“Qoy bu proses uzadılsın…” – ELMİRA AXUNDOVA DAHA NƏLƏRDƏN DANIŞDI?

Elmira Axundova: 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin

Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən. Bu mənada mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, DOST kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə DSMF-nin büdcəsinin müzakirələrində millət vəkili Elmira Axundova deyib.

Millət vəkilinin sonra dediyinə görə, yenə də o fikrə qayıdır ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır, çünki hazırda adıçəkilən nazirliyin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır:

“Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin.

Şəhid pullarına da qayıtmaq istəyirəm. Hesab edirəm ki, ədalət prinsipini saxlayaraq, bütün şəhid ailələrinə prezidentin bu yardımı edilməlidir. Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları  aldıqları halda, bu pullar hesablanmalı və inflyasiya nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn: kimsə 10 il qabaq 100 dollar, ya da 50 min manat ( 5 şirvan) pul alıbsa, hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq.

elmira-kitab

Uşağın anadan olmasına görə birdəfəlik müavinət məsələsinə də yenidən qayıtmaq istərdim. Gördüyümüz kimi bu müavinət 2018-ci ilin səviyyəsindədir, bu, bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni, 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun. Çünki statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır.

Son olaraq bir təklif də səsləndirmək istərdim. Söhbət ondan gedir ki, I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə, heç olmasa, yaşayış minimumu həddində məvacib ala bilsinlər. Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Pensiyaçıların 30 faizini əlillər təşkil edəcək – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Read Next

Deputatdan Cahangir Hacıyev, Fazil Məmmədov və Rüfət Aslanlı ilə bağlı ilgiinc – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir