“Rəşadət” ordenli, ali təhsilli, peşəkar hərbçi, Mayor, həm Bakılı, həm də Qubalı İkinci Vətən Müharibəsi Şəhidi İlkin Əhədzadənin-BU GÜN 39 YAŞI TAMAM OLUR…

Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin (həm də Qubanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Qələmşah oğlu Əhədzadənin doğum günüdür.

İlkin Əhədzadənin bu gün 39 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az verir xəbər ki, əslən Qubalı, Buduqlu olan İlkin Əhədzadə 1985-ci ilin 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 övlad, 3 qardaş olublar.

Hər iki qardaşı hazırda ailəlidir.

1992-ci ildə Bakının Səbail rayonunda (“20-ci sahə”də) yerləşən 51 saylı tam orta məktəbə gedib, 2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub.

Ali Hərbi Məktəbi bitirdikdən sonra Gəncədə “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb, Leytenant kimi fəaliyyət göstərib, Ağdam,Naftalan, Goranboy, Qazax, Şəmkir və Daşkəsəndə yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb.

Həmçinin, Qazax və Şəmkirdə bölük komandiri vəzifəsində işləyib.

Daşkəsəndə yerləşən hərbi hissələrdən birində işləyərkən Mayor rütbəsini alaraq, MTO vəzifəsində çalışıb.

2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə atılıb və müharibənin 5-ci günü, oktyabrın 1-də Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi iki gün sonra, oktyabrın 3-də İkinci Şəhidlər Xiyabanında Şəhadətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

İlkin Əhəzadə həm də ailəli, üç övlad atası olub.

Üç övladı ailəsinə, Vətəninə əmanət qalıb.

Badamdar qəsəbəsində, ailəsinin yaşadığı küçəyə Onun adı verilib.

Eyni zamanda, 51 saylı orta məktəbdə büstü qoyulub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü-QEYD OLUNUR

Read Next

Qızılhacılılı, Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, yeddi bacının tək və subay qardaşı-ELŞƏN KƏRİMOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir