“Qızıl toy” tamaşasının nümayişi Sabir Sultanovun 70 illiyinə həsr edildi

Azərbaycan Dövlət Musiqili Teatrının özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan mərhum aktyoru Sabir Sultanovun 70 yaşı tamam olub.

Qurumun mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Musiqili Teatrda Sabir Sultanovun xatirəsi anılıb və “Qızıl toy” tamaşasının növbəti nümayişi mərhum aktyorun 70 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova Sabir Sultanovun həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, aktyorun oynadığı rollar hər zaman tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılanıb. S. Sultanovun “Qızıl toy” komediyasında canlandırdığı Fransız turist oğlan obrazı bu gün də pərəstişkarlarının yaddaşındadır. “Qızıl toy” tamaşasının bugünkü nümayişinin Sabir Sultanovun 70 illiyinə həsr olunmasının səbəbi də məhz budur.

Qeyd edilib ki, Sabir Sultanov 1946-cı ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilib. Burada işgüzarlığı və zəhməti sayəsində aparıcı səhnə ustalığına qədər yüksəlib. Məlahətli səsə, güclü plastikaya və məharətli aktyorluq bacarığına malik olub. Həm rus, həm də Azərbaycan bölmələrində müxtəlif tamaşalarda əsas rolların ifaçısı kimi tanınıb. Sabir Sultanov klassik və müasir bəstəkarların əsərlərində bir sıra özünəməxsus obrazlar yaradıb.

Aktyor eyni zamanda “İşarəni dənizdən gözləyin”, “Meyl”, “Gecə qatarında qətl”, “Yaşıl eynəkli adam-2”, “Nigarançılıq” bədii və televiziya filmlərində müxtəlif rollarda çəkilib. Sabir Sultanov 2010-cu il yanvarın 13-də Bakıda vəfat edib.

Etikxeber.az

Read Previous

“Dialoqun qurulmasında avropalı tərəfdaşlarımızın dəstəyinə ehtiyac duyuylur” – Rövşən Rzayev

Read Next

“Münaqişənin həlli Aİ-nin yaxın qonşuluğunda sabitliyə töhfə verəcək”- Belçikalı deputatlar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir