“Qisas” əməliyyatı cəza tədbiri idi… Laçına, Zabuxa, Susa qayıtmalıyıq… Yaxın həftələrdə Ermənistandan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik…”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (6)

Son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır.

Etikxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib:

“Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Son illərdə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilmişdir və elektriklə təchizat tam təmin edilir. Yolların çəkilişi, həm kənd yolları, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsi icra edilir”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Qobustan rayonundakı “Diri Baba” türbəsində aparılan yenidənqurma işlərindən də bəhs edib.

Müsahibədə “Diri Baba” türbəsində gedən işlərlə tanış olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə ki, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”.

***

Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə ki, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın. Bunu da biz təmin etdik.

İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Basqal qəsəbəsinin inkişafı, tarixi irsinin qorunması ilə bağlı bir neçə il əvvəl xüsusi Sərəncam imzaladığını vurğulayan dövlətimizin başçısı həmin Sərəncam əsasında Dövlət Turizm Agentliyinin burada həyata keçirdiyi işlərin təxminən 50 faizinin başa çatdırıldığını qeyd edib.

“Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanları kimi öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır”, – deyə Prezident İlham Əliyev bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Azərbaycan Televiziyasına müsahibəsində Basqal qəsəbəsində 179 otaqdan ibarət “Basqal Resort & Spa” otelinin açılışının bölgədə turizmin inkişafı baxımından önəmindən bəhs edib.

“Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək”, – deyən Azərbaycan Prezidenti bildirib ki, belə obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqal otelində 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

“Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına təkan verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Yəni, Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır. Çünki bizim əhalimiz artır. İş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində iş yerlərinin yaradılmasına, iş yerlərinin artırılmasına böyük dəstək olur”, – deyə dövlətimizin başçısı bildirib.

***

Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq.

Bunu İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında bildirib.

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.

***

“Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdən bir bunu unudur. Ona görə bu faciəvi hadisələr baş verir.

Bu fikirləri də Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ifadə edib.

Müharibədə Zəfər çaldığımızı, ərazi bütövlüyümüzü bərpa etdiyimizi xatırdaladan dövlətimizin başçısı bildirib:

“Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq”.

Azərbaycan Prezidenti vurğulayıb ki, bizim istəyimiz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.

***

Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq.

Bunu da Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Azərbaycanın 2020-ci il 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qaldığını, Laçından yan keçən yeni yolun tikintisini və digər addımları da bu öhdəliklər əsasında atdığını və gördüyünü bildirən dövlətimizin başçısı deyib:

“Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidir, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, yaxud il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi. Nə üçün təklənməsi? Ona görə ki, onlar haqsızdır. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Halbuki, mən onlara birbaşa demişəm, özü də rəsmi qaydada. Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı”.

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır.

***

İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir. Amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə.

Bu sözləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

“Çünki müharibə başa çatandan dərhal mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Qarabağda yaşayan ermənilər də gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”, – deyən dövlətimizin başçısı gələcəyə nikbinliklə baxdığını bildirib.

Prezident İlham Əliyev bir daha xatırladıb:

“Həmişə istədiyimizə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.

Etikxeber.az

Read Previous

Prezidentlə Birinci vitse-prezident Qobustan, İsmayıllı və Ağsuda-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (8)

Read Next

“Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə…”-PREZİDENT – FOTO – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir