Bu gün Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sinan Məhəmməd oğlu Məmmədovun doğum günüdür.
Sinan Məmmədovun bu gün 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğüm günüdür.
Etikxeber.az xəbər verir ki, əslən Gədəbəyli olan Sinan Məmmədov 2000-ci ilin 10 sentyabr tarixində Bakı şəhərinin Nərimanov rayonunda dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Sinangil əslində ailədə dörd uşaq-iki qardaş, iki bacı olublar…
Ancaq ondan sonra dünyaya gələn bir qardaşı və bir bacısı elə körpəykən vəfat ediblər…
Balaca və tək bacısı Cansu yaş yarımlıq olarkən, 2013-cü ilin sentyabr ayında isə atasını-atalarını vaxtsız və faciəli şəkildə itiriblər…
Ataları Məhəmməd Məmmədov yol qəzasında, cəmi 39 yaşında faciəli şəkildə dünyasını dəyişib…
Anaları, səhhətində problemləri olan Rəsmiyyə xanım həmin gündən, 2013-cü ilin sentyabr ayının 17-dən onlara-övladlarına həm analıq, həm də atalıq edib…
Sinan 2006-2017-ci illərdə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 və 193 nömrəli tam orta məktəblərdə təhsil alıb…
Orta məktəbi bitirdikdən bir müddət sonra-2019-cu ilin aprel ayında Əsgərliyə yollanıb, Goranboy və Tərtər istiqamətlərində yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib…
Hərbi xidmətdə olduğu dövrdə ona həm də Kiçik çavuş hərbi rütbəsi verilib…
Eyni zamanda, hərbi xidmətini başa vurmağa az qalmış, İkinci Vətən Müharibəsindən cəmi günlər öncə yenidən həyatını Ordu, hərb ilə bağlamaq qərarı verib, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərmək üçün 3 illik müqavilə imzalayıb…
Ancaq İkinci Vətən Müharibəsinin başlaması ilə hərbçi-MAXE olmaq arzusu yarımçıq qalıb…
Müharibənin 3-cü günündə, sentyabrın 29-da, 20 yaşının tamamından cəmi 19 gün sonra Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…
Şəhidliyindən cəmi saatlar öncə isə axırıncı dəfə, 29-u gecə saatlarında anası Rəsmiyyə xanımla danışıb…
29-u saat 11-12 radələrində də Sinanın Şəhidliyi xəbəri ailəsinə-anasına verilib…
Və elə həmin gün nəşi Bakı şəhərində yerləşən Dədə Qorqud Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib…
Sinan həm də subay olub.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Eyni zamanda, Cənnətdəki üçüncü doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az