Qeyri-kommersiya təşkilatlarının sayı 4300-ü, KİV-lərin sayı isə 5100-ü ötüb – ƏDLİYYƏ NAZİRLİYİ

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, iclasda ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğu, bu münasibətlə keçirilmiş rəsmi qəbulda Prezident İlham Əliyevin nitqində Azərbaycanın müstəqillik illərindəki inkişaf yolunu dolğun və ətraflı təhlil etdiyi vurğulanıb və müstəqilliyimizin qorunub möhkəmləndirilməsində mərhum Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib. Həmçinin dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən, hüquqi dövlət quruculuğu prosesində, xüsusilə ədliyyə və məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlardan bəhs olunub.

Kollegiyada təməli H. Əliyev tərəfindən qoyulmuş humanizm siyasətinin uğurla davam etdirilməsi diqqətə çatdırılaraq bildirilib ki, ötən dövrdə Azərbaycan Prezidentinin 61 əfv aktı ilə 6 min 500-ə yaxın məhkum müxtəlif cəzalardan azad olunub, qəbul edilmiş 11 amnistiya qərarı isə 118 minə qədər şəxsə tətbiq olunub ki, onlardan 30 minədək məhkum ailəsinə, cəmiyyətə qovuşub.

Qeyd olunub ki, H. Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə cari il 28 May – Respublika Günü münasibətilə qəbul edilmiş sayca 4-cü amnistiya qərarı ilə 11 minə yaxın şəxs müxtəlif cəzalardan, o cümlədən 3535 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub. 15 İyun – Milli Qurtuluş Günündə icrasına başlanılmış bu humanist aktın müəyyənləşdirilmiş vaxtda dürüst icrası təmin edilib.

İclasda Azərbaycan Prezidentinin “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2016-cı il 21 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasında, qrantların verilməsi prosedurunun asanlaşdırılmasında və bu sahədə şəffaflığın təmin olunmasında qeyd olunan Fərmanın müstəsna əhəmiyyəti vurğulanaraq bildirilib ki, gələn il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqinə başlanılacaq və bu prosedurda qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici qurum kimi müəyyən olunub.

Bununla əlaqədar Azərbaycan Prezidentinin Fərmanının icrası, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ayrılan maliyyə vəsaitlərinin qeydiyyatı işinin dəqiq və dürüst təşkili, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.

Məlumat verilib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına daim xüsusi önəm verilir, bu məqsədlə nazirlik tərəfindən qeyri-hökumət təşkilatları üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılaraq aparılır və QHT-lər bu sistemdən səmərəli istifadə edirlər. Həmçinin dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4300-ü, KİV-lərin sayı isə 5100-ü ötüb.

Kollegiyada, həmçinin ədliyyə orqanlarında kadr işinin, o cümlədən gənclər və könüllülər ilə fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, son 10 ildə 5500-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf mütəxəssis işə qəbul olunub. Bu zaman dövlət gənclər siyasətinə müstəsna yer verilib və bunun nəticəsidir ki, hazırda ədliyyə qurumlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir.

Həmçinin könüllülər institutunun təşviqinə xüsusi önəm verilərək gənc könüllülərin ədliyyə orqanlarına cəlb olunduğu, bu zaman Azərbaycan brendi olan və 12 milyondan çox insanın faydalandığı, o cümlədən əməliyyatların təxminən 40 faizinin aparılmasında payı olan ədliyyənin müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət”in təcrübəsindən yararlanıldığı diqqətə çatdırılıb. Ötən dövr ərzində müvafiq vərdişlərə malik və könüllü kimi fəaliyyət göstərmiş 50-yə yaxın könüllünün işlə təmin edildiyi vurğulanıb.

Bildirilib ki, ölkəmizdə bu yeni institutun inkişafı üzrə məqsədyönlü addımlar atılır, dövlət başçısının təşəbbüsü ilə “Könüllü fəaliyyət haqqında” Qanunun, habelə könüllülərin həvəsləndirilməsi ilə bağlı mühüm qərarların qəbul olunması, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı bu sahəyə dövlət qayğısının bariz təzahürü olub.

Bununla əlaqədar iclasda könüllülərlə işin təşviqi üzrə əlavə tədbirlərin görülməsinin vacibliyi vurğulanaraq, onların ədliyyə fəaliyyətinin müxtəlif istiqamətlərinə daha geniş cəlb edilməsi, könüllülərin zəruri bilik və bacarıqlar əldə etmələri üçün Ədliyyə Akademiyasında təlimlərin təşkili və s. məsələlərlə bağlı tapşırıqlar verilib.

Kollegiyada bir çox qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Etikxeber.az

Read Previous

“Moskva merinin təqaüdü”nü alacaq 22 namizəd təsdiqlənib

Read Next

Akademik Milli Dram Teatrı noyabr repertuarını açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir