“Qarabağ, torpaq məsələsində heç zaman güzəşt olmayıb, bundan sonra da olmayacaq, Qarabağ Azərbaycandır və Azərbaycanın olacaq…Buna Makron da, digərləri də əmin olsunlar”-ELDAR İBRAHİMOV MAKRONU FRANSANIN ÖZ PROBLEMLƏRİ İLƏ MƏŞĞUL OLMAĞA ÇAĞIRDI – (ÖZƏL)

ATƏT-in Minsk qrupu özü-özünü artıq tam mənada iflasa uğradıb. Bu qurumun, həmsədrlər institutunun bundan sonra fəaliyyəti artıq sual altında qalır. Çünki yarandığı 25 ildən artıq müddət ərzində nə Minsk qrupu, nə də həmsədrlər institutu Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə ədalətli həllinə nail olunub. Ötən illər ərzində ATƏT rəsmiləri, həmsədrlər ancaq regiona turist səfərləri etməklə, mənası, təsiri olmayan bəyanatlar verməklə kifayətlənib, işlərini bitmiş hesab ediblər.

Onlar təcavüzkar, faşist və nasist dövlət olan Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün heç bir addım atmayıblar. Əslində buna heç cəhd də göstərməyiblər. ATƏT-in Minsk qrupunun bu vəziyyətə düşməsində, iflasa uğramısında da xüsusilə, Fransanın üzərinə böyük məsuliyyət düşür. Çünki bu ölkə hər zaman açıq-aşkar erməni və Ermənistanpərəstliyi ilə seçilib, hər zaman təcavüzkarın və işğalçının yanında olub, dayanıb. Fransanın dövlət başçısı Emmanuel Makronun son mövqeyi-bəyanatı da bunun əyani təsdiqidir.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

E. İbrahimov qeyd edib ki, Makron Fransanın prezidenti, həmsədr dövlətin rəhbəri kimi yox, sanki Ermənistanın sahibi və yiyəsi kimi danışır, Azərbaycana qarşı haqsız və əsassız ittihamlar səsləndirir.

“Bunlar qəti şəkildə yolverilməz və qəbuledilməzdir. Makronun özünü bu cür aparması, açıq-aşkar şəkildə işğalın, işğalçının yanında dayanması əslində onun siyasətçi və dövlət rəhbəri kimi mahiyyətini ortaya qoyur. Əslində Makron ən azından həmsədr dövlərin rəhbəri kimi, bitərəf qalmalıydı. Son açıqlaması ilə Fransa prezidenti tərəfsiz olmadığını, haqqın, haqlının yanında deyil, nahaqqın, haqsızın yanında dayandığını, yer aldığını nümayiş etdirmiş oldu. Ancaq yaxşı olardı ki, Makron Fransanın öz daxili məsələləri ilə məşğul olaydı. Son illər bu ölkədə yaşananlar, demokratik dəyərlərin aşkar surətdə ayaqlar altında tapdalanması Fransanın özündə həll edilməli çoxlu problemlərin olduğunu göstərir. Bizə məsləhət verməkdənsə, yersiz çağırış etməkdənsə, ədalətsiz və haqsız mövqe ortaya qoymaqdansa, öz problemləri ilə məşğul olsa, daha məqsədəuyğun olardı.

Bizim onun və başqalarının məsləhətlərinə, çağırışlarına ehtiyacımız yoxdur. Biz çox gözlədik, çox səbr etdik, çox dözdük, ancaq Fransanın da həmsədr olduğu Minsk qrupu və digər beynəlxalq qurumlar münaqişəni ədalətli və müsbət şəkildə həll etmədilər, etmək bir yana qalsın, buna cəhd belə göstərmədilər. Ona görə bizim artıq bundan sonra daha 30-32 gözləmək fikrimiz yoxdur. Bizim səbrimiz də, güzəşt, etimad limitimiz də bitib- tükənib. Biz artıq topraqlarımızın azad olunması uğrunda lazım olan bütün addımları atırıq və atacağıq. Ermənistanın növbəti təxribatından sonra torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsinə başlamışıq və bu müharibəni də Qələbə ilə, Zəfərlə başa vuracağıq. Bu, bizim, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Ali Baş Komandanın birmənalı və qəti mövqeyidir. Bu mövqedə dəyişiklik, Qarabağ, torpaq məsələsində güzəşt heç zaman olmayıb, bundan sonra da olmayacaq, Qarabağ Azərbaycandır və Azərbaycanın olacaq. Buna Makron da, digərləri də əmin olsunlar”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

16:02, 2 oktyabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz böyük qələbəyə hər gün bizi biraz da yaxınlaşdırır…Zəfər bizimlədir, Qarabağ Azərbaycandır!”-FATMA YILDIRIM YAZIR

Read Next

“Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”-İLHAM ƏLİYEV PAYLAŞIM ETDİ – MADAGİZİN SUQOVUŞAN ADLANDIRILMASI İLƏ BAĞLI QƏRAR VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir