Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünəndən bəri cəbhə bölgəsindən gələn qeyri-rəsmi xəbərlərdə, həmçinin erməni tərəfinin vay-şivənində Xocavənd rayonundakı məşhur Qarakəndin də Azərbaycan Ordusunun güclü zərbələrinə məruz qaldığı da yer alır.
Bu o bədnam Qarakənddir ki, ötən yüz ildə ermənilər vaxtaşırı oradan Azərbaycana, dinc soydaşlarımıza qarşı yüz cür fitnə-fəsad yönəldib, hücumlar ediblər.
Cəzasız qaldıqca, özlərini “toxunulmaz” bildikcə də həyasızlaşıblar.Hələ 1918-ci ildə Nuru Paşanın komandan olduğu Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi zamanı da mənfur Qarakəndin haqlı cəzadan hansısa yolla qurtulduğu bildirilir.
Və bu o Qarakənddir ki, 29 il öncə – 1991-ci ilin 20 noyabrında erməni terrorçuları onun yaxınlığında, Ağdamın Mərzili kəndi ərazisində Azərbaycana məxsus Mİ-8 vertolyotunu amansızcasına vurub saldılar.
Həmin terror aktının qurbanlarından söz açılarkən ilk növbədə, Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, Daxili İşlər naziri olmuş Məhəmməd Əsədov, alim-publisist, Prezident Aparatında çalışan Osman Mirzəyev, tanınmış telejurnalist və şair Alı Mustafayev yada düşür.
Çünki onlar şəxsi keyfiyyətləri, parlaq əməlləri ilə daha çox önə çıxmış, Azərbaycan xalqının böyük rəğbət və hörmətini qazanmışdılar. Ancaq 20 noyabr qurbanlarının siyahısı yalnız bu əfsanələşmiş şəxsiyyətlərlə bitmir…
Millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, nazir müavini Qurban Namazəliyev, teleoperator Fəxrəddin Şahbazov, teleişıqçı Arif Hüseynzadə, Dövlət katibinin köməkçisi Rafiq Məmmədov, prokuror Plavski, nazir müavini Serikov (Qazaxıstan), milis generalı Lukaşov, milis rəisi Kovalyov, DTK-nın şöbə rəisi İvanov, hərbi komendant Jinkin, podpolkovnik Koçerev, ekipaj üzvləri – Kotov, Domov, Yarovenko da o dəhşətli cinayətin qurbanlarıdır.
Onların kömürə-kösövə dönüb tanınmaz olmuş cəsədlərinin görüntüləri hələ də gözlərimiz önündən çəkilmir. Terroru törədənlərin aşkarlanıb cəzalandırılması səriştəsizlik və qətiyyətsizlik üzündən mümkün olmadı.
Sonra isə müharibənin daha da alovlanması səbəbindən bu, bir qədər arxa plana keçdi.
Amma unutmadıq, unuda da bilməzdik!
O vəhşiliyi törədən erməni faşistləri cəzasız qalsa, onların yuvalandığı məntəqə düşməndən təmizlənməsə, 20 noyabr qurbanlarının ruhu rahatlıq tapmaz və bu, yəqin ki, Allaha da xoş getməz.Bu günlərdə Qarabağda ardıcıl zəfərlərlə tarix yazan şanlı Ordumuz, inşallah, lap tezliklə Qarakəndi də azad edər.
Beləliklə, o dəhşətli cinayətə qurban gedənlərin qisası, erməni terrorçuların cəzası nəinki 30-cu ildönümü olan 2021-ə, heç bu ilin 20 noyabrına da qalmaz!
Allah əsgərlərimizi, Ordumuzu qorusun!
Var olsun Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Rəşad MƏCİD,
“525-ci qəzet”-in baş redaktoru
Etikxeber.az