Qubadlının azad olunması və ya Qələyə gedən yolda, müharibənin gedişatında çox önəmli mərhələ-ELDAR İBRAHİMOV YAZDI

Azərbaycanın səfalı, dilbər guşələrindən olan Qubadlı rayonunun erməni işğalından azad olunmasından dörd il ötür.

Düz dörd il öncə-25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Qubadlı rayonunun bir neçə kəndini və Qubadlı şəhərini yağı düşmən tapdağından azad etdi.

1993-cü ilin 31 avqust tarixində düşmən-təzavüzkar Ermənistanın işğalına məruz qalan, 27 il düşmən tapdağı altında inləyən Qubadlı rayonu, Qubadlı şəhəri yenidən özünə qayıtdı, yenidən qubadlıların və Azərbaycanın oldu.

Müjdəli xəbəri, Qubadlı şəhərinin azad olunmasını xəbərini isə Müzəffər Ali Baş Komandan özü Azərbaycan xalqına çatdırdı.

Ölkə Prezidenti 25 oktyabr 2020-ci il tarixində rəsmi Twitter hesabında bunları qeyd etdi:

“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Cəmi bir gün sonra, 26 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Televiziyası Azərbaycan xalqına növbəti müraciətində Ali Baş Komandan bunları bəyan etdi:

“İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam. Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”

Müraciətində Ali Baş Komandan onu da bəyan etdi ki, Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq onun üçün böyük şərəfdir.

“Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”-deyən ölkə Prezidenti vurğuladı ki, heç bir təzyiq bizə təsir edə bilməz.

Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz.

Çünki haqq yolundayıq, yumruq kimi birik.

Bu birlik əbədidir və əbədi olacaq!

Bəli, həqiqətən də birliyimiz əbədi oldu və qısa müddətdə Qubadlı rayonu bütövlüklə işğaldan qurtarıldı.

Bununla yanaşı, Qubadlının azad olunması əməliyyatı müharibənin gedişatında, Qələbə və Zəfərə gedən yolumuzda önəmli mərhələ təşkil etdi.

Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi.

Beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü və artıq müharibənin taleyi həll edildi.

Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz.

Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.

Ölkə Prezidenti, Qalib Sərkərdə cənab İlham Əliyev Qubadlının azad olunmasının birinci ilində, 2021-ci ilin 25 oktyabr tarixində Qubadlıya növbəti səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri görüşündə “Qubadlı əməliyyatı”nın müharibənin gedişatında mühüm rol oynadığını bir daha dilə gətirdi.

Qeyd etdi ki, hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir.

O, “İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki, müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik”-deyərək, bir daha bildirdi ki, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul və etiraf etdi, məğlubiyyətlə barışdı və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.

Bəli, bu gün işğaldan azad olunmuş yurd yerlərimiz də daxil olmaqla, 27 il işğal həyatı yaşayan Qubadlı rayonu azaddır, azad nəfəs alır.

Dörd ildir ki, Qubadlımız da öz azadlığını, sevincini, xoşbəxtliyini, qürurunu yaşayır.

Dörd ildir ki, Qubadlının yenidən ayağa qaldırılması, yenidən dirçəldilməsi, yenidən bərpası dönəmi yaşanır.

Ölkə Prezidentinin Qubadlıya hər səfəri zamanı açlışlar və təməlatma mərasimləri baş tutur.

Bəli, Qubadlı əvəllkindən də gözəl və abad olacaq.

Bəli, Qubadlı bir daha işğal dönəmi, işğal həyatı yaşamayacaq və daha da inkişaf edəcək.

Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, ölkə Prezidenti 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.

Eyni zamanda, ölkə Prezidentinin 2023-cü ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Zəfərin, Qələbən, Günün mübarək, əziz Qubadlı və əziz Qubadlılar!

Eldar İBRAHİMOV,

Mili Məclisin İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Güclü Lider olmadan güclü dövlət də ola bilməz”-BOSNİYA VƏ HERSEQOVİNANIN PREZİDENTİ – FOTO

Read Next

“Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”-AZƏRBAYCAN PREZİDENTİ – ƏLİYEVLƏ PAŞİNYAN BU DƏFƏ KAZANDA BİR ARAYA GƏLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir