“Qürurun, Zəfərin, Zəfər Günün mübarək, Azərbaycanım!”-JALƏ ƏLİYEVA 8 NOYABR-ZƏFƏR GÜNÜNDƏN YAZDI

Düz bir il keçir o tarixi hadisədən, o müqəddəs, möhtəşəm andan…

Düz bir ildir ki, o günün, o anın, o hadisənin möhtəşəmliyini, ehtişamlığını, sevincini, qürurunu doya-doya, içimizə, ruhumuza çəkə-çəkə yaşayırıq…

Düz bir ildir ki, 28 il 6 aylıq Şuşasızlıq həsrətimizə son qoyuldu, yanan, alovlanan, cadar-cadar, kösöv olan qəlblərimizə, ürəklərimizə su səpildi…

Həsrətimizə, Şuşasızlığımıza, nisgilimizə son qoydu, odlanan qəlblərimizə su səpdi öz qanları, öz canları ilə İgid, Qəhrəman, ürəkləri Vətən, Qarabağ, Şuşa eşqilə döyünən Oğullarımız, Vətən sevdalılarımız… 1992-ci ilin qara 8 may tarixində işğal edilən Şuşamız düz 28 il 6 ay sonra-8 noyab tarixində azad olundu.

Vətən sevdalısı Oğullarımızın – minlərlə Şəhidimizin, minlərlə qəhrəman Qazimizin, minlərlə İgid Əsgərimizin sayəsində azad oldu Ana Vətən! Dişləri, dırnaqları ilə torpaqlarımızı murdar erməni caynağından qoparan, azad edən Oğullarımız bununla həm də dünya hərb tarixində yeniliyə imza atdılar… Elə bir imza atdılar ki, bundan hələ çox öyrəniləcək, hələ çox danışılacaq…

Bəli, düz bir il öncə, 8 noyabr tarixində nəinki Şuşalı, bütövlükdə dağlı-aranlı Qarabağlı, Vahid Azərbaycanlı olduq! Həmin gün artıq düşmənin beli tam qırıldı, qarşımızda diz çökdürüldü. 44 günlük tarixi İkinci Vətən Müharibəsi iki gün sonra, 10 noyabr tarixində Qələbə və Zəfərimizlə basa çatsa da, Şuşa Qələbəsi, Şuşa Zəfəri müharibənin, 32 illik qanlı münaqişənin taleyini həll etdi.

Və heç də təsadüfi deyil ki, Qələbə, Zəfər Günümüz 10 noyabr tarixi ilə deyil, 8 noyabr tarixi ilə təqvimdə öz yerini tapdı, Müzəffər Ali Baş Komandanımızın mübarək imzası ilə rəsmiləşdirildi.

Qələbə və Zəfərimizin baş memarı, əsas müəllifi olan Qalib Sərkərdəmiz, ölkə Prezidenti cənab İlham Əliyev məhz həmin günü, 8 noyabrı Azərbaycanın “Zəfər Günü” elan etdi. Bəli, bir ildir ki, dilbər guşəmiz-Şuşamız, digər işğal altındakı torpaqlarımız bizdədir, öz yiyəsində, öz əzəli, qanuni, hüquqi sahibindədir.

Bizik Şuşalı, dağlı-aranlı Qarabağlı, Vahid Azərbaycanlı. Biz idik, biz olmuşuq, bizik Şuşanın, Qarabağın, 86, 6 kvadrat kilometrlik Azərbaycanın sahibi, yiyəsi! Bizimdir Şuşa, bizimdir Qarabağ, bizimdir gözəlim Azərbaycan!

Bir daha kimsəyə v imkan vermərik və verməyəcəyik bu torpaqlara murdar ayaqlarını bassın, bu torpaqlara yiyələnməyə, sahiblənməyə cəhd etsin. Bizim olan bizimdir və bizim də olacaq! Bəli, bu gün Azərbaycanımızın hər bir guşəsində, “A”-sından “Z”-sinə qədər hər bir kəs “Zəfər Günü” ilə yaşayır, bu günlə nəfəs alır, ürəyi bu möhtəşəm anla döyünür.

İllər, əsrlər, qərinələr keçəcək, ancaq 8 noyabr daim Tarixdə qızıl hərflərlə və əbədiyyən qalacaq. Hər kəs onunla yaşayacaq, hər kəs onunla Qürurlanacaq!

Qürurun, Zəfərin, Zəfər Günün mübarək, Azərbaycanım!

Bir il öncə, 8 noyabr tarixində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi ilə bağlı Şəhidlər Xiyabanından Azərbaycan xalqına etdiyi tarixi müraciətində də deyildiyi kimi:

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

25 yaşında Şəhidlik zirvəsinə yüksələn, bir övladı Vətənə əmanət qalan-XALİD HASSANIN BU GÜN ANIM GÜNÜDÜR – MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 2631 yeni yoluxma-DAHA 28 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir