Qida təhlükəsizliyi qanunla tənzimlənəcək – ELDAR İBRAHİMOV – YENİLƏNİB – (2)

 

Qida təhlükəsizliyi ilə bağlı ayrıca müstəqil qanun olacaq.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı adıçəkilən komitənin yanvarın 31-də keçirilən ilk iclasında məlumat verib.

O, qeyd edib ki, yaz sesssiyası dövründə komitəyə “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsinin təqdim edilməsi gözlənilir:

“Hesab edirəm ki, belə bir qanun layihəsinin qəbuluna da ehtiyac var. Belə bir qanun lazımdır. Çox güman ki, yaz sessiyası dövründə bu sənədlə bağlı ən azı ilkin müzakirələri apara biləcəyik”.

***

eldar-2

E. İbrahimov eyni zamanda qeyd edib ki, yaz sessiyası dövründə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsinin müzakirələri nəzərdə tutulur.

Onun sözlərinə görə, adıçəkilən sənədin müzakirələri hələ 2017-ci ilin payız və 2018-ci ilin yaz sessiyalarında nəzərdə tutulsa da, müəyyən səbəblərdən  baş tutmayıb:

“Bildiyiniz kimi, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyində həm rəhbərlik, həm kadr, həm də srtuktur dəyişiklikləri baş verdi. Odur ki, sənədin üzərində yenidən işlər davam etdirildi. Məndə olan məlumata görə də, sənəd artıq müzakirələrə hazırdır və bu baxımdan, onun yaz sessiyasında müzakirələri baş tuta bilər”.

Komitə sədri bununla yanaşı  “Meliorasiya və irriqasiya haqqında” qanunla bağlı müəyyən  yeniliklərin gözlənildiyini bildirib.

Qeyd edib ki, hazırda belə bir qanun mövcuddur, amma onun yeniləndirilməsinə, təzələnməsinə ehtiyac yaranıb:

“Odur ki, yaz sessiyasında həmin qanunla da bağlı dəyişiklikləri özündə ehtiva edən qanun layihəsinin müzakirələrə təqdim edilməsi və qəbulu gözlənilir”.

***

Eldarrrrr

“Hər sahədə olduğu kimi, sığorta kənd təsərrüfatında da vacib məsələlərdəndir. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar bundan yararlanarlar”.

Bunu isə  Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

“Azərbaycanın iqlimi qədər də dəyişikliyə məruz qalmır, amma ölkəmizdə də subasma hadisəsi baş verir, dolu düşür və digər neqativ hallar olur. Belə olanda halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər.Ümid edirəm ki, yaz sessiyasında bu qanun layihəsi qəbul ediləcək”-deyə, o, sözlərinə əlavə edib.

***

eldeniz-eldeniz

Millət vəkili Eldəniz Səlimov da öz növbəsində saytımıza açıqlamasında qeyd edib ki, belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur.

O, bildirib ki, artıq bu yöndə müzakirələrə başlanılması və onun qəbul edilməsi zamanıdır:

“Mən də şəxsən hesab edirəm ki, nəhayət, belə bir qanun layihəsi müzakirələrə çıxarılmalı və qəbul edilməlidir. Bu qanun qəbul olunursa, onun ölkənin aqrar sektorunun, kənd təsərrüfatının inkişafına, bu sahədə çalışan insanlara, fermerlərə, sahibkarlara böyük xeyri olacaq. Yəni, hansısa fövqəladə hadisə ilə bağlı fermerlərə, sahibkarlara ziyan dəyərsə, onlar tezliklə bu ziyandan, zərərdən qurtula, öz işlərini daha yüksək səviyyədə,  yüksək templə davam etdirə bilərlər. Ona görə də hesab edirəm ki, yaz sessiyasında belə bir qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu çox məqsədəmüvafiq olardı”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“İnsanların hissləri ilə oynamasınlar…” – ZAHİD ORUCDAN DƏSTƏK VƏ TƏPKİ

Read Next

Məhkəmə işləri və vəzifəli şəxslərlə bağlı parlamentə şikayətlər daxil olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir