Qida üçün yararsız olan balıq satışının qarşısı alındı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Sumqayıt şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı yarmarkasında heyvandarlıq məhsullarına (iri və xırdabuynuzlu heyvan, quş, balıq ətlərinə, bal və s.) baytarlıq nəzarəti həyata keçirilib.

DBNX-dən Etikxeber.az-a bildirilib ki, heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizası zamanı Neftçala rayonundan alınıb yarmarkaya satış məqsədi ilə gətirilmiş müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri standarta uyğun gəlməyən, pis qoxulu, antisanitar vəziyyətdə daşınan, Masallı rayon sakini Əsədov Firudin Şakir oğluna məxsus 179 kiloqram, Sumqayıt şəhər sakini Qarakişiyev Arif Cavad oğluna məxsus 27 kiloqram (cəmi 206 kiloqram) çəkidə insan qidası üçün yararlığına şübhə yaradan balıqlar aşkar edilərək satışdan çıxarılıb.

İnsan qidası üçün yararlığı şübhə doğuran balıqlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, Firudin Əsədova məxsus balıqlarda aeromonoz xəstəliyinin, Arif Qarakişiyevə məxsus balıqlarda isə saprolegniz xəstəliyinin törədiciləri aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə görə, balıqların insan qidası üçün keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının 2016-cı il 19 sentyabr tarixli ekspertizasının nəticələri nəzərə alınaraq balıqların zərərsizləşdirilməsinə qərar verilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Etikxeber.az

Read Previous

Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunan yubiley tədbiri düzənləndi

Read Next

Ələkbər Kazımovski dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir