“Qızımın evində qalıram… 20 ildir evim-eşiyim yoxdur…Kirayə evə çıxmaq istəyirəm…Mənə sahib çıxsınlar…”-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN ANASI ÖLKƏ PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ – FOTOLAR

Şəhidimiz, İkinci Vətən Müharibəsi Şəhidi, Qəhrəman Bərdənin Fəxri-Qəhrəman oğlu Fəxri Qəribzadə…

Şəhidimiz haqqında bir neçə dəfə yazmışam-həm sosial şəbəkə hesabımda, həm də Etikxeber.az-da…

Bu gün isə Şəhidimiz-Fəxrigildəyəm, daha doğrusu, ev-eşiyi, qalmağa yeri-yurdu olmayan Şəhid anasının-Mehparə xanımın müvəqqəti yaşadığı evdəyəm-Bərdənin Güloğlular kəndində yaşayan qızıgildəyəm…

Şəhidimiz bir bacı, bir qardaş olublar…

Özü subay, daha doğrusu, nişanlı olsa da, bacısı Türkanə ailəlidir, öz dayısı oğlu Pərvinlə ailə qurub, 3 oğlan, bir qız anasıdır…

Sonuncu-üçüncü oğlan övladı da qardaşının-Şəhidimizin dünyasını dəyişməsindən, həlak olmasından sonra, 2021-ci ilin fevralın 24-də dünyaya gəlib və körpəyə də Fəxri adını qoyublar…

Şəhid Fəxri Qəribzadənin bacısı oğlu Fəxri Pərvin oğlu Qəribzadə…

Adı ilə böyüsün, dayısının, Şəhidimizin torpağı sanı yaşasın…

Qeyd etdiyim kimi, Şəhidimiz nişanlı olub, öz xalası qızı ilə, Gülyanaqla nişanlanıb Şəhidliyindən 6 ay öncə…

2020-ci ilin noyabrında da toyları olacaqmış…Amma…Fəxri Şəhid olduqdan sonra Gülyanağın da həyatı alt-üst olub, hələ də toparlana bilmir…

Şəhidimiz (ötən yazımda da qeyd etdiyim kimi) ata qayğısı və nəvazişindən də məhrum, uzaq olub…

Atası onu, onları uşaqkən tərk edib gedib…

2002-ci ildən (2007-ci ildən də rəsmən ayrılıblar) anaları Mehparə xanım onlara həm ana, həm də ata olub…

Minbir zəhmətlər, əziyyətlər bahasına iki övladını, Bakıda, Suraxanıda, kirayə və darısqal bir “ev”də böyüdüb boya-başa çatdırıb…

Yatmağa, nahar etməyə belə düz-əməlləri yerləri olmayıb…

Nahar stolu, çarpayıları belə olmayıb…

Anası, bacısı və özü bir divanda yatıblar…

Naharı da həmin divanın üstündə ediblər…

Amma hər zaman Qürurlu, Məğrur olublar…

Kimsəyə əl, ağız açmayıblar…

10 oktyabr tarixində İgidimiz qəhrəmancasına həlak, Şəhid olandan sonra onun nəşinin təhvil vermək üçün ünvan belə tapmayıblar…

“Atası”na zəng edib xəbər verəndə də,cavabı bu olub ki, mənlik deyil, harada dəfn olunur-olsun…

Şəhidimizin nəşi sonda baba ocağına (Mehparə xanımın atası evinə) aparılıb və Şəhidimizlə vida mərasimi də orada baş tutub…

Mehparə xanım da həmin vaxtdan Bakıda kirayə yaşadığı evin (hələ də kirayə pulunu ödəyir və 150 manat) ağızını bağlayıb evi, qalmağa yeri olmadığı üçün Bərdəyə, qızıgilə sığınıb…

Bir ana üçün tək oğul övladını itirmək və üstəlik evsiz-eşiksiz qalmaq, 4 körpəsi olan qızıgildə yaşamaq…çox dəhşətli və sözün bitdiyi bir mənzərədir…

Gerçəkdən sözlər, kəlmələr bu məqamda aciz qalır, acizdir…

18 il öncə övladlarını taleyin ümidinə buraxıb gedən “ata” isə oğlunun Şəhidliyindən düz iki ay sonra “peyda” olub, “haqq mənimdir”-deyib ortalığıa çıxıb…

İddia qaldırıb və çox təəssüflər olsun ki, məhkəmə də onun iddiasını təmin edib, həm sığorta pulunun tən yarısını ona kəsib, həm də vərəsəlik hüququnu ona-“ata”ya verib…

Yenə sözün bitdiyi yer…

Şəhid anası isə bununla heç cür razılaşa, olanları qəbul edə bilmir və tam haqlıdır…

Çünki övlad dərdinin, ev-eşiksizlik dərdinin üstünə əlavə “ata” adına layiq olmayanın “atalıq sevdası” dərdi də gəlib…

Şəhid anasının vəziyyətini, durumunu bu məqamda anlamaq-anlatmaq çox çətindir, çox…

Şəhid anasının dediklərindən:

“Keçən dəfə də dedim, mənə heç nə lazım deyil…Oğlumdan sonra gözümə heç nə görünmür…Amma oğlumun haqqının göz görə-görə tapdalanması məni çox ağrıdır, çox üzrür…Qanunlarımız yaxşıdır, amma həm də orada çox boşluqlar var…Ömür boyu övladından xəbəri olmayan birinin sonradan valideynlik, atalıq sevdasına, iddiasına düşməsi çox böyük ədalətsizlik və haqsızlıqdır…Məhkəmə “ata”nın xeyrinə qərar qəbul edərək, həm sıoğrta pulunun yarsını ona kəsib, həm vərəsəlik hüququnu ona verib… Axı, nə haqla?! Mənə həmin pul lazım deyil, sadəcə, istəyirəm ki, həmin pul və vərəsəlik hüququ ondan geri alınsın…Həmin pulu da qalan hissəsini – hansı ki, bugünəcən əl vurmamışam – üstünə qoyub, çox imkansız, körpə övladı qalan bir Şəhid ailəsinə vermək, bununla Şəhidimin ruhunu sevindirmək istəyirəm…

Amma təəssüf ki, məhkəmə mənim yox, onun xeyrinə qərar qəbul edib… İndi Apellyasiya Məhkəməsinə şikayət verməyə hazırlaşıram…Heç olmasa, həmin məhkəmə instansiyası mənim xeyirimə qərar versin, həm pulu ondan geri tələb etsin, həm də vərəsəlik hüququnu ondan geri alsın…Başqa heç nə istəmirəm…Bunları edə bilməsəm, Şəhidimin ruhu məni nə bu dünyada, nə o dünyada bağışlayar…Özümü də bağışlaya bilmərəm….İstəyirəm ki, qanun hazırlayanlar, Milli Məclisdəkilər bizim də səsimizi duysunlar, bizim də haqqımızı nəzərə alsınlar…Bərdədə neçə Şəhid ailəsi var ki, mənim günümdədir…Ərləri tərk edib gedib, zülm-zillətlə övlad böyüdüblər, oğul Şəhid veriblər, indi isə dərdlərinə-sərlərinə baxan, onlarla maraqlanan yoxdur… Özümdən çox onların dərdi məni öldürəcək… Ona görə çox istəıyirəm ki, bu məsələlər hansısa şəkildə qanunlarımızda əksini tapsın, biz Şəhid analarının, Şəhid ailələrinin fikirləri də nəzərə alınsın, övladları kimin yanında olubsa, kim əziyyət çəkibsə, haqq da, hüquq da ondan yana olsun, onun tərəfində olsun”.

Şəhid anası durumu ilə bağlı Bərdə rayon İcra Hakimiyyətində də olduğunu, “YAŞAT”-la da dəfələrlə danışdığını, ancaq ev məsələsində ona heç bir köməklik göstərilmədiyini deyir:

“YAŞAT” deyir ki, ata gəlməsə, sizə bir kibrit çöpü də verə bilmərik… Axı, hansı “ata”dan söhbət gedir??? O, məgər atalıq edib ki, balalarına?! İndi siz deyin: mən nə edim? Harada qalım, harada yaşayım? Nə vaxta kimi qızımın evində sıxıntı kimi yaşayacağam? Axı, mənim də qürurum var, axı, qızım, qardaşımgilin də öz problemləri, qayğıları var, nə vaxta qədər onlara yük olacam, öz dərdlərimlə onları məşğul edəcəyəm? Mən ev istəmirəm, sadəcə, kirayə evə çıxmaq və kirayə haqqımın ödənilməsini istəyirəm…Mən nə 11 min manatın qalan hissəsinə əl vurmuşam və dediyim kimi, əl vurmaq fikrim də yoxdur, nə də mənə müavinət kəslib…Oğlum Şəhid olandan, Bərdəyə qayıdandan sonra heç bir yerdə işləmirən, özüm də xəstə adamam…İndi mən harada yaşayım, necə başımı dolandırım?! Oğlum yaşaysaydı, mənə heç nə lazım deyildi, indiyə kimi necə yaşamışdımsa, bundan sonra da elə yaşayardım…Amma indi Oğlum da yoxdur, Vətən uğrunda Şəhig gedib…Şəhid ruhuna, Şəhid anasına indi belə hörmət qoyularmı?

İcra Hakimiyyətində olarkən mənə sintetik yorğan-döşək, dəmir çarpayı, bir-iki ayırı əşya verdilər, daha doğrusu, arxamca göndərdilər…Bunlar axı, mənim nəyimə lazım, onları neyləyəcəm?! Mənə, sadəcə, ömrümü başa vurmaq üçün balaca bir kümə, daxma və ya kirayə ev, həmin evin pulunun ödənilməsi lazımdır…Qalan heç nə lazım deyil…Mən övladlarımı zülmlə böyütmüşəm…Yatmağa çarpayımız belə olmayıb, yoxdur, gedib göstərə də bilərəm Bakıda-kirayə yaşadığımız evdəki şəraiti…Balaca, darısqal bir otaq… Oğlumla divanı açıb yatırdıq…Yemək, nahar etməyə belə stolumuz olmayıb (Gözləri dolur)…Mənim balam stol, çarpayı üzünə belə həsrət qaldı…Yenə deyirəm, oğlumdan sonra mənə heç nə lazım deyil, sadəcə, kirayə evə çıxmaq, ömürümü birtəhər başa vurmaq üçün mənə kömək etsinlər…İcra Hakimiyyəti, “YAŞAT” nəhayət, daşı ətəyindən atsın, insafa gəlsin, səsimi eşitsin… Eyni zamanda, Qalib Ali Baş Komandamız, ölkə Prezidenti möhtərəm İlham Əliyev cənablarına, Birinci xanımımız, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bir Şəhid anası kimi səslənir, üz turuam-mənə yiyə dursunlar, mənə sahib çıxsınlar…Ümidim onlaradır! Çox-çox rica və xahiş edirəm!”.

Hər halda artıq şərhə və əlavə söz ehtiyac yoxdur…

Mənzərə, durum ortadadır…

Sadəcə, hərəkətə, işə keçmək və Şəhid anasına kömək etmək lazımdır, vəssalam!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

11.05.2021, Bərdə, Güloğlular

Etikxeber.az

Read Previous

“Qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, Şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcək”-İLHAM ƏLİYEV

Read Next

Daha 514 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir