Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Şamaxının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ali təhsilli peşəkar hərbçi, kapitan Niyət İmran oğlu Şirəliyevin Anım Günüdür.
Niyət Şirəliyevin nəşinin torpağa tapşırılmasından bir il keçir.
Bir il öncə-bu gün, 21 dekabr tarixində nəşi Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Etikxeber.az xəbər verir ki, Niyət Şirəliyev 1990-cı ilin 9 fevral tarixində Şamaxının Ovçulu kəndində anadan olub.
O, 1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
Ali təhsilini bitirdikdən sonra, 2011-2012-ci illərdə Silahlı Qüvvəllərin Təlim vəTədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb.
2012-ci ildə “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
2014-cü ildə ona Baş leytenant hərbi rütbəsi verilib.
2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
2018-ci ildən Kapitan hərbi rütbəsi altında xidmətini davam etdirib.
2019-cu ildə Daşkəsəndə yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunub.
2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib.
İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də Kəlbəcər və Murov istiqamətində döyüşlərdə iştirak edib və elə döyüşlərin ilk günündə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb.
Nəşi yalnız 86 gündən sonra əldə edilib və 2020-ci ilin dekabrın 21-də Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra medallarla və bir ordenlə təltif olunub.
Niyət Şirəliyevin iki övladı Vətənə əmanət qalıb.
Hazırda oğlunun 5 yaşı, qızının 3 yaşı var.
Qeyd edək ki, bu gün Şəhidin anım mərasimi keçiriləcək, məzarı ziyarət olunacaq, adına ehsan süfrəsi açılacaq.
Ruhu şad, məqamı Uca, məkanı cənnətlik olsun!
Allah ailəsinə, əzizlərinə səbr versin!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





