Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Nadim oğlu Nadirovun Anım Günüdür.
Rəşad Nadirovun bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.
Anım Günü ilə bağlı bu gün Bərdə Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, qısa çıxışlar olunacaq, sonra Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək.
Etikxeber.az xəbər verir ki, Rəşad Nadirov 1999-cu ilin sentyabrın 20-də Bərdədə ziyalı ailəsində dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
2005-2016-cı illərdə orta məktəbdə oxuyub, 2016-cı ildə Azərbaycan Universitetinə daxil olub.
2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb.
21 yaşının tamamından bir həftə sonra, 2020-ci ilin 27 sentyabrından isə İkinci Vətən Müharibəsində iştirak edib.
İkinci Vətən Müharibəsi zamanı qardaşı ilə birlikdə Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstəriblər.
Və 2020-ci ilin 21 oktyabr tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Qardaşı Elşad Nadirov isə yaralanıb.
Nəşi 8 gün sonra, oktyabrın 29-da Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Rəşad həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





