“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis edilməsi hər şeydən öncə məhz suveren güc və imkanlarımızın məhsuludur”-MİLLƏT VƏKİLİ

Müharibə sonrası biz davamlı olaraq Ermənistan tərəfindən heç bir gücə və hüquqa əsaslanmayan revanş bəyanatları eşitməkdəyik. Bu müddət ərzində müxtəlif səviyyələrdə həmin zərərli fikir və aktlara lazımi formada cavab verilib, lakin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” cənab Prezidentinin Fərmanı bu cavablardan ən yaxşısı, ən tutarlısı oldu.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis edilməsi ilə biz dünyaya nümayiş etdirdik ki, heç kimin rəyindən asılı olmayaraq, bütün hallarda Azərbaycan Zəfərin nəticələrinin davamlılığı, bölgədə sülh və sabitlik mühitinin yaranaraq möhkəmlənməsi, Azərbaycanın maraq və mənafelərinə cavab verən bütün tədbirlərin görülməsi üçün zəruri addımları atır və atacaq.

“Bir sözlə, Ermənistanın da onun havadarlarının da digər istənilən cəhdləri əbəsdir və kimsə Azərbaycanın iradəsi əleyhinə bölgədə mövcud reallığı dəyişə bilməz. Bu mənada, biz müvafiq Fərmana ciddi siyasi yükə malik sənəd kimi yanaşmalıyıq. Fərmanın ən mühim siyasi-hüquqi nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan rəsmən vahid Zəngəzur konsepsiyasını gündəmə gətirməklə həm keçmiş, həm də gələcəyə baxış faktoru ortaya qoyaraq Qərbi Zəngəzuru tədricən müzakirə predmetinə çevirəcək.

Əlbəttə, bu, perspektiv məsələdir, lakin unutmayaq ki, Vətən müharibəsində zəfərimiz bizə geniş imkanlar açıb. Sirr deyil ki, indiki tarixi siyasi şəraitdə Zəngəzur ideyasını rəsmən gündəmə gətirən belə bir siyasi aktın realizəsi üçün dövlət müstəqil siyasət kursuna, iqtisadi və hərbi suverenliyə malik olmalıdır. Bu mənada, cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis etməsi hər şeydən öncə məhz suveren güc və imkanlarımızın məhsuludur”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb”-ELMAR VƏLİYEVLƏ BAĞLI EKSPERTİZANIN NƏTİCƏSİ AÇIQLANDI

Read Next

“Yeni geosiyasi reallığın ən böyük təntənəsi Şuşa Bəyannaməsidir”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir