Rafael Hüseynov Avropa Xalqları Muzeyinin yaradılmasını təklif etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Avropa Şurası Nazirlər Komitəsi sədrinin ötən dövr ərzindəki fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.

Assambleyada təmsil olunan siyasi qruplar və ayrı-ayrı deputatlar Çexiyanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bu ölkənin xarici işlər naziri Lubomir Zaoralekə suallar ünvanlayıblar.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasının, Strasburq şəhərinin, ümumiyyətlə bütün Avropanın həyatında mühüm rol oynaya biləcək yeni mədəniyyət mərkəzinin yaradılması ilə əlaqədar təklif səsləndirib. Azərbaycanlı deputatın təklifi Strasburqda Avropa Şurasının rəhbərliyi və üzv dövlətlərin birgə səyi ilə “Avropa Xalqları Muzeyi”nin yaradılması ilə bağlı olub.

R. Hüseynov Avropanın rəmzi paytaxtlarından olan Strasburqda daimi fəaliyyət göstərən unikal Avropa Şurasının belə bir muzeyinin yaradılmasının dünya mədəniyyətinə və təşkilatın ali məqsədlərinə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib. Avropa Şurasının gələcəkdə daha da genişlənəcəyini nəzərə alaraq 50-60 eyniölçülü ekspozisiya zalı şəklində təsəvvür etdiyini diqqətə çatdırıb.

Bildirib ki, muzey ziyarətçilərə qısa zaman ərzində hər bir üzv ölkənin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verər:

“Üzv ölkələr isə Avropanın mərkəzində özünü təqdim edə bilmək üçün münasib imkan qazanar. Beləliklə, muzey ölkələrimizin və xalqlarımızın yaxınlaşması, anlaşması, bir-birini daha yaxından tanımasını təmin edər. Layihələndirmə işlərindən başlamış binanın tikilməsi, ekspozisiyaların qurulmasınadək hər ölkə yalnız özünə aid hissəyə cavabdehlik daşıyır.

Bütün üzv ölkələrin bərabər şəkildə iştirakı isə heç kimə ağır yük düşmədən ideyanın reallaşmasını asanlaşdırar. Üzv dövlətlərin Strasburqda, Avropa Şurası yanında təmsil olunan daimi nümayəndəliklərinin hər biri öz ölkəsinə aid ekspozisiyanın təqdimini, nəzarətdə saxlanılmasını və mütəmadi olaraq yeniləndirilməsini həyata keçirə bilər”.

R. Hüseynovun “Nazirlər Komitəsi belə bir müştərək muzeyin yaradılması ideyasının həyata keçirilməsi üçün öz səlahiyyətləri çərçivəsində hansı addımlar ata bilər?” sualına cavab verən Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek bu ideyanı çox bəyəndiyini, təklifin Avropa xalqlarının və ölkələrinin mənəvi yaxınlaşması, qarşılıqlı anlaşmasının artması baxımından çox faydalı olacağını vurğulayıb.

O, əlavə edib ki, muzeylər problemi Avropa Şurası Nazirlər Komitəsinin diqqətindədir. Lakin ilk dəfədir ki, belə miqyaslı bir ideya ortaya qoyulur. Bütün Avropanı qovuşduran bir muzeyin Strasburqda təsis edilməsi həqiqətən tarixi hadisə olar. Ancaq bu dəyərli ideya ətraflı müzakirələr tələb edir. Çünki əhatəsinin genişliyi ilə bu təklif, ilk növbədə, büdcə problemlərini diqqətlə nəzərdən keçirməyi zəruri edir. Hələ belə bir məsələ Nazirlər Komitəsinin müzakirə hədəfində olmayıb. Güman edirəm ki, bütün aspektləri diqqətlə araşdırıldıqdan sonra bu önəmli ideyanın gerçəkləşməsi istiqamətində addımlar atmaq mümkün olacaq.

Etikxeber.az

Read Previous

Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır – PREZİDENT – FOTO

Read Next

“Hamımızın arzusu budur ki…” – MEHRİBAN ƏLİYEVA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir