Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Arxada qalan həftəmiz Tarixə qızıl hərflərlə yazılacaq və yazılan bir həftə oldu.
Qalib Azərbaycanın yenə növbəti uğurlarına, qələbələrinə imza atıldı.
44 günlük Vətən Müharibəsindən başlayan Zəfər, Qələbə yürüşü yenə davam etdi, Qələbə üzərinə Qələbə, Zəfər üzərinə Zəfər gəldi.
2003-cü ilin oktyabrından bu yana hər bir sözünə, hər bir vədinə sadiq qalan Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyev yenə sözünün, vədinin sahibi, yiyəsi oldu.
Qarabağın dirçəldilməsi, bərpa edilməsi, əvvəlkindən də daha çox gözəlləşdirilməsi, çiçəkləndirilməsi, “Böyük qayıdış” istiqamətində növbəti önəmli addım atdı.
Qarabağa, Zəngilana ən yaxın və ən sadiq silahdaşı Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva ilə son səfərində növbəti açılışlarda iştirak etdi, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminə qatıldı.
Bəli, Qarabağın, Zəngilan işğaldan azad edilməsindən cəmi il yarım keçməsinə baxmayaraq, 30 ilə yaxın məcburi köçkünlük həyatı yaşayan insanlarımızın öz doğma yurd yerlərinə qayıdışının önü açıldı, əsası qoyuldu.
Bunu ancaq Qalib, Güclü, Qüdrətli Azərbaycan dövləti edə bilərdi, bunu ancaq İlham Əliyev kimi Liderləri lideri, Dəmir iradəli, Qətiyyətli, Cəsarətli bir dövlət başçısı edə bilərdi və etdi də.
“Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir”-deyən Ali Baş Komandan açılış mərasimindəki çıxışında bir daha qətiyyətli şəkildə bildirdi və dünyaya duyurdu ki, Dağlıq Qarabağ münaqişəsini həll etmişik, qanlı münaqişə artıq həll olunub.

Dağlıq Qarabağ adlı inzibati ərazi artıq Azərbaycan ərazisində, coğrafiyasında yoxdur. Artıq beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur və son Brüssel görüşü bunu bir daha göstərdi.
Qalib Sərkərdənin dediyi kimi, düzdür, Ermənistanda indi bu məsələ ilə bağlı yenə də hay-haray qaldırıblar və necə deyərlər, başlarını divara vururlar, amma bu, reallıqdır və onlar bu reallıqla barışmağa məcburdurlar.
Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub.İndi postmünaqişə dövrüdür.
Biz bu dövrdə yaşayırıq və postmünaqişə dövründə də biz gündəliyi diktə edirik və müharibədən keçən ilyarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq.
Nəyi demişiksə, buna da nail olmuşuq, ya da ki, nail oluruq. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür də ola bilərdi.
Artıq Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır.
Dövlət başçısı çıxışında bir daha bu məqama toxunaraq “Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib. Daha bir vacib məsələ, Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacağıq. Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin hesabına”– deyə, bəyan etdi və hər kəsin diqqətinə çatdırdı ki, biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir.
Bəli, “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi bir daha Azərbaycanın qüdrətini, qətiyyətini, iradəsini ortaya qoydu.
Bir daha hər kəsə əyan və bəyan oldu ki, biz işğaldan azad olunmuş torpaqlarımıza, Qarabağımıza qayıtmışıq, buradayıq və bundan sonra da burada olacağıq.
Bundan sonra kimsə bizi Qarabağdan ayıra bilməz və bilməyəcək, bu yöndə bütün məkrli cəhdlər fiaskoya uğrayacaq.
Bəli, artıq Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur və artıq yeni layihə təqdim edilib. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var.
Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq.
Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, həm də Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək, “Böyük qayıdış” mərhələ-mərhələ öz yekununa çatacaq!
***

Ötən həftənin ən mühüm və deyərdim ki, dünya miqyaslı hadisələrindən biri də heç şübhəsiz ki, qardaş və dost Türkiyənin lideri, daim Azərbaycan xalqının yanında olan cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri, Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı oldu.
Bu səfər, bu festival sıradan bir hadisə deyildi, bu, “Bir millət-iki dövlət” deyiminin əməldə təsdiqi, qardaşlığın, bərabərliyin, birgəliyin növbəti əyani təzahürü və təcəssümü idi.
Bütün dünyaya bir daha birlik və bərabərliyimiz, həmrəylimiz nümayiş etdirildi, bir daha bütün dünya gördü ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyini kimsə poza, sarsıda bilməz və bilməyəcək.
Hər zaman bir idik, hər zaman bir olmuşuq, hər zaman birik və hər zaman da bir olacağıq!
Bunu hər kəs bir daha yaxşı duysun və qulaqlarına sırğa etsin!
Cənab Ərdoğanın da festivalda tarixi çıxışı zamanı bəyat etdiyi kimi, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq, göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq.
Çıxışı zamanı “Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur.
Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”-deyərək, cənab Ərdoğan bir daha qətiyyətli və birmənalı şəkildə hər kəsə mesajını verdi.
Eyni zamanda, Ali Baş Komandanımızın bəyan etdiyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir.
Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.
Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük.

Türkiyə hər zamankı kimi bizim yanımızda idi.
Cənab Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Unutmadıq, unutmamışıq, unutmuruq, unutmarıq və unutmayacağıq!
Biz birlikdə çox Qələbə və Zəfərlərə imza atmışıq, bundan da sonra birlik və bərabərliyimizlə hələ neçə-neçə uğurlara, nailiyyətlərə imza atacaq, möhür vuracağıq.
Qələbələr, Zəfərlər, Uğurlar bizimdir, bizimlədir və bizimlə də olacaq!
Qələbələrimiz, Zəfərlərimiz mübarək!
Eldar İBRAHİMOV,
Milli Məclisin (MM) İntizam komissiyasının sədri
Etikxeber.az





