vəkili Q.Paşayeva Dənizlidə “Qarabağ” parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq, qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur.

Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı O. Zolan bildirib ki,  “Qarabağ, Xocalı soyqırımı ağrısı bütün Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik”.

“Dənizlinin mərkəzi bölgəsində yerləşən və böyük bir ərazini əhatə edən yüksək səviyyəli “Qarabağ” parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatları əldə edə biləcəklər. Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulmuş “Qarabağ” parkında da hər iki qardaş ölkənin bayrağı bərabər dalğalanacaq.  İnşallah  qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik və bunun üçün birlikdə mübarizə edəcəyik”– deyə, o, sözlərinə əlavə edib.

Tədbirin açılışında Yazıçılar Birliyinin mətbuat katibi və İLESAM-ın Azərbaycan təmsilçisi Xəyal Rza “Mən Türkəm” adlı şeirini səsləndirib və Dənizli bələdiyyəsinə bu önəmli addımı üçün təşəkkürünü bildirib.

Parkın açılışında çıxış edən  Q.Paşayeva  Dənizli bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib.

Çıxışına “Azərbaycan və Türkiyə uğrunda şəhid olan bütün insanlarımızın qarşısında baş əyərək, qazilərimizi sayğı ilə anırıq”  sözləri ilə başlayan millət vəkili  bildirib ki,  Azərbaycan və Türkiyə Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət, iki dövlətdir və bu gün Dənizlidə “Qarabağ” parkı və Xocalı soyqırımı abidəsinin açılışı dost da, düşmənə də ciddi bir mesajdır.

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq,  hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”– deyə, o, bildirib.

Millət vəkili  Azərbaycanın və ordumuzun inkişafından da danışaraq bildirib ki, Azərbaycan və Türkiyə arasında bütün istqiqamətlərdə əməkdaşlığın genişlənməsi bölgədə gücümüzü daha da artırır:  “Mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq,  əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Dənizli adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri o gözəl torpaqımızda da keçirəcəyik”-,  deyib.  Q.Paşayeva  daha sonra çıxışında  Dənizli bələdiyyə başqanına və Türkiyənin bütün bələdiyyə başqanlarında öz bölgələrində “Qarabağ” parkı və Xocalı soyqırımı abidəsi yaradılması üçün imzalar toplayıb, müraciətlər göndərən  Dənizli Fen lisesi tələbələrinə duyarlılıqları üçün təşəkkürünü bildirib: “Biz də getdiyimiz hər bölgədə bu təkliflə çıxış edirik.  Ümid edirik ki,  Dənizlidəki bu yüksək səviyyəli park və abidənin açılmasından sonra bir çox bələdiyyələr də bu addımı atacaq və onları buna çağırırıq”.

Tədbirin açılışında çıxış edən türkiyəli millət vəkili Nurəddin Aras da Xocalı soyqırımndan geniş danışaraq, bu cür abidələrin digər bölgələrdə də qoyulmasının vacibliyndən danışıb və bildirib ki, Türkiyə hər zaman torpaqlarının işğaldan azad olunması üçün çalışan qardaş Azərbaycanın yanındadır və yanında olacaq.

Çıxışlardan sonra “Qarabağ” parkının açılışı olub, parkın lenti kəsilərək, Xocalı Soyqırımı abidəsinin açılışı olub.

Daha sonra  Q.Paşayeva tədbir iştirakçıları  və KİV nümayəndələrinin suallarını cavablandırıb.

“Qarabağ” parkının açılışı mərasimi bir sıra  televiziya kanalları  tərəfindən canlı yayımlanıb.

qar-2qar-3

Etikxeber.az

Read Previous

İran sərhəddinədək dəmiryolu tikintisi başa çatıb

Read Next

Georgi Kvirikaşvili: “Bu layihələr Azərbaycan və Gürcüstan üçün deyil, region üçün mühüm əhəmiyyət kəsb edir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir