Rafael Hüseynov AŞPA-dakı bəzi həmkarlarını “topa” tutdu…

Prinsipiallıq və qətiyyət istənilən beynəlxalq təşkilata əlavə güc verən başlıca keyfiyyətlərdir. Son dövrlərdə Avropa Şurası Parlament Assambleyasında aparılan bir sıra açıq müzakirələr, hazırlanan məruzələr belə prinsipiallığın, nöqsanlara qarşı barışmazlığın, qətiyyətin nəticəsidir. Bəzən təşkilatın nüfuzuna zərər toxunar deyə bəzi neqativ hadisələri ictimailəşdirməkdən çəkinilir. Lakin bu, çox təqdirəlayiq göstəricidir ki, Parlament Assambleyası özündə qətiyyət taparaq təşkilatın daxilindəki korrupsiya hallarını bağlı qapılar arxasında deyil, açıq müzakirələrə çıxarır.

Etikxeber.az xəvər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyası çərçivəsində qurumun səlahiyyətlər və səsverməyə dair qərarqəbuletmə prosesinin möhkəmləndirilməsi ilə bağlı aparılan müzakirələrdə çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.

Deputat qeyd edib ki, Assambleyanın ayrı-ayrı qərarların qəbul edilməsi və səsvermələrin keçirilməsində obyektivlikdən yayınma hallarını problem olaraq qaldırması və diskussiyaların gedişində səslənə biləcək sərt ittihamlardan qorxmaması alqışa layiqdir:

“Əlbəttə, xəstəliklər varsa, onları sağaltmaq üçün ağrılara da dözməyi bacarmalısan. Lazım gələndə acı dərman da içməlisən, ehtiyac hiss edilsə bütöv orqanizmə ziyan vuracaq hissəni bədəndən kəsib atan cərrah bıçağından da çəkinməməlisən. Belə etiraf cəsarəti təşkilatla münasibətdə hörmət oyadır, eyni zamanda, nigaran düşüncələr yaradır. Axı əslində burada belə müzakirələrə yer olmamalıdır. Avropa Şurası Parlament Assambleyası elə məkandır ki, belə fəsadlar buralara əslində yol tapmamalıdır. Axı buraya 47 ölkənin parlamentlərindən ən seçmə insanlar toplanıb. Parlamentlər belə acınacaqlı vəziyyətlə üzləşirsə, belə nəticəyə qarşı mübarizə aparmaqdansa, əsl səbəblər tapılmalı və onların kökü kəsilməlidir. Əks təqdirdə, burada yenə qruplaşmalar əmələ gələcək, sifariş yerinə yetirmələr olacaq, bunların tərkib hissəsi kimi səsvermələrdə də əyintilər davam edəcək, ədalətsiz qərarların qəbulu tükənməyəcək”.

aspa-rafa

R.Hüseynov diqqətə çatdırıb ki, Parlament Assambleyasında bütün digər xəstəliklərə rəvac verən əsas virus ayrı-seçkilik, oxşar hadisələrə müxtəlif ölkələrə müvafiq olaraq fərqli yanaşmadır:

“Belə münasibət qanunları pozan, təşkilatın Nizamnamə tələblərinə zidd gedəndir. İşğalda günahkar bilinən üzv dövlətdən birinə ağır cəza verilir, digəri isə heç nə olmamış kimi kənarda qalırsa, artıq məğlub vəziyyətdəyik. Çünki belə yanaşma ilə hansısa başqa qüsurları aradan qaldırmağa çalışmağımız heç vaxt səmimi təsir bağışlamayacaq. Nə qədər məruzə hazırlansa da, nə qədər sərt tələblər qoyulsa da, istədiyimiz yüksək nəticə əldə edilməyəcək.

Adlar çəkib pərtlik yaratmaq istəmirəm, amma konkret adlar çəkmək mümkündür. Stenoqramları qaldırın baxın və görəcəksiniz ki, bir dəstə deputat var ki, hər sessiyada mütləq Azərbaycan əleyhinə nəsə deyir, hansısa ittiham irəli sürür. Əgər onlarda ədalət varsa, əvvəla, düz danışsınlar, ikincisi də həqiqətən göstərmək istədikləri kimi guya demokratdırlarsa, bir dəfə də Azərbaycanın digər üzv ölkə tərəfindən məruz qaldığı işğaldan, terrordan bəhs etsinlər, 1 milyon qaçqın və köçkünə necə kömək etmək barədə bircə cümlə səsləndirsinlər. Həmin məlum şəxslərin müxtəlif vaxtlardakı çıxışlarını toplayıb sistemləşdirəndə hiss edirsən ki, bunun ardında qara əllər, konkret sifariş dayanır, pərdə dalında fitnəkarlıq, hansısa siyasi, ya digər çirkin maraqlar var. Bu sözlərimə illüstrasiya istəyirsinizsə qaldırın baxın Maykl Astrup Yensen (Danimarka), Rene Ruke (Fransa), Fransua Roşeblan (Fransa), Frank Şvabe (Almaniya), Ənn Brasör (Lüksemburq), Tini Koks (Hollandiya), Piter Omziq (Hollandiya) və digərlərinin Azərbaycan əleyhinə sıra-sıra qərəzkar, qeyri-obyektiv çıxışlarına.

Onların bəziləri Assambleyadan gedib, bəziləri hələ buradadır. Kimin gedib, kimin qalması əsas deyil. Əsas odur ki, bu cür münasibət, bu cür yanaşma, bu düşüncə tərzi, bu kənardan idarəedilmə üslubu Assambleydan getsin. Yalnız o vaxt Avropa Şurası Parlament Assambleyası həqiqi ailəyə çevrilə bilər. Ögeylərə və doğmalara bölünən deyil, hamıya eyni gözlə baxılan sağlam ailəyə! Buna nail ola bilsək, nə ədalətsiz qərarlar qəbul edilər, nə səsvermələrdə saxtakarlıqlar baş verər, nə korrupsiya söhbətləri araya gələr, nə də bizi Assambleyada narahat edən çox problemlərdən əsər-əlamət qalar”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hansı sülh məramlılıqdan danışmaq olar?” – BAHAR MURADOVA

Read Next

“Assambleyada böhran yaşamağımız təəccüblü deyil, çünki…” – SEVİNC FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir