“Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”-İLHAM ƏLİYEV AZƏRBAYCAN XALQINI SUQOVUŞANDAN TƏBRİK ETDİ – FOTOLAR – YENİLƏNİB – (6)

“Azərişıq” ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olub.

Etikxeber.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimatda iştirak ediblər.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma layihə ilə bağlı məlumat verdi.

Diqqətə çatdırıldı ki, “Azərişıq” ASC tərəfindən ölkədə ilk dəfə tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kilovoltluq izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həldir. Suqovuşan qəsəbəsinin elektrik enerji təchizatında tətbiq edilmiş 35 kilovoltluq kabel xətti məhz belə, müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir. Belə ki, izolyasiya olunmuş 35 kilovoltluq yeni tip xətlərin mühafizə zonası 3-6 metrdir və bu, mövcud xətlərə nisbətən 6-10 dəfəyə qədər azdır. Mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə itkilər 3,5-4 faiz təşkil edir. Həmçinin şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilir. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək azdır.

Prezident İlham Əliyev: Bütövlükdə gələcəkdə ölkəmizin bütün yerlərində bu sistemə keçmək lazımdır.

Vüqar Əhmədov: Cənab Prezident, Siz artıq tapşırıq vermisiniz. Biz Bakıda da bunun üzərində işləyirik.

Bildirildi ki, yeni kabel xətlərinin tətbiqi yüksək gərginlik xətlərinin bilavasitə altında, yaxud yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, həmçinin insanların fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qalxır. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlılıq, etibarlılıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.

Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə, o cümlədən yeraltı, sualtı və hava ilə çəkilişinin mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kilovoltluq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı fəaliyyətini də tam təmin edəcəkdir.

***

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, 44 günlük Vətən müharibəsi zamanı, hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində 16 fərdi ev qismən yararsız vəziyyətə düşmüşdür. Bu evlərdən biri əsaslı təmir olunub.

Təmir olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir. Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2 sanitar qovşağından ibarətdir. Tikinti altında olan sahə isə 148 kvadratmetr təşkil edir. Fasadın əsas hissəsi dekorativ təbii daşla üzlənib ki, bu da evin və yerləşdiyi ərazinin ahəngini tamamlayır. Fasadın qalan hissəsində isə suyadavamlı boya materialından istifadə olunub. Evin damı metal kirəmitlə örtülüb, terrasa keramika döşənib, tavanı isə taxta materialdan hazırlanıb.

Evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunub. Həyətyanı sahə abadlaşdırılıb, ərazidə ağaclar əkilib.

Fərdi evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilib, yola asfalt örtüyü döşənib.

***

İlham Əliyev və Mehriban Əliyeva Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanıblar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma eskiz layihəsi əsasında məlumat verdi.

Qeyd olundu ki, yararsız vəziyyətə düşmüş Suqovuşan qəsəbə tam orta məktəbinin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq. Diqqətə çatdırılıb ki, məktəbin ərazisi 1 hektardır. Binanın ümumi sahəsi 820 kvadratmetrə yaxındır. Məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir.

Bildirildi ki, dördmərtəbəli binanın fasadının ətrafdakı fərdi evlərə uyğunlaşdırılacağı nəzərdə tutulur. Fasadda fərdi evlərdə olduğu kimi, dekorativ təbii daşlardan istifadə ediləcək.

Məktəbdə müasir standartlara uyğun idman meydançası qurulacaq, həyətyanı sahə abadlaşdırılacaq.

Dövlətimizin başçısı məktəb binasının əsaslı təmirinə başlanılması barədə tapşırıq verdi.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma qəsəbədə inşa olunacaq məscidin layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Dövlətimizin başçısı və birinci xanım məscidin təməlini qoydular.

Qeyd edək ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir.

Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.

***

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə sıra meydanında düzülmüş döyüş texnikalarına baxdılar.

Silahlı Qüvvələrin Ali Baş Komandanına hərbi hissədə yaradılan şərait bərədə məlumat verildi.

Bildirildi ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb. Hərbi hissənin qərargah binasında hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Əsgər yeməkxanası da müasir səviyyədədir.

Dövlətimizin başçısı və birinci xanım hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldular.

Qeyd edək ki, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

İşğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı onu göstərir ki, Azərbaycan hərbi təhlükəsizliyini xüsusi diqqətdə saxlayır. Bunun üçün kifayət qədər imkan, ən əsası siyasi iradə var.

Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.

***

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.

Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara baxdılar.

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac əkdilər.

Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək.

Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

***

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş etdirildi.

Diqqətə çatdırıldı ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi. Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.

Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar. Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir.

Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başladılar.

Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq şousunu izlədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə hədiyyəsini imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim etdi.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar.

Sonra dövlətimizin başçısı Azərbaycan xalqını təbrik edib. 

Prezident İlham Əliyevin təbriki

– Əziz bacılar və qardaşlar.

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.

İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.

Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.

Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram.

Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!

Etikxeber.az

Read Previous

Millət vəkili Novruz bayramında seçicilərini dinlədi-AZTƏMİNATLI AİLƏLƏRİ SEVİNDİRDİ… – FOTOLAR

Read Next

Ərdoğan da NATO-nun sammitinə-QATILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir