Rafael Hüseynov yazdı: ÇƏTİN SUAL

Bu görüş ötən əsrdə baş verib.

Bu məclis keçən minillikdə qurulubmuş.

“Ötən əsr”, “keçən minillik” deyimləri istər-istəməz bütün bunların lap çoxdan olub-bitdiyi təəssüratını yaradır.

Həm elədir, həm də yox. Elə deyil ona görə ki, elə bil həmin vaxt əl çatacaq qədər yaxındadır. 1997-ci ildən nə keçib ki?!

Əksərimiz həmin ilin çox ayları və günlərini bütün ayrıntıları ilə xatlrlayırıq. Yaddaş hələ təzədir. Tarix üçün 20-25 il bir nəfəs dərimindən də qısa vaxt kəsiyidir. Amma o il, o ilin içərisindəki həmin məclis, həmin görüş sanki çoxdan, lap çoxdan olub.

Bina həmin binadır, binanın qarşısındakı heykəl də həminkidir. Bi zamanlar o heykələ dönmüş insan hər gün bu binaya yaxınlaşar, bu pillələrlə qalxaraq həmin binaya daxil olarmış – dahi Üzeyir bəy!

1997-ci ildə ora bu böyük kişinin adını daşıyan konservatoriya idi, indi Musiqi Akademiyası adlanır. Dahi Üzeyir bəyin və onun işıqlı, istedadla çağlayan məsləkdaşlarının, parlaq yetirmələrinin adı ilə bağlı bu ocaq, əlbəttə ki, müqəddəsdir.

Və 1997-ci ildə növbəti dəfə bu sənət məbədi insanları xatirə işığına toplamışdı. Ömrünün çox illərini konservatoriyaya, musiqi elmimizə və sənətə həsr etmiş unudulmaz professor Arif Məmmədov anılırdı.

Arif müəllimlə əbədi ayrılıqdan 12 il ötürdü və onun 70 yaşı qeyd edilirdi. İndi mənə həmin əziz gün ona görə bu qədər uzaq, əlçatmaz, qədim kimi gəlir ki, həmin gün o məkanı nuru ilə dolduranların əksəri artıq həyatda yoxdur.

Görkəmli bəstəkarımız Süleyman Ələsgərov, mütəfəkkir şairimiz Bəxtiyar Vahabzadə, böyük alimlərimiz Bəkir Nəbiyev və Vasim Məmmədəliyev, üstün musiqişünasımız Elxan Babayev, əvəzsiz xanəndələrimiz Yaqub Məmmədov, İslam Rzayev…

Sadalamanı uzadaraq bu sətirlərin kədər yükünü bir qədər də ağırlaşdırmaq istəmirəm. Lakin istədin-istəmədin, bu acı, insafsız gerçəklikdir.
Amansızca sürətlə sovuşan illər neçə dəyərlimizi alıb bizdən. Amma həmin axşamın içində Arif müəllim sanki həyatdan getməyib, diridir, onun haqqında danışan dostları ilə birgədir.

Bunu o axşam əyani olaraq “göstərir” də! Çalır, oxuyur – yadigar lentləri səslənir. Musiqi Akademityasının böyük zalı ağzınacan doludur.
Akademik Bəkir Nəbiyev Arif müəllimin doktorluq dissertasiyasını müdafiə etdyi günü yada salır.

Deyir ki, o zaman indiki İstiqlaliyyər küçəsi hələ Kommunist adlanırdı və Bakı Dövlət Universiteti də burda yerləşirdi. Arif müəllimin 3 opponentindən biri mən, digər ikisi isə Cəfər Cəfərovla Mir Cəlal idi. Adətən dissertasiya müdafiələri 100-dən artıq adam tutan 107-ci auditotriyada keçirilərdi.

Ancaq baxdılar ki, Arifin müdafiəsini izləməyə o qədər adam yığılışıb ki, cərgələrin arasında ayaq üstdə dayananlar bir tərəfə qalsın, bütün dəhliz doludur, hələ aşağı mərtəbədə, küçədə nə qədər hörmətli alim və sənətkarlar yer tapa bilməyərək narahat dayanıb.

Qərara alınır ki, məkanı dəyişsinlər, hamıdan rica edirlər ki, durub keçsinlər adətən Universitetdə ən təntənəli tədbirlərin cərəyan etdityi akt zalına.

Arif Məmmədovun poeziya ilə musiqinin qarşılıqlı əlaqələrinə həsr edilmiş doktorluq dissertasiyasının müdafiəsi yalnız qeyri-adi izdihamlılığına görə yadda qalmır.

raf-rafa

İlk dəfə Universitetdə müdafiə gedişində musiqi səslənməyə başlayır. Arif Məmmədov danışdıqca, suallara cavab verdikcə ara-sıra masa üzərinə düzdüyü musiqi alətlərini götürərək çalmağa, izah etməyə çalayır.

Arada muğam şöbələrinin özəlliklərindən, əruz təfiələlərinin musiqi qəliblərini ilə bağlantısından bəhs edərkən keçir oxumağa, ayrı-ayrı parçaları elə məlahətlə, elə şirin avazla çatdırır ki, guya bura heç gərgin elmi diskussiyanın getdiyi yer deyil, əsl konsert salonu imiş

İndi bu anlarda həmin səhnəni göz önündə canlandırmağa çalışıram. Səhnədə Arif, insanla ləbələb salondakıların da hamısı arif – anlayan, bilən, incəliklə duyan hal-əhlləri.

Ürəyi xiffətə, nisgilə bürüyüən yalnız qiymətli alim və sənətkar Arif Məmmədovun itkisi, yeridoldurulmaz əbədi gedişi deyil ki!

Ömür müvəqqətidir, hər gələn gec-tez bir gün gedir. Dəyərlərin itməsi, solması, keçmişə çökməsi ayrı-ayrı seçkinlərimizi itirməkdən də ağırdır.

Biz yalnız Arifi deyil, o cür arifanəliyi, arifcə dinləyib qiymətləndirməyə qadir auditoriyaları da qeyb edə-edə gedirik.

Səbəb vaxtın yeyin gedişidirmi, günah zəmanədə, ya özümüzdədir, ya bəlkə köklər daha dərindədir?

Rafael HÜSEYNOV,

Akademik, Millət vəkili

Etikxeber.az

Read Previous

Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə – ÇATACAQ

Read Next

Azərbaycandan – ABŞ-A ETİRAZ NOTASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir