Qaysalı-Vətən sevdalısı Heybullah…BU GÜN HƏM DÜNYAYA GƏLDİYİ, HƏM DƏ ŞƏHİD OLDUĞU GÜNDÜR…-KAMİL HƏMZƏOĞLU YAZIR

Bu gün daha bir Nur üzlü Şəhidimizin-Balakənimizin, cəmi Azərbaycanımızın İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən olan Heybullah Məzahir oğlu Əsdiyevin Şəhid olduğu, Şəhadətə qovuşduğu gündür…

Düz bir il keçir Onun Şəhidliyindən…

Düz bir il öncə-27 yaşının tamam olduğu gün, 14 oktyabr tarixində Vətən torpaqları uğrunda döyüşlərdə Şəhidlik məqamına ucaldı…

Düz bir il öncə-dünyaya gəldiyi saatlarda da bu etibarsız dünyaya “əlvida” dedi, gözlərini bu fani dünyaya əbədilik yumdu…

1993-cü ilin 14 oktyabrında dünyaya gəldi sadə, zəhmətkeş bir ailədə, 27 il sonra, elə həmin gün, növbəti doğum günündə, 14 oktyanr 2020-ci il tarixində də bu dünyadan köç etdi…

Kişi kimi gəldi, KİŞİ kimi də getdi bu dünyadan…

İgidliyilə, Cəsurluğuyla, Qorxmazlığı və Şəhidliyilə!

***

Heybullah Balakənin Qaysa kəndindəndir…

Ailədə də iki övlad, iki qardaş olublar…

Təkcə qardaş deyil, həm də dost, sirdaş olublar…

O və qardaşı Kamran…

Hələ də qardaşının yolunu, qayıdacağı günü gözləyən Kamran…

Heydbullah İkinci Vətən Müharibəsindən az öncə Rusiyadan qayıdıbmış, evin böyük övladı olduğu və artıq yaşı keçdiyi üçün evləndirmək istəyirmişlər…

Amma…

İkinci Vətən Müharibəsi ömrünü yarımçıq qoyduğu kimi, ailəsinin də arzusunu, arzularını gözündə qoydu…

Övladlarının toyunu görmək qismət olmadı onlara…

Və oktyabrın 14-də Şəhid olsa da, nəşi üç gün sonra, ayın 17-də Qaysa kənd qəbiristanlığında torpağa tapşırıldı…

Ancaq Heybullahın ən böyük arzusu-Vətən torpaqlarını, Qarabağını işğaldan qurtulmuş, azad görmək arzusu çin oldu…

Onun kimi Vətən oğullları, Vətən sevdallıları, döyüş yoldaşları Vətən torpaqlarını, Qarabağı işğaldan qurtardı, erməniləri diz çökdürdü…

Digər Şəhidlərimiz kimi Vətən sevdalısı Heybullahın da qani yerdə qalmadı, qisası yerdə qoyulmadı…

Bütün Şəhidlər kimi Heybullahın da ruhu sevindirildi, şadlandırıldı!

***

Təxminən 9 ay öncə, bu ilin yanvarın 17-də Şəhidimizin ailəsində, yaşadığı evdə, Qaysa kəndində olmuşdum…

Şəhidimizin valideynləri-anası Nəzakət xanımla, atası Məzahir kişi ilə, tək qardaşı Kamranla görüşmüş, söhbətləşmiş, dərdləşmiş, onlara başsağlığı vermiş, Allahdan səbr diləmiş, “Cəmi Şəhidlərimizin, içində Heybullah balamızın məzarı, məkanı cənnətlik olsun”-demişdim…

Qeyd etdiyim kimi, bu gün Onun həm Şəhid olduğu gündür, həm də Cənnətdəki, Cənnətindəki ilk ad günü, 28 yaşının tamam olduğu gündür, mövlududur…

Bu gün Onun, Şəhidimizin ailəsinin yanında olmaq istyəyirdim…Amma təəssüf ki, bəzi səbəblərdən ola bilmədim…

Çox üzüntülüyəm, üzgünəm… Amma xatirəsi hər zaman qəlbimizdə, qəlbimdədir…

Ruhu qarşısında baş əyirəm, məkanı cənnətlik, Cənnətdəki ilk ad günü, mövludu mübarək olsun deyirəm, bir daha ailəsinə Allahdan səbr diləyirəm!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1265 yeni yoluxma-DAHA 17 ÖLÜM…

Read Next

“Azərbaycan işğala təcavüzə məruz qalan toplumlar üçün ümid yerinə, terror meyillərindən və separatizmdən əziyyət çəkən dövlətlər üçün presedent ünvanı hesab olunmağa başlayıb”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir