“Qarşıda daha böyük hədəflərimiz, işlərimiz var və onları da birlikdə bacaracağıq, onları da birlikdə bir-bir hədəfinə çatdıracağıq!”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (DÖRDÜNCÜ-SONUNCU HİSSƏ)

Ziyad SƏMƏDZADƏ: “Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!”

Etikxeber.az millət vəkili, akademik Ziyad Səmədzadənin geniş müsahibəsini təqdim edir:

(DÖRDÜNCÜ-SONUNCU HİSSƏ)

Azərbaycana artan dəstək…27 sentyabr və 44 günlük İkinci Vətən Müharibəsi, tarixi Qələbə!

 -İyul-Tovuz hadisələrindən sonra beynəlxalq aləmdə Azərbaycan, Qarabağ həqiqətləri daha aydın görünməyə başlandı, Azərbaycana dəstək daha da artdı. Yəqin ki, fikirlərimizlə razılaşarsınız?

-Bəli, Azərbaycana dəstək daha da artdı, Ermənistanın ifşası daha da gücləndi, daha da sürətləndi. Xüsusilə, hər zaman yanımızda olan qardaş və dost Türkiyədən, onun dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğandan Azərbaycana verilən dəstək daha da genişləndi. Eyni zamanda, hər zaman Azərbaycan dost və qardaş münasibəti ilə fərqlənən Pakistandan, Ukraynadan, Əfqanıstandan və digər dövlətlərdən Azərbaycan güclü dəstək gəldi. Ancaq yenə də ən böyük dəstək qeyd etdiyimiz kimi, qardaş və dost Türkiyədən oldu. Bütün müstəvilərdə Azərbaycana dəstək ifadə edildi. Azərbaycan və Türkiyə rəsmilərinin, xüsusilə, iki ölkənin hərbçilərinin qarşılıqlı səfərləri daha da artdı, genişləndi. Azərbaycan və Tükiyə hərbçilərinin növbəti və hərtərəfli təlimlərinə start verildi, Azərbaycanın yalnız və tək olmadığı, buraxılmadığı və buraxılmayacağı dünyaya mesaj edilmiş oldu. Və 2020-ci ilin sentyabrın 27-si, səhər saatlarında Ermənistanın növbəti təxribatı onun sonunu gətirdi, işğala son qoyulmasını gürətləndirdi və onu gerçəkliyə çevirdi.

Bir andaca müsəlləh əsgərə dönən Azərbaycan xalqı 44 günlük savaşla, İkinci Vətən Müharibəsi ilə qanlı 32 illik Qarabağ münaqişəsinə son nöqtəsini, Ali Baş Komandanın dediyi kimi, nidasını qoydu! Artıq nə Dağlıq Qarabağ münaqişəsi var, artıq nə təmas-cəbhə xətti var, artıq nə status, status-kvo var, artıq nə də Dağlıq Qarabağ deyilən coğrafi quruluş var. Artıq dağlı-aranlı Qarabağ və Qarabağlı vahid Azərbaycan var. Ali Baş Komandanın dediyi kimi, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Biz bu vəziyyətlə barışmadıq və hər zaman, dəfələrlə deyirdik ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda.

Elə bir gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma Ali Baş Komandanın da bəyan etdiyim kimi, hər kəs bilməlidir ki, əsas missiyanı onun prezidentliyi dövründə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi. Bizim müharibəmiz – İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Qarabağın işğalına son qoyulmasından sonra da Qələbə üzərinə Qələbə, Zəfər üzərinə Zəfər gəlir. Hər gün növbəti Tarix yazılır, hər gün düşmənə növbəti Dərs verilir. Artıq son 4 ayda Qarabağa, işğaldan azad olunmuş ərazilərə Ali Baş Komandan və onun sadiq, ən sədaqətli silahdaşı Mehriban xanım Əliyevanın birlikdə 5 səfəri gerçəkləşdirilib.

Beş səfər, beş Zəfər, beş Qələbə!

Bəli, artıq ötən müddət ərzində Qarabağın bərpası, dirçəldilməsi, cənnət-məkana çevrilməsi ilə bağlı böyük işlərə start verilib.

Qarşıda da daha böyük hədəflərimiz, işlərimiz var və onları da birlikdə bacaracağıq, onları da birlikdə bir-bir hədəfinə çatdıracağıq!

Kamil HƏMİDOV

Etikxeber.az

Read Previous

Daha bir rayonda əməliyyat keçirildi-BİR NEÇƏ VƏZİFƏLİ ŞƏXS SAXLANILDI…

Read Next

Ailə üzvlərindən tək qardaşı qalan Şəhid Elməddin Nurzalıyevin yaşadığı “ev” VƏ YA ŞƏHİD QARDAŞI NİYƏ XİDMƏTƏ ÇAĞIRILIR? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir