“Ramin anasının doğum günündə, 2008-ci ilin mart ayının 9-da, cəmi 19 yaşında Vətən yolunda Şəhid oldu…Anası da bu dərdə dözə bilmədi, bir neçə il öncə dünyasını dəyişdi…”-AİLƏNİN DÖRD ÖVLADINDAN, DÖRD QARDAŞDAN BİRİ, SUBAY-ŞƏHİD RAMİN İSMAYILOVUN ATASI İSMAYIL İSMAYILOV – FOTOLAR

“Ramin mənim dörd övladımdan, dörd oğlumdan biri idi…Yoldaşımın-anasının doğum günündə, cəmi 19 yaşında Vətən yolunda Şəhid oldu…Anası da bu dərdə dözə bilmədi, bir neçə il öncə dünyasını dəyişdi…”

Bu sözlər Gəncə şəhərinin Səbiskar qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanan Şəhid Ramin İsmayılovun atası İsmayıl İsmayılova məxsusdur.

Bu fikirləri Şəhidimizin atası onunla tanışlığımız-söhbətimiz zamanı dilə gətirdi.

Bu yerdə eyd edim ki, bu gün-27 iyul 2025-ci il tarixində Şəhidimizin atası İsmayıl kişi və doğmaları ilə sırf təsadüf nəticəsində-Goranboy rayounun Yuxarı Ağcakənd qəsəbəsində tanış oldum.

Tanışlıq zamanı Şəhidimizin atası və qardaşı Pərvin İsmayılovla söhbətləşdim, dərdləşdim.

Öncə onlara-Şəhidimizin ailəsinə, doğmalarına Allahdan dözüm arzuladım.

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim.

Onu da qeyd edim ki, 10 fevral 1989-cu il təvəllüdlü Ramin İsmayılov əslən Qərbi Azərbaycanlı və Ağstafa rayonunun Zəlimxan kəndindəndir.

Ancaq bir müddət Rusiyada, sonra isə Gəncə şəhərində yaşayıblar.

Hazırda ailə üzvləri, doğmaları Gəncə şəhərində yaşayır.

Ailədə dörd övlad, dörd qardaş olublar.

Qardaşları hazırda ailəlidirlər.

Ramin əvvəlcə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən 157 saylı orta məktəbdə oxuyub, sonra təhsilini Gəncə şəhərindəki 18 saylı orta məktəbdə davam etdirib.

Orta məktəbdə oxuyarkən həm rəssamlıqla, həm də idmanla-boksla məşğul olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Əsgərliyinin başa çatmasına 7 ay qalmış, 2008-ci ilin mart ayının 9-da isə növbəti erməni təxribatı nəticəsində Füzuli istiqamətində qərəmancasına Şəhid olub.

Şəhid olduğu gün həm də anasının doğum günü olub.

Nəşi iki gün sonra-11 mart 2008-ci il tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

19 yaşlı Ramin həm də subay olub.

Şəhidin atasının dediklərindən:

“Ramin Şəhid olanda cəmi 19 yaşı varıydı…Cəmi 19 yaşında bizləri tərk etdi…Qeyd etdiyim kimi, Şəhid olduğu gün anasının doğum günü idi…Hər dəfə 9 mart gələndə yoldaşımın dünyası tarmar olurdu…Heç cür dözə bilmirdi və dözmədi də…Bir neçə il dünyasını dəyişdi, övladına, balamıza qovuşdu…”

Şəhidimizin atası və qardaşı ilə söhbətimiz təxminən yarım saat çəkdi.

Söhbətimizin sonunda bir daha onlara Böyük Yaradandan səbr dilədim!

19 yaşlı Şəhidimizin-Ramin İsmayılovun məqamı Uca və Ali olsun!

Ruhu qarşısında ehtiramla baş əyirəm, baş əyirik!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mixaylo” ləqəbli İkinci Vətən Müharibəsi Şəhidi Mehdi Fərzullazadə-BU GÜN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR…

Read Next

“Həm Şəhid anasıyam, həm də Şəhid nənəsiyəm…Hərdən deyirəm ki, oğlum Şəhid oldu, balamın balası niyə Şəhid oldu bəs?… Görünür ki, Allahın yazısı, qisməti belə imiş…”-28 İYUL 2025-Cİ İL TARİXİNDƏ 29 YAŞI TAMAM, CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ OLAN BEYLƏQANLI ANTİTERROR ŞƏHİDİ HƏMİD HƏMİDLİNİN NƏNƏSİ, ŞƏHİD ANASI HƏQİQƏT İSGƏNDƏROVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir