Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Koronavirus adlı bəla, illət, zillət…həyatımızı gerçəkdən alt-üst etdi və etməkdədir də…
Real, canlı həyatdan virtual, boz, cansıxıcı… həyata yuvarlandıq, yuvarlatdı bizi…
Dostdan, tanışdan, qohumdan, əqrəbadan, əzizlərimizdən, ən yaxınlarımızdan olduq…
Zatən, internet, mobil telefonlar, fb, vatsap və sair…bizi illərdir virtuallaşdırmış, reallıqdan, canlılıqdan uzaqlaşdırmış, bozlaşdırmışdı…
Koronavirus zəhrəmanı isə bunları daha da dərinləşdirdi, bizləri bir-birimizdən daha da güclü şəkildə ayırdı…
Sentyabr ayının sonları, oktyabrda Balakənə, Balakənimizə getmək fikrim vardı yenə…
Bilənlər bilir ki, Balakən, Balakənlilər mənim üçün necə əziz və doğmadır…
Keçmiş iş yoldaşlarım, sabiq “525”-cilər-Könül, Nasir və gözəl ailəsi (itirdiyi əzizləri, əzizlərim), daim hörmət və ehtiram duyduğum, özümə doğma bildiyim gözəl İnsan, gözəl Şəxsiyyət Rəbiyyət xanımın keçmiş köməkçisi, məhz Rəbiyyət xanımın sayəsində 10 ilə yaxındır yaxından tanıdığım, dostum-Mehman qardaşım, Anar qardaşım…Balakəni, Balakənliləri mənə bir daha əzizləşdirdi, doğmalaşdırdı…
Amma…Tarixi və Möhtəşəm 44 günlük İkinci Vətən Müharibəsi necə deyərlər, məni bu səfərimdən, bu arzumdan etdi…Balakənə gedə bilmədim…Sonra isə yenidən koronavirus bəlası və məlum durum…
Sözümün canı-dostum, qardaşım Mehmanla 4 aya yaxın idi danışa, əlaqə saxlaya bilməmişdim bəlli səbəblərdən, baş qarışıqlığından…
Amma nəhayət, bir az öncə Mehman qardaşımla danışdım, hal-əhvallaşdım, dərdləşdim (dərdlərdən uzaq olaq)…
Kövrək məqamlar yaşandı, təbii ki, İkinci Vətən Müharibəsindən, Şəhidlərimizdən, Yaralılarımızdan danışdıq…
Qeyd edim ki, saf və təmiz Balakən İgidləri də İkinci Vətən Müharibəsində can qoydular, Dastan yazdılar Birinci Qarabağ Savaşında olduğu kimi…
Şəhidləri də, Yaralıları, Qaziləri də var…
Mehman dedi ki, onların qohumları arasında da bir neçə Yaralı, Qazi qardaşlarımız var…
Qazilərimizdən biri müharibədə ayağını itirib…Atası da Birinci Qarabağ Savaşının Qazisidir…
Ata gözünü itirib, oğlu isə İkinci Qarabağ Savaşında ayağını…
Digər bir qohumu isə müharibədə ağır yaralanıb, dabanını itirib…
İgidlərimiz, Qazilərimiz Balakənimizin Xalatala və Meşəşambul kəndlərindəndir…



Soquvuşan fatehi Pərviz Urkayev və yenə Ağdərədə, Birinci Qarabağ Savaşında vuruşmuş, gözünün birindən olmuş Qazi atası Nazim kişi…
“Elə bildim şəhid oluram, başımı qoydum torpağa, gözlərimi yumdum”-deyən, Tərtər istiqamətində İgidlik göstərmiş, ağır yaralanmış Ömər Bozbaxov…





Həm Pərviz, həm də Ömər Ali Baş Komandan tərəfindən igidliklərinə görə, təltifləniblər, “Cəsur döyüşçü” medalına layiq görülüblər…
Haqlarıdır, Haqq edirlər…
Fəxrimizdirlər! Qürurumuzdurlar!
Minnətdarıq! Borcluyuq-hər birinə!
Allah Şəhidlərimizə, o cümlədən, Balakənli Şəhidlərimizə rəhmət etsin, ailələrinə səbr versin, Böyük Yaradan Qazilərimizin, Yaralılarımızın ( o cümlədən, Balakənli Qazilərimiz və Yaralılarımızın) şəfasını versin, tezliklə sağlıq-salamatlıqlarına qovuşdursun.
Zəfər, Dastan yazan Oğullarımızın hamısının qarşısında baş əyirəm, baş əyirik!
İnşallah, yaza kimi, yollar açılar, həyatımız nisbətən normala dönər, mənim Balakən arzum da reallaşar və daha geniş yazaram-Balakənimdən, İgid Balakənlilərimzdən.
Öpürəm, bağrıma basıram hamınızı!




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az