“Qarşıda duran əsas məqsəd regionda sülhü, təhlükəsizliyi bərpa etmək, yeni əməkdaşlıqlar yaratmaqdan ibarətdir”-CEYHUN MƏMMƏDOV

Dünyanın ikinci böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsi və 120 ölkənin yekdil qərarı ilə sədrlik müddətinin növbəti ilin sonuna qədər uzadılması xüsusi əhəmiyyət daşıyır. Bu bir daha onu göstərir ki, beynəlxalq arenada ölkəmizə güvən, etimad və rəğbət yüksək səviyyədədir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Bildirib ki, Qoşulmama Hərəkatında Gənclər Şəbəkəsi və Parlament Şəbəkəsi təşəbbüslərinin gələcəkdə reallaşması ilə Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı daha da artacaqdır. Bu münasibətlərin inkişafı üçün görülməli digər vəzifə Bandunq prinsiplərinə riayət etməkdən ibarətdir. Ölkələrin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə qarışmamasını özündə əsas mövqe tutan bu prinsipə Azərbaycan tərəfindən yüksək səviyyədə riayət olunur.

Onun sözlərinə görə, COVİD-19 pandemiyası zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi bu xəstəliklə mübarizə üçün geniş təbliğat işlərinin aparılmasına imkan yaratdı. Qoşulmama Hərəkatı olaraq pandemiya zamanı 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərildi. Digər ölkələrə dəstək olunmasını, tibbi və humanitar yardımların edilməsini pandemiya ilə mübarizə istiqamətində aparılan ən vacib işlərdən hesab etmək olar.

“Azərbaycan hər zaman digər ölkələrin haqlı mövqeyinə dəstək olur. Qoşulmama Hərəkatına sədr ölkə kimi bu prinsipimiz daima davam edəcək. Heç bir ayrıseçkilik etmədən obyektiv mövqe göstəriləcək. Eyni zamanda, Qoşulmama Hərəkatının üzv dövlətləri də II Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq səsinə dəstək oldular, ermənipərəst qlobal qüvvələrin ölkəmizə qarşı hücumuna mane oldular.

Son 30 il ərzində ölkəmiz dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biridir. İşğal edilmiş ərazilərdə etnik təmizləmə aparılmasına, dini, tarixi, mədəni abidələrin dağıdılmasına, yaşayış məntəqlərinin viran edilməsinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiyalar göstərilmədi. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ola bilərdi, lakin bu təzyiqlər reallaşmadı.

ATƏT-in Minsk qrupu bu illər ərzində öz yarıtmaz fəaliyyəti ilə yadda qaldı. Ordumuz Zəfər əldə etdikdən sonra Minsk qrupunun da fəaliyyəti əhəmiyyətsiz oldu. Artıq bu qrup tarixi qovuşmaq üzrədir. Beləliklə, indi qarşıda duran əsas məqsəd regionda sülhü, təhlükəsizliyi bərpa etmək, yeni əməkdaşlıqlar yaratmaqdan ibarətdir.

Qoşulmama Hərəkatı yalnız müdafiə, sülh məsələlərinin təmin edilməsi üçün çalışmır. Beynəlxalq hərəkatın əsas məqsədlərindən biri də dünyada baş verən ərzaq, enerji və humanitar böhranları aradan qaldırmaq, dayanıqlı inkişaf məqsədlərinə qısa bir zamanda nail olmaqdan ibarətdir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bakı yollarında vəziyyət-AÇIQLANDI

Read Next

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir